“Son hadisə Ermənistanın himayə edilməsinin ağır fəsadlara yol açdığını göstərir” – RƏY
“Son hadisə – Ağdamda iki mülki vətəndaşın minaya düşərək həlak olması Ermənistanın himayə edilməsinin ağır fəsadlara yol açdığını göstərir”.
Bu fikirləri “Report”a açıqlamasında siyasi analitik Elçin Mirzəbəyli deyib.
O bildirib ki, bu hadisə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terrorunun davamlı şəkil aldığını nümayiş etdirir:
“Baş verənlərin məsuliyyəti tək Ermənistanın üzərinə düşmür, həmçinin bu cinayətkar ölkəyə münasibətdə selektiv yanaşma sərgiləyən beynəlxalq təşkilatların, dünyanın aparıcı ölkələrinin üzərinə düşür. BMT Təhlükəsizlik Şurasının istisnasız günahı var. Çünki Ermənistan uzun illərdir ki, bir neçə konvensiyanın tələblərinə zidd olaraq mina istehsalı ilə məşğul olur. Hələ sovet dövründə Ermənistanda iki mina zavodu fəaliyyət göstərirdi. Sonrakı dövrdə, yəni Vətən müharibəsi zamanı hər iki zavodun istehsal gücü artırılıb. Həmin zavodlarda Ermənistan müdafiə nazirinin nəzarəti ilə minaların istehsalı artdı və həmin minalar Azərbaycan ərazilərinə daşınıb”.
E.Mirzəbəyli vurğulayıb ki, dünyada bu dərəcədə minadan çirklənən ikinci ölkə yoxdur:
“Bu cinayət bəşəri və insanlıq əleyhinədir. Son hadisə beynəlxalq təşkilatların Ermənistana qarşı sərgilədiyi selektiv münasibətin və bu ölkənin himayə edilməsinin ağır fəsadlara yol açdığını göstərir”.
Xatırladaq ki, bu gün Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində 1999-cu il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşərək həyatlarını itiriblər.