Cəmiyyət 

Cidanı çuvalda gizlətmək olmaz

Tehran rejiminin toruna düşən mənfurların milli maraqlarımıza zidd mövqeyi xəyanətdən başqa bir şey deyil

Xəbər verildiyi kimi, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 32 nəfər müəyyən edilərək saxlanılıb.

Bu xəyanətkar ünsürlər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparmaqla ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər. Onlar “Kərimə dövləti” quracaqlarını bildirərək Azərbaycan Respublikasının mövcud Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etmişlər. Xarici xüsusi xidmət orqanlarının sifarişlərini həyata keçirən bu şəxslər məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə dini radikalizmi təbliğ edərək cəmiyyətdə çaşqınlıq yaratmağı planlaşdırmışlar. Araşdırmalarla müəyyən edilmişdir ki, onlar İran İslam Respublikasından məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf etmişlər. Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

İranın bu ölkədə məskunlaşmış əlaltıları vasitəsilə Azərbaycana qarşı gerçəkləşdirdiyi ideoloji həmlələrin bir elementi də “Kərimə dövləti” “nəzəriyyəsi”dir. Son aylarda onlar sözügedən ideyanı geniş təbliğ etmiş, bu məqsədlə sosial şəbəkələrdə eyni adda səhifə və kanallar yaratmışlar. Uzun-uzadı çıxışlar vasitəsilə qondarma “Kərimə dövləti” onlar tərəfindən Azərbaycandakı ictimai-siyasi quruluşa alternativ kimi təqdim olunurdu. Onun qurulması ilə guya xalqın ləyaqətli və xoşbəxt həyata qovuşacağı iddia edilirdi. Lakin “Kərimə dövləti” anlayışının azacıq araşdırılması onu göstərir ki, bu adamlar sadəcə insanları aldatmaqla, yumşaq desək, şarlatanlıq və dələduzluqla məşğuldurlar.

Məqsəd bu cür “sərsəm ideyalar” və “nəzəriyyələr” ilə əsl niyyəti pərdələyib Azərbaycanın dünyəvi dövlət modelini və Konstitusiya quruluşunu hədəfə almaq və İransayağı İslam inqilabının gerçəkləşməsinə çalışmaqdır. Necə deyərlər, cidanı çuvalda gizlətmək mümkün deyil. Azərbaycanın müstəqilliyini gözü götürməyənlərin heç bir şansı yoxdur. Suverenliyimiz dönməzdir, düşmənlərimiz isə bunu bilməlidirlər. “Kərimə dövləti” mənasız və məntiqsiz bir yanaşmadır. Təbii ki, bunu deyənlərin və dəstəkləyənlərin özləri və ətrafları İslami dəyərlərdən uzaq kəslərdir. Bu məsələlər araşdırılacaq və onların özlərinin dini dəyərlərə əməl etmədikləri aşkara çıxacaq.

Bu məsələ Tehran rejiminin siyasi riyakarlığından irəli gəlir və ürək bulandırmaqdan başqa bir şey deyil. Ölkəmizdə bu tora düşənlər və dəstək verənlər, Azərbaycanın müstəqilliyinə dil uzadanlar Vətən xainləridir. Bu məsələ ilə bağlı qanunun ən sərt üzü göstərilməlidir. Onların məqsədləri nəyin bahasına olursa-olsun Azərbaycan hakimiyyətini gözdən salmaq, aparılan siyasi, sosial-iqtisadi islahatlara mənfi don geyindirməkdir.

Hər bir uğura düşmən mövqeyindən baxmaq İran dövləti üçün artıq xroniki xəstəlik halını alıb. Əslində, bunun səbəbi çox sadədir. Fars-molla rejiminin bacardığı yeganə iş insanları itaətsizliyə çağırmaq, vətəndaşları qarşıdurmaya təhrik etməkdir. Dünya təcrübəsindən də məlumdur ki, vətəndaş itaətsizliyi vətəndaş müharibəsinə aparıb çıxaran amildir. Dünyanın sivil cəmiyyətlərində belə yanaşmalar heç vaxt qəbul olunmur. Əslində, Tehran rejiminin bu ənənəni davam etdirəcəyi gözlənilən idi. Onlara dəstək verən dağıdıcılar məqsədlərinə çatmaq üçün hətta qeyri-etik, mənəviyyatsız addımlardan belə çəkinmirlər. Bu, üzdəniraq Tehran rejiminə sığınan radikal dindarların beynəlxalq hüquq və beynəlxalq münasibətlər sistemindən xəbərsiz, müasir siyasi düşüncədən uzaq, bəlkə də ibtidai icma təfəkkürünə malik olmasının əyani göstəricisidir.

Təhlillər göstərir ki, Azərbaycan əleyhinə oxşar təbliğat Ermənistan mətbuatında da həyata keçirilir. Təbii ki, bu sıraya Hayastanla və erməni diasporu ilə sıx əlaqədə olan xarici medianı də əlavə etməyimiz, daha doğru olar. İndiki halda radikal qrupların həyata keçirdiyi insanlıqdan uzaq, çirkin qarayaxma kampaniyasının tezisləri işğalçı ölkənin anti-Azərbaycan kampaniyasının ideoloji istiqamətləri ilə tam üst-üstə düşür. Sanki hər iki tərəf vahid mərkəzdən idarə olunur, yaxud ortaq və razılaşdırılmış maraqlara uyğun hərəkət edirlər.

Çünki bu gün güclənən və inkişaf edən, sabitlik məkanına çevrilmiş Azərbaycanın uğurları müəyyən dairələri ciddi narahat edir. İran da daxil olmaqla bəzi dairələr Azərbaycanın uğurlarına qısqanclıqla yanaşır və hər bir fürsətdən istifadə edərək ölkəmizin imicinə ləkə yaxmaq istəyirlər. Həmin dairələr bu məqsədlə müəyyən adamların maliyyələşməsini təşkil edirlər. Belə adamlar xaricdə öz dolanışıq mənbəyini həmin dairələrdən aldıqları vəsaitlər üzərində quraraq sosial şəbəkələrdə müəyyən tapşırıqların icraçılarına çevriliblər. Onlar ölkəmizdə təmin olunmuş söz və mətbuat azadlığından maksimum dərəcədə sui-istifadə edərək getdikcə əndazələrini aşırlar. Bu ittihamların yalan olduğunu Azərbaycanın hər bir vətəndaşı çox yaxşı bilir və belə cəfəng fikirlər qətiyyətlə rədd edilir.

Yekunda bircə söz demək qalır. İran rejimi Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan ibrət götürməli, müasir müstəqil Azərbaycana düşmən gözü ilə deyil, dost gözü ilə baxmağa çalışmalıdır.

Daha çox xəbərlər