TDT dövlət başçıları Ankara Bəyannaməsini imzalayıblar – YENİLƏNİB + TAM MƏTN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Bəyannamə qəbul olunub.
Bu barədə AZƏRTAC xəbər verir.
Ankara Bəyannaməsinin tam mətnini təqdim edirik:
“Türk Dövlətləri Təşkilatının (bundan sonra TDT adlandırılacaq) “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü Azərbaycan Respublikasının təşəbbüsü ilə 16 mart 2023-cü ildə Ankarada keçirilib.
İclasa Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ev sahibliyi edib və iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmən xalqının Milli Lideri və Türkmənistanın Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev iştirak ediblər.
Türk Dövlətləri Təşkilatının dövlət başçıları
6 fevral 2023-cü ildə Türkiyənin cənub-şərq bölgəsində minlərlə insanın həyatına son qoyan, minlərlə insanın yaralanması ilə nəticələnən və ağır dağıntılara səbəb olan iki dağıdıcı zəlzələ ilə əlaqədar qardaş türk xalqına bir daha dərin hüznlə başsağlığı verərək;
Üzv və müşahidəçi dövlətlərin xalqlarına, eləcə də digər ölkələrə və beynəlxalq təşkilatlara/platformalara zəlzələlərdən daha çox zərər çəkmiş ərazilərə dərhal yardım əlini uzatdıqlarına görə minnətdarlıqlarını bildirərək;
TDT-nin üzv və müşahidəçi dövlətlərinin Türkiyədəki dağıdıcı zəlzələlərdən sonra axtarış-xilasetmə qruplarının sürətli şəkildə yerləşdirilməsini təqdir edərək;
Birləşmiş Millətlər Təşkilatı tərəfindən Türkiyə üçün təcili zəlzələ yardımı çağırışının və Türkiyə və Suriyaya qlobal dəstəyi səfərbər etmək məqsədilə Avropa İttifaqı (Aİ) Komissiyası və Avropa İttifaqı (Aİ) Şurasının İsveç sədrliyi tərəfindən birgə təşkil olunacaq Beynəlxalq Donorlar Konfransının elan edilməsini alqışlayaraq;
Axtarış və xilasetmə qruplarının sürətli şəkildə yerləşdirilməsinin, habelə fəlakətlərə cavab olaraq humanitar yardımın çevik çatdırılmasının vacibliyini vurğulayaraq;
“Türk Dünyasına Baxış 2040” sənədinə uyğun olaraq, TDT regionunda və dünyada təbii fəlakətlərin qarşısının alınması, cavab verilməsi və aradan qaldırılması üçün ikitərəfli və çoxtərəfli əməkdaşlığın və koordinasiyanın zəruriliyinə diqqət çəkərək;
2021-ci il tarixli TDT-nin 8-ci Zirvə görüşünün Bəyannaməsinin 51-ci bəndinə uyğun olaraq, TDT-nin Mülki Müdafiə Mexanizminin yaradılması ilə bağlı 21 dekabr 2022-ci ildə Ankarada AFAD-da keçirilmiş TDT-nin Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərinin Görüşünün nəticələrini alqışlayaraq;
TDT-nin 8-ci Zirvə görüşünün Bəyannaməsində təsdiq olunduğu kimi, müvafiq nazirliklərə yaşıl texnologiyalar və ağıllı şəhərlər üzrə əməkdaşlıq təşəbbüsü barədə göstəriş vermək qərarını xatırladaraq;
“Türk Dünyasına Baxış 2040” sənədində qeyd olunan baxış və məqsədlərin həyata keçirilməsində türk dövlətlərinin əldə etdiyi böyük siyasi, iqtisadi və sosial-mədəni tərəqqini yüksək qiymətləndirərək;
Türk dünyasının dəyər və maraqlarını təşviq etmək məqsədilə TDT-nin fəaliyyətini dəstəkləməyə sadiq olduqlarını təsdiq edərək;
Türk dünyasının ticarət, nəqliyyat, investisiya, turizm, regional əlaqə və strateji insan resurslarının idarə edilməsi sahələrində əməkdaşlığının və koordinasiyasının dərinləşdirilməsi və gücləndirilməsində TDT-nin daim artan mərkəzi rolunu vurğulayaraq;
Regional və beynəlxalq forumlarda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün imkanları nəzərdən keçirməyi üzərinə götürərək;
11 noyabr 2022-ci ildə keçirilmiş və TDT-nin transformasiyasında və türk dünyasının gələcək inteqrasiyasında daha bir əlamətdar hadisə olan tarixi Səmərqənd Zirvə görüşünün uğurlu təşkil olunmasına görə Özbəkistan Respublikasının sədrliyini yüksək qiymətləndirərək; və Sədrliyin həmrəyliyin gücləndirilməsinə, eləcə də TDT üzv və müşahidəçi dövlətlərinin xalqlarının sülh, sabitlik, təhlükəsizlik və rifahının təmin edilməsinə yönəlmiş fəaliyyətini dəstəkləmək əzmində olduqlarını vurğulayaraq;
Respublikanın yaradılmasının yüzilliyi və Türkiyə xarici siyasət xidmətinin əsasının qoyulmasının beş yüzilliyi münasibətilə Türkiyə Respublikasını təbrik edərək;
Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibətilə bütün üzv və müşahidəçi dövlətlərin xalqlarına rifah və firavanlıq arzularını bildirərək;
Bəzi ölkələrdə müsəlmanların müqəddəs dəyərlərinə qarşı son vaxtlar törədilən nifrət cinayətlərindən təşvişə düşərək; və bununla əlaqədar olaraq, müxtəlif inanclara və mədəniyyətə malik insanlar arasında dinc yanaşı yaşama, dialoq və harmoniyanı qorumaq üçün müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörmətin mühüm əhəmiyyətini vurğulayaraq;
bəyan etdilər ki, onlar:
1. Zəlzələlərdən sonra bərpa və yenidənqurma işlərində Türkiyə xalqı və hökuməti ilə həmrəylik ifadə etdilər;
2. Üzv və müşahidəçi dövlətlər, eləcə də dünyanın hər yerindən digər ölkələr və beynəlxalq təşkilatlar/platformalar tərəfindən yerləşdirilmiş fövqəladə hallara cavab qrupları tərəfindən fəlakətdən sonra həyata keçirilən fədakar axtarış və xilasetmə əməliyyatlarını alqışladılar; və aramsız səyləri ilə bir çox insanın həyatını xilas edən dəstələrə minnətdarlıqlarını bildirdilər;
3. TDT-yə üzv və müşahidəçi dövlətlərin milli tibbi xilasetmə qrupları arasında əməkdaşlığı gücləndirməyə və birgə potensialın gücləndirilməsi fəaliyyətlərində iştirak etməyə hazır olduqlarını bildirdilər;
4. Zəlzələlərdən zərər çəkmiş şəxslərə ehtiyac duyulduğu təqdirdə humanitar yardım göstərməyə davam etməyə hazır olduqlarını təkrarladılar;
5. 20 mart 2023-cü ildə Brüsseldə keçirilməsi nəzərdə tutulan Aİ Komissiyası və Aİ Şurasına İsveç sədrliyi tərəfindən birgə təşkil olunacaq Beynəlxalq Donorlar Konfransında iştirak etmək üçün üzvlərini təşviq etdilər;
6. Baş verə biləcək mümkün fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və vaxtında həll edilməsi üçün TDT-nin milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəldilər və bu xüsusda Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Sazişin Türk Dövlətləri Təşkilatının Qazaxıstan Respublikasının Türkistan şəhərində keçiriləcək 10-cu Zirvə görüşünədək imzalanması üçün aidiyyəti qurumlara tapşırıq verdilər;
7. Qeyd etdilər ki, fəlakətdən sonrakı ehtiyacların qiymətləndirilməsi, təsirə məruz qalmış bölgələrin bərpası və yenidən qurulması prosesi ərzində Türkiyəyə dəstəyini davam etdirməkdə beynəlxalq ictimaiyyət üçün yaxşı istinad nöqtəsi olacaq; bu səyləri daha yaxşı bərpa etmək və enerji səmərəliliyi prinsipləri əsasında qurmaq istəyini/əzmini alqışladılar; Türk dünyasında daha dayanıqlı, davamlı və yaşıl inkişafın vacibliyini vurğuladılar və ictimai malların canlandırılmasında ağıllı şəhərlərin xüsusi rolunu tanıdılar;
8. Müşahidəçi dövlətlərin TDT-nin fəaliyyətlərinə aktiv cəlb olunmasını qiymətləndirdilər və ŞKTR-nin TDT-nin Fövqəladə Zirvə görüşündə iştirakını qeyd etdilər;
9. TDT üzv dövlətləri arasında ticarət və iqtisadi əməkdaşlığı gücləndirmək üçün onların iqtisadi potensialını səfərbər etmək məqsədi daşıyan Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişin imzalanmasını alqışladılar;
10. Qazaxıstan, Türkmənistan və Türkiyədə qarşıdan gələn ümumi və prezident seçkilərinin, eləcə də Özbəkistanda referendumun uğurla başa çatacağına əmin olduqlarını bir daha təsdiq etdilər;
11. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana türk dünyasının birliyi və həmrəyliyinə, eləcə də təhlükəsizliyi və rifahına verdiyi güclü və davamlı töhfələrinə, Türk Dövlətləri Təşkilatının birlik ruhunun gücləndirilməsində möhkəm liderliyinə görə təşəkkürlərini bildirir və gələcək seçkilərdə uğurlar arzu edirlər;
12. UNESCO tərəfindən “Dünya Türk Dili Günü” elan edilməsi ilə bağlı tam dəstəklərini bir daha təsdiq etdilər;
13. Bütün müsəlmanları incidən və gələcəkdə yeni irqçi, ksenofob və islamofob təxribat və hücumlara yol aça biləcək müqəddəs kitabımız Qurani-Kərimə qarşı son vaxtlar nifrət zəminində törədilən cinayətləri ən kəskin şəkildə qınadılar;
14. Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilən ölümcül silahlı hücumu pislədilər və bütün təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tez və hərtərəfli araşdırmanın aparılmasına çağırış etdilər;
15. TDT Katibliyinin fəaliyyətində əldə edilmiş mühüm nailiyyətləri təqdir etdilər və üzvlər tərəfindən qəbul olunmuş sənədlərdə təyin və təsbit edilmiş vəzifələrinin həyata keçirilməsi üçün katibliyin potensialını daha da gücləndirmək əzmində olduqlarını bir daha vurğuladılar;
16. TDT üzv dövlətlərin Xarici İşlər nazirliklərinə və digər aidiyyəti qurumlara Qazaxıstanda keçiriləcək TDT-nin qarşıdan gələn 10-cu Zirvə görüşünə hazırlıq işlərini sürətləndirmək üçün göstəriş verməyə razılaşdılar;
Qazaxıstan TDT-nin 10-cu Zirvə görüşünə 2023-cü ilin oktyabr ayında Qazaxıstan Respublikasının Türkistan şəhərində ev sahibliyi etməyə hazır olduğunu bir daha təsdiq etdi.
TDT-nin dövlət başçıları Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana TDT-nin Ankara Fövqəladə Zirvə görüşünün uğurla yekunlaşan müzakirələrinə sədrlik etdiyinə görə dərin təşəkkür bildirərək Türkiyə hökumətinin və xalqının səmimi qonaqpərvərliyini yüksək qiymətləndirdilər.
TDT-nin baş katibinə bu Bəyannamədə nəzərdə tutulan qarşılıqlı fəaliyyəti və birgə səyləri əlaqələndirmək tapşırığı verilir.
16 mart 2023-cü ildə Ankara şəhərində Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev,
Qırğız Respublikasının Prezidenti Sadır Japarov,
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan,
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev”.
17:02
Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Ankara Bəyannaməsi imzalanıb.
“Report”un xəbərinə görə, sənədi türk dövlətlərinin liderləri imzalayıblar.
Qeyd edək ki, bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü keçirilib.