Fars-molla rejimi: Cənubi Qafqazda sülhün qənimi
İkinci Qarabağ müharibəsindən sonra İran Hayastanla əlaqələri daha da genişləndirir. Üstəlik, molla rejimi Hayastanla birləşib müstəqilliyimizi gah gizli, gah da açıq şəkildə təhdid edir. İranın Qarabağdakı erməni quldurlarına dəstək verməsini, Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirməsini, ölkəmizin İrandakı səfirliyinə qarşı terror təşkil etməsini, Füzuli və Zəngilan hava limanlarının “imperialistlərin İrana qarşı istifadə olunacaq poliqonu” adlandırmasını bu təhdidlərə misal kimi göstərmək olar. Bəli, istənilən sayda bu tipli misallar göstərmək olar. Çünki molla rejiminin ölkəmizə qarşı həyata keçirdiyi bəd əməllərin, xain hərəkətlərin sayı-hesabı yoxdur.
Bütün bunlarla kifayətlənməyən İran hava məkanımıza da soxulur. Azərbaycan Respublikası Xarici İşlər və Müdafiə nazirliklərinin birgə bəyanatında bildirilir ki, 11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub. Bununla da molla rejimi öz məkrli və düşmən siyasətini bir daha nümayiş etdirib. İran rəsmiləri isə bu addımlarını ört-basdır etmək üçün dəridən-qabıqdan çıxmağa çalışırlar. Məsələn, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib ki, guya İranın hərbi təyyarəsi respublika ərazisində olub, uçuş Azərbaycan sərhədindən lazımi məsafədə həyata keçirilib. Bununla da o, həmin təxribata haqq qazandırmağa çalışıb.
Siyasətçilərin fikrincə, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribatdır. Bu, eyni zamanda, İranın Azərbaycana qarşı düşmənçilik siyasətinin açıq müstəviyə keçməsinin bariz nümunəsidir. Rəsmi Bakının Cənubi Qafqazda təhlükəsizliyə nail olmaq istiqamətində səylərini davam etdirdiyi bir vaxtda fars-molla rejiminin bu kimi addımları onun növbəti məkrli niyyətindən xəbər verir. Elə bu kimi səbəblərdən Azərbaycanla sülh sazişini imzalamaqdan boyun qaçıran İrəvan İran və digər ermənipərəst dövlətlərin dəstəyi sayəsində işğalçılıq siyasətindən əl çəkmir.
Ölkəsində baş verən iğtişaşların səbəbini müstəqil Azərbaycanda axtaran, Hayastanın yalanlarına uyan molla rejiminin bu addımını, həmçinin digər təxribatlarını həm də onun müttəfiqinə sadiqliyinin, çökməkdə olan ölkəni ayaqda saxlamağa çalışmasının göstəricisi kimi yozmaq olar. Şübhəsiz, ermənipərəst molla rejiminin Azərbaycana qarşı qisasçılıq hissinin getdikcə şiddətlənməsi onların mənfur ermənilərin təəssübünü çəkməklərindən irəli gəlir. Son vaxtlar İran şovinistlərinin soydaşlarımıza qarşı ermənipərəst mövqe nümayiş etdirməsi də elə bu amillə bağlıdır.
Digər tərəfdən, Azərbaycanın müstəqil siyasət aparması və özünə dost ölkələr seçməsi İranı qıcıqlandırmaqdadır. Bu mənada İranın türklərə və azərbaycanlılara tarixən düşmən kəsilən millətçi, faşist xislətli Hayastana can yandırmasının əsasında Türkiyə və Azərbaycana qarşı qısqanclıq dayanır. Üstəlik, molla rejimi Azərbaycanın İsraillə olan strateji tərəfdaşlığını da qısqanır. Mollakratiya rejimi regionda Azərbaycan və Türkiyənin güclənməsini, Azərbaycan-İsrail əməkdaşlığının yüksələn xətt üzrə genişlənməsini həzm edə bilmir və buna müxtəlif vasitələrlə əngəl olmağa səy göstərir. Bu məqsədlə dini və ideoloji fərqlərə baxmayaraq, molla rejimi bu vasitələrdən biri kimi Hayastandan alət kimi istifadə edir. Bütün bunları analiz etdikdə belə qənaətə gəlmək mümkündür: artıq İran da Fransa, Hindistan kimi Cənubi Qafqazda sülhün, əmin-amanlığın qəniminə çevrilib.
Şübhəsiz, İranın bu cür təxribatçı addımlarının bölgəyə yeni reallıqlar gətirən ölkəmizin xarici siyasət kursuna hansısa formada təsir göstərməsi əsla mümkün deyil. Ölkəmiz bundan sonra da bölgədəki ədalətli mövqeyindən əl çəkməyəcək, öz uğurlu daxili və xarici siyasəti ilə İrana da öz yerinə göstərəcək.

