“Ağ ölüm”ə ölüm
Narkomaniya ən qorxulu kabus kimi bəşəriyyəti hədələyir. İnsanların həyatına vaxtsız son qoyur. Təəssüf ki, dəhşətli bəla bizdən də yan ötmür. Görülən tədbirlərə baxmayaraq rayonumuzda narkomaniya ilə məşğul olanlar vardır.
Bu fikirlər Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı sayəsində Şüvi kənd tam orta məktəbində baş tutan “Gəncliyimizi zərərli vərdişlərdən qoruyaq!” mövzusunda maarifləndirici görüşdə səsləndirildi. Tədbir məktəbin yuxarı sinif şagirdləri üçün keçirilirdi. Valideynlər də dəvət olunmuşdu.
Tədbirdə çıxış edən Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki A. Cəfərov, rayon prokuroru, baş ədliyyə müşaviri Ə.Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavini F.Sadıxova və digərləri daha sonra bildiriblər ki, ölkəmizdə ilk dəfə narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər ulu öndər Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapıb, ölkə vətəndaşların sağlamlığının, rifahının, eləcə mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Bu gün də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq-mühafizə orqanları, o cümlədən polis əməkdaşları tərəfindən qətiyyətli və barışmaz mübarizə tədbirləri həyata keçirilir. Qaldı ki, hələ narkomaniyanın yaratdığı fəsadlar rayonumuzda görünür. İctimaiyyət də “ağ ölüm”ə ölüm hökmü çıxarmalı, bu dəhşətli bəla insanlardan uzaq olmalıdır.
Natiqlər onu da vurğuladılar ki, sağlam gələcəyimiz indiki sağlam gənclərin, yeniyetmələrin əlindədir. Doğrudur, narkomaniyaya qarşı rayonumuzun məktəblərdə belə tədbirlərin vaxtaşırı təşkili böyük əhəmiyyət daşıyır. Gənc nəsli daha düzgün, uğurlu yola yönəlməsində həm valideynlərin, həm də müəllimlərin rolu çoxdur. Bəli, gələcəkdə xalqa, Vətənə layiqlı övlad olmaq istəyən bu günün parta arxasında oturan hər bir yeni yetməni insan həyatına təhlükə törədən zərərli vərdişlərdən uzaq salmaqdan ötrü onda idman məşqlərinə, kütləvi idman tədbirlərinə həvəs yaratmaq olduqca vacib məsələdir.
Axırda mövzu ilə bağlı şagirdləri düşündürən suallara A. Cəfərov tərəfindən tutarlı cavab verildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü





