Gündəm 

Revanşist qüvvələri təşviq edən Avropa Parlamenti

Çirkli pullar müqabilində ayrı-ayrı ölkələrin, təsisatların nüfuz müvəkkilliyini yerinə yetirən parlamentarilərin “meydan suladığı” bu qurum öz nüfuzunu çoxdan itirib

Azərbaycanın apardığı aktiv xarici siyasət, o cümlədən Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi, X Qlobal Bakı Forumunun baş tutması və digər qlobal təşəbbüslərimiz ölkəmizin beynəlxalq arenada yüksək nüfuzunun göstəricisidir. Bu isə Avropa Parlamenti (AP) kimi ədalətsiz bir beynəlxalq təşkilatı xeyli qıcıqlandırır. Özünü “qədim Avropa demokratiyasının güzgüsü” adlandıran bu qurum növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnaməni müzakirəyə çıxarıb. Bu, bir daha qurumun ölkəmizə münasibətdə düşmən mövqedə dayandığını sübut edir.

Qərəzli “qətnamə layihəsi”nin ilkin mətnində isə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi iddialar, eləcə də “Minsk qrupu”, “status”, “Dağlıq Qarabağda və ətrafında” kimi keçmiş, sərsəm və gündəlikdə ümumiyyətlə, olmayan məsələlər qeyd edilib. Əslində, bütün bunlar AP-nin erməni üzlü bir təşkilat olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, AP tərəfindən Azərbaycana qarşı təşəbbüslərin və qətnamələrin artıq sayı-hesabı itib. Sanki AP Ermənistan Parlamentinin komitəsinə çevrilib, Ermənistanın Xarici İşlər Nazirliyi tərəfindən göndərilən layihələri notarius kimi təsdiqləyir.

AP-nin korrupsiya cinayətləri…

Bir zamanlar Avropanın üzləşdi­yi problemlərin qarşısının alınmasında mühüm rol oynayan AP son illərdə an­caq korrupsiya cinayətləri və Azərbay­cana münasibətdə qərəzli addımları ilə gündəmə gəlir. Yunanıstandan olan vit­se-prezident Eva Kailinin milyonlarla dollarlıq korrupsiya cinayətində ittiham edilməsi Avroparlamentin tarixində qara ləkədir. Ancaq bu ləkə nə birincidir, nə də sonuncu. Adı AP-də aşkara çıxan korrupsiya əməllərindən sonra məşhurlaşan, eyni vaxtda Yunanıstan, Ermənistan və Lük­semburq vətəndaşı olan Kaspar Kara­petyan daimi yaşayış yeri kimi Avropa siyasətinin mərkəzi olan Brüsseli təsa­düfən seçməyib. Çünki yalnız Belçika­nın paytaxtında Karapetyan eyni vaxtda Avropa Parlamentində Hayastanın maraqlarına lobbiçilik, biznesinin həssas məsələlərini həll edə bilərdi. Onu əbəs yerə Belçikadakı erməni mafiyası­nın “xaç atası” adlandırmırlar. Artıq heç kim üçün sirr deyil ki, Karapetyanın bril­yant biznesindən qazandığı çirkli pullar bəzi Avroparlament deputatlarının gözlə­rini qamaşdırır. Erməni mafiyasının “xaç atası” AP deputatlarını dirijor çubuğu ilə idarə edir. Təbii ki, bu kimi hallar AP kimi bir qu­rum üçün utancvericidir.

Avropa parlamentariləri öz klassik ənənələrini davam etdirirlər

30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına, yüz minlərlə azərbaycanlının öz evlərindən didərgin düşməsinə, on minlərlə günahsız insanın, o cümlədən uşaqlar və qadınların, ahılların xüsusi amansızlıqla qətlə yetirilməsinə, xalqımıza məxsus tarixi, dini, mədəni abidələrin, yaşayış məskənlərinin – kəndlərin, qəsəbələrin, şəhərlərin vəhşicəsinə dağıdılmasına seyrçi qalan, imkan düşdükcə təcavüzkara birbaşa və dolayısı ilə dəstək verən Avropa Parlamentinin ölkəmizi növbəti dəfə “Ermənistana hərbi təcavüz etməkdə” günahkarlandırmağa hazırlaşması siyasi əxlaqsızlığın və simasızlığın bariz nümunəsidir. 2020-ci ildə Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının partlayışların qurbanına çevrilməsi, 10 noyabr 2020-ci il  tarixli üçtərəfli Bəyanatın şərtlərinə zidd olaraq Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmaması, eləcə də Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun hələ də açılmaması Avropa Parlamentinin niyə yadına düşmür? Azərbaycanı “qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağıran Avropa Parlamenti, niyə Ermənistanı hələ də işğal altında saxladığı 8 Azərbaycan kəndini azad etməyə çağırmır? Cinayət törətmələri məhkəmə istintaqı ilə sübut olunmuş Azərbaycanda saxlanılan ermənilərin məsələsini hər fürsətdə qabardan AP bu vaxta kimi bir dəfə də olsun 4000-ə yaxın itkin düşmüş azərbaycanlının sonrakı taleyinə dair əzizi Hayastanı niyə sorğulamayıb? Bütün bu və bu kimi suallar hələ də öz cavabını gözləyir. Avropa Parlamenti kimi yalnız qərəzə əsaslanan təşkilatlar isə bu kimi sualları cavablandırmaqdan hər zaman çəkiniblər…

Revanşistlərə “stimul verən” qurum

Ermənistanın Praqada və Soçidə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasından sonra Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alması regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərə zərbə vurur, Ermənistanda revanşistləri ruhlandırır. Bundan başqa, AP-nin Azərbaycana münasibəti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində nümayiş etdirdiyi normallaşma prosesinə də ziddir. Yəni bu, o deməkdir ki, AP Ermənistandakı revanşist qüvvələri yenidən Azərbaycanla müharibəyə həvəsləndirir. Qeyd edək ki,  həmin bu təşkilat vaxtıilə  Cənub Qaz Dəhlizi layihəsinə qarşı çıxmışdı. Lakin zaman Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün vacibliyini, Azərbaycanın Avropa üçün əhəmiyyətini sübut etdi. Ona görə də  Azərbaycanofob, islamofob AP-nin anti-Azərbaycan mövqeyinə rəğmən, 2022-ci ilin 18 iyul tarixində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun, eləcə də 17 dekabr tarixində Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq anlaşmasının imzalanması fonunda Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlıq davam edəcək. Avropalı parlamentarilər anlamalıdırlar ki, bölgədə yenidən genişmiqyaslı təxribat­lar olacağı təqdirdə bunun əsas müqəs­sirlərindən biri də məhz onlar olacaq. AP Ermənistanı açıq şəkildə dəstəkləməklə və regionda güc balansını İrəvanın xey­rinə dəyişməyə çalışmaqla, bu cür qızış­dırıcı siyasəti ilə lüzumsuz yerə bölgəni geopolitik rəqabət məkanına çevirməyə cəhdlər edir. AP-nin tutduğu yarıtmaz və qeyri-rasional, qərəzli mövqe regionda vəziyyəti sabitləşdirmir – tam əksinə, prosesləri yenidən fərqli məcralara sürükləyir. Başqa sözlə, regionda Ermənistan tərəfindən yenidən genişmiqyaslı təxribatlar törədiləcəyi təqdirdə, bunun əsas günahkarlarından biri də məhz Ermənistanda revanşist qüvvələri təşviq edən AP olacaq.

Özü-özünü nufuzdan salıb…

Avropa Parlamentinin qəbul etməyə hazırlaşdığı növbəti “qətnamə” də bizim üçün əzik-üzük, simasızlığa, riyakarlığa bulaşmış kağız parçasıdır. Heç bir halda Azərbaycan dövlətinin iradəsinə, Azərbaycan xalqının mövqeyinə, ölkəmizin öz qanuni hədəflərinə çatmasına maneə yarada bilməz. Avropa Parlamentinin bu cür ermənisevərliyi və belə demək mümkünsə, ermənişüvənliyin arxasında dayanmasında məqsəd bəllidir. AP-nin vaxtaşırı bu kampaniya xarakterli anti-Azərbaycan fəaliyyəti ölkəmizin ədalətli mövqeyinə təsir göstərmək, Azərbaycanı gözdən salmaq və Ermənistanın xeyrinə güzəştlər əldə etmək cəhdidir. Lakin bu bədnam qurumda oturan erməni sevdalıları unutmasınlar ki, Azərbaycan müstəqil siyasət həyata keçirir. Ölkəmizi bu cür cılız addımlarla öz yolundan döndərmək istəyənlər əbəs yerə vaxt və enerji itirirlər. Avropa parlamentində bu məsələnin gündəmə çıxarılması ancaq təəssüf doğurur.

Daha çox xəbərlər