Böyük Qayıdış – doğma torpaqlar öz sahiblərinə qovuşur
2023-cü il mart ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşmüşdür. Görüşdə çıxışı zamanı bir çox mövzularda münasibət bildirən Ölkə Başçısı “Böyük Qayıdış” adlanan dövlət proqramından da bəhs etmişdir.
“Böyük Qayıdış” dövlət proqramı təxminən 30 il işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzurda aparılacaq yenidənqurma işlərilə əlaqəlidir. İşğal dövründə ermənilər bu ərazilərdə təkcə etnik təmizləmə aparmamış, eyni zamanda böyük dağıntılar törətmişlər. Həmin illər ərzində Azərbaycana küllü miqdarda maddi və mənəvi ziyan vurmuşlar. Ölkə Başçısı “hazırda Livanın ərazisi qədər sahə tamamilə yerlə-yeksan edilib” deyərək erməni vandalizminin acı nəticəsini diqqətə çatdırmışdır.
Cənab Prezident İlham Əliyev “Böyük Qayıdış” adlanan dövlət proqramının yurd-yuvasından didərgin düşmüş sakinlərin öz torpaqlarına qayıtmasına xidmət etdiyini bildirmişdir. İşğal dövründə bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Torpaqlarımız azad olunduqdan sonra qarşıda duran ilk iş dağıntıları aradan qaldırmaq və sakinlərin geri qayıtması üçün şəraitin yaradılmasıdır. Ölkə Başçısı cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkünün geri qayıtdığını və bu işin davam etdiriləcəyini bildirdi.
Cənab Prezident İlham Əliyev “Böyük Qayıdış” proqramının icrasının böyük vəsait tələb etdiyini, onun icrasının müasir standartlara cavab verən layihələr əsasında aparılmasının planlaşdırıldığını diqqətə çatdırdı. Qarabağ və Şərqi Zəngəzur bölgələrində bərpaolunan enerji mənbələrindən həmin yerlərin insanların və sənayenin tələbatını ödəməklə yanaşı, ölkənin qalan hissəsinə də xidmət edəcək yaşıl enerji zonası elan edildiyini bildirdi.
Ölkə Başçısı çıxışında bərpa olunan enerji mənbələrinin böyük potensiala sahib olduğunu və bu barədə geniş müzakirə aparılmasının mümkün olduğunu söylədi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxın olduğunu, bunun nəticəsində xarici sərmayədarları cəlb etməklə yanaşı, həmin enerji həcmlərini ixracı məqsədilə lazımi ötürmə imkanlarının yaradırığını bildirmişdir.
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

