Gündəm 

Ümummilli Lider Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan bənzərsiz şəxsiyyətdir

Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Tarix belə unikal şəxsiyyətləri 100 ildə bir dəfə xalqa bəxş edir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Ümumiyyətlə, Ümummilli liderin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi xalqımız üçün tükənməz bir sərvətdir. Məhz onun uzaqgörənliyi, müdrikliyi, qətiyyəti və dəmir iradəsi sayəsində Azərbaycan bügünki inkişaf və tərəqqi dövrünü yaşayır. Bütövlükdə onun şəxsiyyətini xarakterizə edən böyük elm adamlarının qənaətincə Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Hələ Naxçıvanda rəhbərliyi dövründə üç rəngli milli bayrağımız ilk dəfə dövlət bayrağı kimi qəbul olundu və 20 yanvar faciəsinə siyasi qiymət verildi. Bütün bunlar onu deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədi yaşayacaqdır.

Tarixə qısa nəzər salsaq görərik ki, bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, xalqın istiqlal əzmi yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Bununla da, Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi. Lakin bütün bunlar asan əldə edilmədi. Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycan özünün təbəddülatlar dövrünü yaşayırdı. Hər yeri bürüyən xaos, siyasi böhran, fəlakət həddinə çatmış sosial-iqtisadi vəziyyət ölkəni tamamilə parçalanmaq, bir dövlət kimi məhv olmaq dilemması ilə üz-üzə qoymuşdu. Nəhayət, tarixin yaratdığı növbəti bir şansı əldən vermək istəməyən Azərbaycan xalqı təcrübəli, qətiyyətli siyasi lider kimi böyük siyasət adamı Heydər Əliyevə müraciət etdi. Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz sabit inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyev bu günkü müstəqil Azərbaycanın dövlətçiliyinin gələcək inkişaf strategiyasını yaradaraq, demokratik, hüquqi dövlətin qurulmasına, ölkəmizin beynəlxalq miqyasda nüfuz qazanmasına zəmin yaradıb. Bütün mənalı ömrünü öz xalqının və Vətəninin inkişafına sərf edən Ümummilli Liderin misilsiz zəhməti ilə Azərbaycan zamanın ən çətin və mürəkkəb sınaqlarına sinə gəldi, əbədi müstəqilliyi əldə etdi. Məhz bu böyük insanın siyasi əzmi, dövlətçilik təcrübəsi sayəsində 1994-cü ilin qışında Azərbaycan Ordusu cəbhədə ilk uğurlu əməliyyatlarına imza atdı.

Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Milli qürurumuzu özümüzə qaytaran, soydaşlarımızın birliyini bərpa edən Ulu Öndər Heydər Əliyev hər bir elini-obasını sevən Azərbaycanlıya Vətənini məhz Onun kimi sevməyi öyrətdi. Dahi şəxsiyyətin “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” sözləri əbədi olaraq dilimizdə şüara çevrildi. Ulu Öndərin həyat yoluna nəzər saldıqda dahi şəxsiyyətin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Xarakterindəki yüksək əzmkarlıq, ilk növbədə özünə və ətrafındakılara qarşı tələbkarlıq, Azərbaycanı canından da artıq sevməsi adını tarixə qızıl hərflərlə yazdıran Ümummilli Lider Heydər Əliyevi fərqləndirən başlıca xüsusiyyətlərdən idi. Ulu Öndərin rəhbərliyi ilə insan haqlarının qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu. Daha sonra Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəza növü ləğv edildi, əfv və amnistiya institutları yaradıldı. Azərbaycan daxilində yaranan nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlandı ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Ümummilli lider  Heydər Əliyevin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanan mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində parlaq nailiyyətlərə imza atır. Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar, ilk növbədə, iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədlərinə xidmət edir. Azğın düşmən tərəfindən zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın ata-baba yurdlarına qovuşmaları da Ulu Öndərin bizə miras qoyduğu məqsədyönlü, çevik, praqmatik siyasətin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində reallığa çevrildi. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Zəfər Qələbəsi ilə başa çatdı. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. Ulu Öndərin inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev dahi rəhbərin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə başa çatdırdı.

Xalqımızı dünyada təklənmək təhlükəsindən xilas edən müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilinə təsadüf edən 2023-cü ilin “Heydər Əliyev ili” kimi geniş qeyd edilməsi də Azərbaycan xalqının milli tariximizin ən qüdrətli simasına olan sonsuz məhəbbətdən irəli gəlir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün də Ümummilli Liderin əziz xatirəsi hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş şəkildə qeyd olunaraq, qürurla anılır. Müasir Azərbaycanın banisi və memarı ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi – iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olması arzusunu təmin edərək fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşar ictimai siyasi lider kimi hələ sağlığında canlı əfsanəyə çevrilərək ürəklərdə əbədi bir heykəl ucaltmışdır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Daha çox xəbərlər