Gündəm 

Molla rejiminin anti-Azərbaycan siyasəti iflasa uğrayacaq

İranda Azərbaycan vətəndaşı Fərid Səfərlinin yoxa çıxması ilə bağlı xəbərlər cəmiyyətimizi ciddi narahat edir

Uzun illərdir fars-molla rejimi tərəfindən İrandakı azərbaycanlıların hüquqları kobudcasına tapdalanır. Tehran hökuməti bu məsələlərlə bağlı nə qədər çalışsa da cidanı çuvalda gizlədə bilmir. Ancaq fars-molla rejimi unudur ki, dövlətimizin başçısının 2022-ci il noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının Zivə Görüşündə vurğuladığı kimi Azərbaycan hər zaman öz soydaşlarının yanında yer alacaq.

Danılmaz faktdır ki, məscidləri donuz damına çevirən, əliqanlı, təcavüzkar bir ölkəni bağrına basan İran son aylar davamlı şəkildə Azərbaycanı təhdid edir, Ermənistanın sərhədlərini özünün “qırmızı xətt” hesab edir. Həmçinin İran mediası uzun illərdir Azərbaycan dövlətinə, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı əxlaqsızcasına həqarətlərə, təhqirlərə yol verir. Azərbaycanın qırx dörd günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra sərhədlərimizdə hərbi təlimlər keçirərək güc nümayiş etdirən İran bu gün onlara qarşı təbliğat apardığımızı həyasızcasına bəyan edir.Əslində Azərbaycanda İran əleyhinə heç zaman təbliğat aparılmayıb. Molla rejimi riyakarcasına davranaraq ölkəmizə qarşı hər cür təxribatlara əl atdığından bizim mediamız İrandakı rejimin əsl mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoymaq üçün həqiqətləri söyləyib və söyləyəcək də.

Tehran hökumuəti bu gün Azərbaycana, azərbaycanlılara qarşı təxribat törətmək üçün ən çirkin vasitələrə əl atır. Artıq bir neçə gündür ki, İranda Azərbaycan vətəndaşı Fərid Səfərlinin yoxa çıxması ilə bağlı xəbərlər cəmiyyətimizi ciddi narahat edir. Belə ki, Almaniyanın Yena Universitetinin tələbəsi olan 1997-ci il təvəllüdlü gəncin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan bir xəbər çıxmadığı bildirilir. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota da verib. Belə ki, XİN sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hazırda qarşı tərəfdən cavab gözləyir. Hazırda Azərbaycan vətəndaşı Fərid Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir. İranda Fərid Səfərlinin itkin düşməsi ilə bağlı ölkəmizin Təbrizdəki Baş Konsulluğuna da məlumat verilib. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib ki, məsələ ilə bağlı araşdırma davam edir: “Həm Xarici İşlər Nazirliyi, həm də konsulluq bu işlə məşğuldur. Hələ ki bir yenilik yoxdur”.

Məsələ burasındadır ki,Tehran rejimi öz riyakarlığını davam etdirərək məsələ ilə bağlı hələ  səsini çıxarmır və qarşı tərəfə hər hansı bir məlumat vermir.  Əslində fars-molla rejimi bundan əvvəl də Azərbaycan Respublikasının vətəndaşlarına qarşı belə təxribatçı əməllər törədib. Hamımız yaxşı xatırlayırıq ki, 2012-ci il aprelin sonunda ədəbiyyat festivalına qatılmaq məqsədilə İrana gedən Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də Təbriz şəhərində həbs olunmuşdular. Azərbaycanda gənc şairlərin həbsi geniş ictimai rezonansa səbəb olmuşdu. Azərbaycanın o zamankı xarici işlər naziri İranın ölkəmizdəki diplomatik missiyasının başçısı ilə görüşündə beynəlxalq qanunlara uyğun olaraq həbsdə olanların konsulla görüşünün təşkil olunmasına çağırmışdı. Həmçinin Azərbaycanın PEN-klubu ilə Yazıçılar Birliyi gənc şairlərin azadlığa buraxılmasına tələb etmişdilər. Yeri gəlmişkən, o zaman mollakratiya rejimi şairlərin bu ölkənin qanunlarının pozduğunu iddia etsə də bunun nədən ibarət olduğunu sonadək acıqlamadı.

İran daim Azərbaycanın adından xoflanıb.  Farsist rejim bu ölkədəki 40 milyon Cənubi Azərbaycan türkünün varlığından dəhşətli şəkildə qorxur. Ötən il İranda azərbaycanlı komediya ustası Mazyar Şəkurinin sosial mediada paylaşdığı videoada “Azərbaycan” şeirini səsləndirdiyinə görə İranın hökumət qüvvələri tərəfindən həbs edilməsi bunun bariz nümunəsidir.

Sözdə “islam respublikası” olan, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaqla ölkəmizə qarşı riyakar davranan, Azərbaycanın sərhədlərinə qoşun yığmaqla, hərbi təlim keçmək adı ilə hədə-qorxu gələn, açıq təxribatlar və güc tətbiqinə təhrik edən, məscidlərdə donuz saxlayan erməniləri silahlandıran, təcavüzkar Ermənistanı  gücləndirmək üçün dəridən-qabıqdan çıxan, vətəndaşlarımıza qarşı açıq təxribatlar törədən terrorçu zehinli molla rejiminin məkrli siyasəti iflasa uğrayacaq.

Daha çox xəbərlər