Siyasət 

Almaniya – Azərbaycan əlaqələri: Sadiqliq və dəqiqlik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Dövlət başçısının Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və kansler Olaf Şoltsla görüşləri Cənubi Qafqaz regionunda stabilliyin və sülhün təmin olunması istiqamətində atılan vacib və mühüm addım idi.

XIX əsrin əvvəllərində Cənubi Qafqazda məskunlaşan almanların həyat tərzinə nəzər salsaq, onların Azərbaycanda və Gürcüstanda yaşadıqları dövrü müsbət dəyərləndirə bilərik. Lakin Qafqazın allohton əhalisi olan ermənilərlə uyğunlaşa bilməyən almanlar qısa zaman kəsiyində onlardan uzaqlaşmaq məcburiyyətində qalmışdılar.

Fərəhləndirici haldır ki, almanların Azərbaycan tarixi səhifələri kilsələrin və infrastrukturun qorunması baxımından açıq səma altında muzeyə bənzəyir. Mövzu ilə bağlı yazılan müxtəlif kitablar, lentə alınan filmlər, fotosərgilər və yubiley tədbirləri daim ictimaiyyətin marağındadır.

Odur ki, Avropada bizə bir köynək yaxın olan alman iş adamlarının Azərbaycana marağı son illərdə yüksələn xətt üzrə artmaqdadır. Əlbəttə, bu zamanında təməli qoyulmuş bir prosesdir ki, bu gün aktuallığı ilə gündəmdədir.

Xatirəmdədir, 1996-cı ilin iyul ayında ümummilli lider Heydər Əliyevin Almaniyaya rəsmi səfəri zamanı Köln şəhərində açılmış alman iqtisadiyyatının sərgisi və Ticarət Cəmiyyətində şirkət rəhbərlərilə görüşü prosesin başlanğıcı idi.

Alman-Azərbaycan Cəmiyyətinin Almaniyada və Azərbaycanda otuz il ərzində keçirdiyi müxtəlif səpkili tədbirlər bu prosesin sanki tərkib hissəsi idi. Qeyd etmək lazımdır ki, Cəmiyyət tərəfindən 1998-çi ildə Kiel İqtisadiyyat Akademiyasında “Azərbaycan iqtisadiyyatının gələcəyi” mövzusunda təşkil olunmuş konfrans ərəfəsində ulu öndər Heydər Əliyevin “Wirtschaftswoche” jurnalına müsahibəsi maraqla qarşılanmışdır.
Heydər Əliyevin uzaqgörən siyasətinin növbəti təntənəsi İstanbul şəhərində OSCE-nin sammitində Almaniya kansleri Gerhard Şroyderə Bremen qalereyasının rəsm əsərlərinin geri qaytarılması zamanı olmuş və  ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı tarixinə bir salnamə yazılmışdır.

2007-ci ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində Konrad Adenaur Fondunda mükəmməl siyasi çıxışı konfrans iştirakçılarını valeh etmişdir. Tədbirin ertəsi günü Almaniya iqtisadiyyat naziri M.Glossun iştirakı ilə keçirilən iqtisadi forumda dövlət başçısının alman iş adamları ilə ünsiyyəti təməli illər öncə qoyulmuş prosesin davamı oldu.

Təşəbbüslərin davamı olaraq, Alman-Azərbaycan Cəmiyyətinin dəvəti ilə Manhaym Universitetinin rektoru, professor H.W.Arndtın və alman iş adamlarının Bakıya səfəri isə 2010-cu ilin aprel ayına təsadüf etmişdir. 2012-ci ilin avqustunda isə Cəmiyyətin təşəbbüsü və müəllifliyi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətini işıqlandıran “İqtisadi möcüzələr ölkəsi Azərbaycan: Xəzər dənizinin sahilində müasirləşmənin güclü təmsilçisi” adlı məqalə Almaniyanın nüfuzlu “Spiegel” jurnalında çap olunmuşdur.

Vaxtaşırı keçirilən görüşlər və alman iş adamlarının Azərbaycan Respublikasına səfərləri 2013-cü ildə Bakıda Alman Ticarət Palatasının yaranması ilə nəticələndi.

Tendensiyaya uyğun olaraq, bu illərdə əgər Azərbaycan şirkətləri üçün alman texnologiyaları maraqlı idisə, alman şirkətlərini əsasən enerji və logistika sahəsi daha çox maraqlandırırdı. Maraqlara baxmayaraq tədbirlər zamanı belə bir sual gündəmə gəlirdi: “Nədən alman şirkətləri Azərbaycanda beynəlxalq neft-qaz konsorsiumunda iştirak etmirlər?”

Bu suala cavab olaraq almanlar Rusiya şirkətləri ilə müqavilələrinə sadiq olmalarını bildirdilər.

İndi isə dəyişən dünyamızda Avropadakı enerji qıtlığı alman şirkətlərinin Azərbaycana üz tutmasına səbəb oldu. Ölkə başçısının bu günlərdə Berlində iş adamları ilə əhatəli görüşündən aydın oldu ki, enerji layihələri ilə yanaşı, infrastruktur, nəqliyyat, logistika, kənd təsərrüfatı, su və meliorasiya sahələri də aktuallığı ilə diqqəti çəkir.

Necə deyərlər, zamanında təməli qoyulmuş prosesin intensiv xarakter alacağı bir həqiqəti izləməkdəyik. Belə ki, ölkə başçısı iş adamları ilə görüşündə Azərbaycanda yeni yaradılmış Ələt İqtisadi zonasını vurğulamaqla yanaşı, təhsil müəssisələrinin birgə əməkdaşlığına önəm verdiyini göstərib, Azərbaycanın işıqlı gələcəyinin yolunu təsvir edib.

Alman-Azərbaycan Cəmiyyətinin sədri,
Professor Çingiz Abdullayev

Daha çox xəbərlər