Qida və dərman terroru…
İrandan Azərbaycana gətirilən 13 ton bibərdə zərərli orqanizm aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Qeyd olunub ki, İrandan idxal olunan “Ballı Store N” MMC-yə məxsus 7 425 kiloqram, “Amotrade” MMC-yə aid 6 010 kiloqram bibər məhsuluna keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində karantin tətbiq olunan zərərli orqanizm – qonur qırışıqlıq virusu aşkar olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyaları barədə qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul olunub. Məhsul partiyaları Qaradağ rayonu ərazisindəki Qızıldaş poliqonunda məhv edilib.
Əslində belə faktlar çoxdur və cəmiyyətdə dərin narahatlıq yaradır. Məlumat üçün bildirək ki, bu il İrandan idxal olunması üçün edilən üç müraciət əsasında aparılan müayinələr nəticəsində bibər məhsulu partiyalarında karantin tətbiq olunan zərərli orqanizm aşkarlanıb. Eyni fikri İrandan illərdir idxal edilən kartof barədə də demək olar. Hələ on beş-iyirmi il əvvəl xalq arasında fikir yayılmışdı ki, İrandan gətirilən kartof radiasiyalıdır. Ancaq buna o qədər də inanıb əhəmiyyət verən olmurdu. Ehtimal olunur ki, atom-nüvə sınaqlarının keçirildiyi yerlərdə, nüvə tullantılarının basdırıldığı ərazilərdə əkilib-becərilən kənd təsərrüfatı bitkiləri və meyvələr radiasiya şüaları ilə yoluxur. Həmin meyvələrin qurudulmuş məhsullarının da radiasiya ilə yoluxmaları şəksizdir. Paytaxtımızdakı İran mağazalarında müxtəlif qurudulmuş meyvələr baha qiymətə satılır. Belə çıxır ki, biz baha qiymətə “xəstəlik” alırıq, sonra da onların törətdikləri fəsadlardan yaxa qurtarmaq üçün ətək-ətək pul xərcləyirik. İran tacirləri isə həm ciblərini doldurur, həm də genefondumuza ağır zərbə vururlar.
Bu, hələ hamısı deyil. Bir müddət əvvəl İrandan gətirilən dərman preparatlarına zərərli kimyəvi tərkiblərin qarışdırılması və bunun pasiyentlərin sağlamlığına ciddi ziyan vurması müəyyən edilib. Təbii ki, tərkibi ağır xəstəliklər yaradan ərzaq və dərmanların Azərbaycana göndərilməsi xoş məramdan xəbər vermir. Dərman terrorçuları iş adamlarını şirnikdirmək üçün dərman preparatlarını nisbətən ucuz qiymətə satmaqla külli miqdarda pul qazanırlar. Artıq yayılmaqda olan bəzi xəstəliklər çox yəqin ki, bu cür zərərli qidalardan və dərmanlardan yaranır. İranda dərmanların keyfiyyətli istehsal olunması və ucuz qiymətə satılması haqqında süni surətdə yayılmış informasiyaların həqiqəti əks etdirmədiyi də məlumdur. Saxta dərmanlar hər şeydə olduğu kimi, bu sahədə də İranın mənfi imicini əks etdirir.
Əvvəllər keyfiyyətli İran hənaları bazarda özünə möhkəm yer tutmuşdusa indi əksinədir, bazardan tamamilə sıxışdırılıb çıxarılmaqdadır. Səbəbi hənaların keyfiyyətsiz hazırlanmasıdır. Ona görə də alıcılar İran hənalarını almırlar.
Bütün bunlar bizə onu deyir ki, İrandan gətirilən zərərli ərzaq məhsullarını və dərman preparatlarını almayaq. Ümumiyyətlə, bizə düşmən münasibət bəsləyənlərlə, artıq açıq şəkildə qəsdimizə duranlarla nə alverimiz ola bilər ki ?! Əvvəllər xain və qart sifətlərini gizlətmişdilərsə, indi düşmənlərimizlə aşkar əlbir olub yüz hoqqadan çıxırlar. Belə nəticəyə gəlmək olar ki, İranla bütün iqtisadi əlaqələr tamamilə kəsilməlidir. Çünki əmmaməli şeytanlar əllərinə fürsət düşən kimi namərd bıçaqlarını kürəyimizə saplamağa hazır durublar. Biz də onlarla üz-üzə, ayıq-sayıq dayanmalı, onlara heç vaxt kürək çevirməməliyik. Aydın görünür ki, döyüş meydanında qarşılaşmağa cəsarət etməyən molla rejimi normal insanın başqalarına rəva görmədiyi pisliklərlə məşğuldur. Astarı şeytan, özü iblis olan molla rejimindən alçaq əməllərdən başqa heç nə gözləmək lazım deyil.

