İzi itirməyə çalışan ermənilər CİDDİ NƏZARƏTDƏ – Evimizə qayıdacağıq!
Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan İcması AŞPA-nı Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları üzrə monitorinqə başlamağa çağırıb.
Bildirilib ki, Ermənistanın öz ərazisindən azərbaycanlıları qovması, onların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına imkan verməməsi bu ölkənin insan hüquqları sahəsində Avropa Şurası çərçivəsində götürdüyü, o cümlədən, Avropa İnsan Hüquqları Konvensiyası və Milli Azlıqların Qorunması üzrə Çərçivə Konvensiyasından irəli gələn öhdəliklərinin ciddi şəkildə pozulmasıdır.
Millət vəkili, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı Musavat.com-a bildirib ki, AŞPA-dan bu günə qədər konkret cavab yoxdur.
“Necə ki, 30 il haqq səsimizə reaksiya vermədilər, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər kağız üzərində qaldı, indi də susqunluq göstərirlər. Onların dili açılana, gözləri görənə, qulaqları eşidənə qədər, beyinləri düşünənə kimi biz Qərbi Azərbaycan İcması olaraq öz yolumuzdan dönməyəcəyik. Biz sülhməramlı qayıdışın tərəfdarıyıq. Konsepsiyanın da adı məlumdur – sülh yolu ilə, ləyaqətli şəkildə öz doğma yurdumuza qayıdış.
Digər beynəlxalq strukturlara da bu istiqamətdə çağırış olunub. İrəvan Azərbaycan türklərinin qədim şəhərlərindən biridir. Orada Azərbaycan xalqının yüz illər boyu yaratdığı, tarixə düşmüş, dünyanın bir sıra alimlərinin kitablarında bəhs edilmiş əsərlər var. Karvansaralar, dini ibadət yerləri, qədimdən qalma küçələr, evlər, mədəniyyət mərkəzləri, 200 ilə yaxın yaşı olan məktəblər var. Bütün bunlarla bağlı müvafiq beynəlxalq təşkilatlara müraciət olunub ki, ermənilər Azərbaycan xalqının orada tarixən mövcudluğunu pozmaq, izi itirmək üçün sadaladığım irs nümunələrini sürətlə dağıdırlar”, – Məlahət İbrahimqızı vurğulayıb.