Cəmiyyət 

Mahsun onun mahnısını oxuyan şəhid Anarın övladlarının xərclərini boynuna götürdü – VİDEO

Dünən məşhur türk müğənni Mahsun Kırmızıgül 17 il sonra ilk dəfə Azərbaycanda, Bakı Konqres Mərkəzində konsert verib.

ARANTV.AZ  xəbər verir ki, tədbirdən əldə edilən bütün gəliri Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlərə bağışlayacağını öncədən bildirən
sənətçi konsertdə təqdirəlayiq jesti ilə hər kəsi kövrəldib.

Belə ki, o, Vətən müharibəsi şəhidi Anar İsrafilovun vaxtilə Mahsun Kırmızıgülün repertuarından oxuduğu “Annem-annem” mahnısı böyük ekranda nümayiş etdirilib. Şəhidin ifasından sonra tamaşaçılar ayağa qalxaraq gur alqışlar yağdırıblar.

Daha sonra Mahsun Kırmızıgül səhnəyə şəhidin atası və övladlarını dəvət edib. Şəhidin atasının əlindən və övladlarının alnından öpərək çıxışa başlayan ifaçı “Kaş Anar da burada olsaydı, Həmişə arzusu olub konsertimdə iştirak etmək” sözlərini deyərək yoxluğundan təəssüfləndiyini bildirib.

Şəhid atasına “Çox gözəl övlad böyütmüsünüz. Bütün Azərbaycan xalqının adından sizə minnətdarlığımı bildirirəm. Məni də bundan sonra öz övladınız olaraq görün” deyən türkiyəli ifaçı, Anarın uşaqlarının təhsil aldıqları müddətdə bütün xərclərini öz üzərinə götürdüyünü elə səhnədən elan edib. O, uşaqlara onları İstanbula da aparacağına dair söz verib.

Həmin duyğulu anların videosunu təqdim edirik:

 

Bundan başqa, konsert zamanı tez-tez zəlzələ ilə bağlı mövzulara toxunan ifaçı bildirib ki, fəlakət bölgəsində olduğu müddət ərzində azərbaycanlı xilasediciləri də görüb. O, edilən yardımlara görə bütün Azərbaycan xalqına və ölkəmizin Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirib.

M. Kırmızıgül səhnədə aldığı hədiyyələri geri qayıtdığı zaman zəlzələ bölgəsinə gedərək qarşısına çıxan ilk insanlara verəcəyini deyib.

İfaçı çıxışının sonunda “Annem-annem” mahnısını oxuyub və bu zaman göz yaşlarını saxlaya bilməyib. O, “İnstagram” paylaşımında da dünənki konsertin həyatının konserti olduğunu və heç bir konsertində bu qədər ağlamadığını etiraf edib:

 

Məlumat üçün onu da bildirək ki, sözügedən tədbirin 12 fevralda keçirilməsi planlaşdırılırdı. Lakin baş verən zəlzələ səbəbindən konsert təxirə salınmışdı.

Daha çox xəbərlər