Cəmiyyət 

Qaradağ rayonunda narkomaniyaya qarşı mübarizə daim diqqətdədir

Cəmiyyətin inkişafına, insanların sağlamlığına, mənəviyyatına, xalqımızın genefonduna ağır zərbə vuran narkomaniyanın gətirəcəyi fəsadlar hər kəsi narahat edir və onunla mübarizə işi Azərbaycan dövlətinin ümummilli siyasətinin əsas tərkib hissəsinə çevrilmişdir.

Narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş, onların gücləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Azərbaycan Respublikasının 1992-ci ildə BMT-nin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il Konvensiyasına, 1998-ci ildə isə “Narkotik vasitələr haqqında” 1961-ci il Vahid Konvensiyasına və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına qoşulması, eyni zamanda 18 iyun 1999-cu il tarixində “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etməsi prinsipial əhəmiyyət kəsb edir.

Ulu öndər Heydər Əliyevin 26 avqust 1996-ci il 485 nömrəli Fərmanı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Həmin Fərman əsasında “Azərbaycan Respublikasında 2000-ci ilədək” daha sonra isə “2000-2006-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə” qəbul edilmiş Ümummilli Proqramlar ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işinin təşkilinə xüsusi təkan vermişdir.

Müasir dünyamızın ən ağrılı problemlərindən biri olan narkomaniyanın yayılması, xüsusilə gənclərin buna aludəçiliyi bütün sivil ölkələrdə olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur. Ona görə də heç təsadüfi deyildir ki, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin prioritet istiqamətlərindən biri – yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin bərqarar olması, idman və bədən tərbiyəsinin geniş inkişafı, cinayətkarlığın, xüsusilə onun narkomaniya ilə bağlı növlərinin profilaktikasıdır. Məhz bu siyasət çərçivəsində gənclərlə işin təşkilinin qanunvericilik bazası yaradılmış və təkmilləşdirilmiş, onların məşğulluğunun təmini məqsədilə ölkəmizdə mövcud idman obyektləri yenidən qurulmuş, təzələri tikilib istifadəyə verilmiş və idmançılar üçün hər cür şərait yaradılmışdır.

Bu gün Qaradağ rayonunda da narkomaniyaya qarşı geniş, səmərəli və maarifləndirici işlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2019-cu il tarixli 1334 saylı Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə” Dövlər Proqramı təsdiq olunmuşdur. Rayon ərazisində orta məktəb şagirdləri və yeniyetmələr arasında narkotik vasitələrdən istifadə hallarına qarşı mübarizə, narkomanlığın yayılmasının profilaktikası və qabaqlayıcı antinarkotik təbliğatın gücləndirilməsi məqsədi ilə planlı tədbirlər həyata keçirilməkdədir.

Rayon ərazisində 25 ümumtəhsil müəssisəsi, 1 xüsusi internat məktəbi və 2 peşə liseyi fəaliyyət göstərir. Rayonun tibb müəsissələrinin həkimlərinin və mütəxəssislərinin iştirakı ilə təhsil müəssisələrində hepatit və QİÇS kimi ağır infeksion-yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması, yaranma səbəbi, yayılması və nəticələri ilə bağlı mütəmadi diskussiyalar və söhbətlər aparılmışdır. Rayon komissiyası tərəfindən Bakı şəhəri Narkoloji dispanserin əməkdaşlarının, həmçinin din xadimlərinin iştirakı ilə bütün qəsəbələrdə gənclərlə müvafiq görüşlər keçirilmişdir.

Rayon komissiyası tərəfindən 28.02.2022-ci il tarixdə Qızıldaş qəsəbəsində yerləşən 180 nömrəli tam orta məktəbdərayon gəncləri ilə “Narkotiklərdən qorun və qoru” mövzusunda məktəblilərin çəkdikləri rəsmlərdən ibarət sərgi və toplantı, müvafiq mövzuda sərginin nümayişi olmuşdur. 19.02.2022-ci il tarixində Lökbatan qəsəbəsində “Gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma” ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi) “COVID 19-un qarşısını birlikdə alaq” adlı maarifləndirmə tədbiri və broşürlər paylanılmışdır. Rayon komissiyası tərəfindən 19.04.2022-ci il tarixində  Sahil qəsəbəsində yerləşən 319 nömrəli orta məktəbdə “Biz narkotiklərə yox deyirik” mövzusunda rayon gəncləri ilə toplantı, sərgiyə baxış və müvafiq mövzuda broşürlər paylanmışdır.02.06.2022-ci il tarixdə Lökbatan qəsəbəsində yerləşən 166 saylı tam orta məktəbdə “Narkomanlığa qarşı mübarizəyə qoşulaq” mövzusunda rayon gəncləri ilə toplantı, sərgi nümayişi və müvafiq mövzuda broşürlər paylanmışdır.  “26 iyun-Narkotiklərlə Ümumdünya mübarizə günü”nə həsr olunmuş  sərginin nümayişi, rayon gəncləri, məktəb psixoloqları və müəllimləri ilə 16.06.2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində Dəyirmi masa keçirilmişdir. Rayon üzrə bütün qəsəbələrdə 01.09.2022-ci il, 17.09.2022-ci il və 27.10.2022-ci il tarixlərdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə məqsədilə gənclərə maarifləndirici broşürlər paylanmışdır. 15.11.2022-ci il tarixdə “Narkotiklərə yox deyirik” mövzusunda Lökbatan qəsəbəsində yerləşən 288 saylı tam orta məktəbdə gənclərlə toplantı keçirilmiş və rəsm sərgisi təşkil edilmişdir. 01.12.2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində “1 Dekabr-QİÇS-lə beynəlxalq Mübarizə Günü” ilə əlaqədar “QİÇS-ə yoluxmamaq səndən asılıdır” mövzusunda gənclərlə toplantı keçirilmişdir. Təşkil olunan bütün tədbirlərdə yeniyetmə və gənclərin narkomaniya kimi zərərli vərdişlərdən çəkindirilməsinə, antinarkotik təbliğatın aparılmasına və maarifləndirməsinə, narkomanlıqla bağlı çevik məlumat mübadiləsinə, onlar arasında sağlam həyat tərzinin formalaşmasına diqqət yetirilmiş və onların da bu barədə fikirləri öyrənilmişdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün  Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cü il tarixli, 1334 saylı Sərəncamının icrasının təmin olunması  istiqamətində rayon komissiyası tərəfindən tədbirlər planı hazırlanmış və tədbirlər planına uyğun işlər davam etdirilir.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Aparatı yanında
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası

Daha çox xəbərlər