Cəmiyyət 

Novruz bayramı xalqımızın zəngin maddi və mənəvi dəyərlərini özündə ehtiva edən mühüm mədəniyyət hadisəsidir

Novruzun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görmək mümkündür. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır.

Qeyd etmək lazımdır ki, Novruz bayramını bir çox digər xalqların qeyd etdiyi başqa çoxsaylı məhsul bayramlarından fərqləndirən əsas cəhəti onun özündə tarixi etnoqrafiyanı, xalqın mifologiyasını və milli-mədəni fəlsəfəsini ehtiva etməsidir. Novruz dərin fəlsəfəyə malik olan bayramdır.

Novruz sovetlər birliyi dövründə rəsmən qadağan edilsə də, Ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi əhəmiyyəti hər zaman önə çəkilmişdir.

Ötən əsrin 70-ci illərində Novruz bayramı ilk dəfə olaraq məhz Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə rəsmən qeyd olunmuş, bayram şənliklərini əks etdirən reportajlar televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəldir, milli irsə, tarixə böyük məhəbbət yaradır, özünüdərki gücləndirirdi.

1991-ci ilin oktyabrında Azərbaycan özünün müstəqilliyini bərpa etsə də o dövrdə yaşanan ziddiyyətli, təlatümlü pro­ses və faciələr Novruzun ümumxalq bayramı kimi yüksək-əhval ruhiyyədə keçirilməsinə imkan vermədi. Yalnız Ulu öndər Heydər Əliyevin xalqın israrlı təkidi ilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın qarşılaşdığı faciələrin bir çoxu aradan qaldırıldı, vətəndaş qarşıdur­masının qarşısı alındı. İctimai-siyasi sabit­lik təmin olunandan sonra maddi rifah halı ildən-ilə yaxşılaşan xalqımız Novruz bayra­mını yüksək əhval-ruhiyyədə qeyd etməyə başladı. Novruz dövlət səviyyəsində yüksək səviyyədə qeyd edilməklə yanaşı, dünya azərbaycanlılarının milli bayramına, effektiv ideoloji-siyasi təsir amilinə çevrildi.

Ümummilli lider Heydər Əliyev 1994-cü ilin yazından başlayaraq hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi, ümumxalq şənliklərinə qatılaraq, xalqımıza ikiqat sevinc yaşatdı, ölkə vətəndaşlarına Vətənin çiçəklənməsi naminə birlik, həmrəylik, saflıq və təmizlik arzuladı. Ulu öndər Heydər Əliyev hələ 1998-ci ildə de­mişdi: “Gün o gün olacaq ki, Novruz bay­ramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşa­yıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli liderin bu vəsiyyətini də yerinə yetirdi. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və xalqımız bundan sonra həmin ərazilərdə Novruz bayramını dünya durduqca ürək açıqlığı və könül xoşluğu ilə qeyd edəcəkdir.

Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilməsinin çox böyük əhəmiyyəti var. Əlbəttə ki, ölkəmizin mədəniyyət tarixində mühüm əhəmiyyət kəsb edən bu hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı gərgin fəaliyyəti nəticəsində baş verib. Qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, ya­radıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri təqdirəlayiqdir. Mehriban xanım Əliyevanın 2004-cü ildən başlayan UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti müddətində görülən işlər, Ümum­dünya İrs, Qeyri-Maddi Mədəni irsin repre­zentativ siyahısına daxil edilən, qorunma altına alınan mədəni irs nümunələrimiz, onun bu işə həssas münasibətinin parlaq ifadəsidir. 28 sentyabr – 2 oktyabr 2009-cu il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz bayramı çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb.

23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində isə Efiopiyanın Əddis-Əbəbə şəhərində keçi­rilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Bu, bir daha sübut etdi ki, Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı daim artır.

Novruz bayramını Azərbaycan xalqı­nın müqəddəs milli irsi hesab edən Prezident cənab İlham Əliyev demişdir: “Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca, ən gözəl bayramdır. Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim milli mədəniyyətimiz, tariximiz – bütün bunlar Azərbaycan xalqını qorumuşdur. Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramla­rımızı qoruyub saxlamışıq.”

Prezident İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, – deyən Prezident İlham Əliyev onun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd etmişdir.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı

Daha çox xəbərlər