Gündəm 

Azərbaycan ermənilərdən fərqli hərbi cinayət, soyqırım törətməyib, yalnız döyüş meydanında qisas alıb

2023-cü il mart ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM)  təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlamışdır. Cənab Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış etmişdir.

Ölkə başçısı Bakı Qlobal Forumunda aralarında 50-dən artıq hazırkı və sabiq prezidentin, baş nazirin olduğu 60-dan çox ölkədən 350-dən artıq şəxsin iştirak etdiyini diqqətə çatdırdı. Yaxın Şərqi, Afrikanı və Qərbi Balkan ölkələrini əhatə edən Forumun proqramı müzakirələrin yüksək səviyyədə keçəcəyinə zəmanət verdiyini bildirdi.

Cənab Prezident İlham Əliyev çıxışında Şərq-Qərb qarşıdurmasının sonlandırılmasında, münaqişələrin həllində Qoşulmama Hərəkatının rolundan və sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığı prinsiplərindən söz açdı.

Ölkə başçısı Azərbaycanın Ermənistanla münaqişəsi məsələsinə toxunaraq, uzun illər bu məsələnin dinc yolla həllinə çalışıldığını bildirdi. Ermənistan etnik təmizləmə siyasəti güdərək işğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdi. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrində erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb olunurdu. Cənab Prezident İlham Əliyev bildirdi ki, Ermənistan “BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqla beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi”.

Ölkə başçısı çıxışında keçmiş Minsk qrupunun fəalyyətinə də toxundu. 1992-ci ildə təsis edilən ATƏT Minsk qrupu 28 il heç bir nəticəyə nail olmayaraq vəziyyəti, münaqişəni daimi dondurmaq istədiyini qeyd etdi. Azərbaycan tərəfi münaqişənin həllində BMT-nin Xartiyasının 51-ci maddəsini əsas tutaraq özünümüdafiə hüququndan istifadə etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ermənilərin vaxtilə işğal altında qalmış ərazilərdə dəhşətli dağıntılar və vandallıqlar törətdiklərini, buna Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrinin Füzulidə və Şuşada şahid olduqarını  diqqətə çatdırdı. Bütün bunları “barbarlıq, urbisid, kultursid, ekosid əlaməti” kimi qiymətləndirən ölkə başçısı bildirdi ki, “Azərbaycan xalqının qisas almaq üçün mənəvi hüququ var və mən bunu anlayıram. Lakin mənim mesajım döyüş meydanında qisası almaqla həyata keçdi”. Azərbaycanın ermənilərdən fərqli hərbi cinayət, soyqırım törətmədiyini, yalnız döyüş meydanında qisas aldığını vurğuladı.

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Daha çox xəbərlər