Türkiyə-Azərbaycan birliyi dünyada güc mərkəzinə çevrilib
Martın 26-da Bakı Olimpiya Stadionunda Türkiyənin «Qalatasaray» və Ağdamın «Qarabağ» futbol komandaları arasında keçirilən dostluq matçı iki qardaş ölkənin diplomatik münasibətlərinə yeni səhifələr yazdı.
Əsrlərin sınağından çıxmış Azərbaycan-Türkiyə dostluq münasibətləri əbədi və sarsılmazdır. Azərbaycanın təşəbbüsü ilə reallaşan, dünyanın enerji və nəqliyyat xəritələrini dəyişən qlobal layihələrin inşasında birgə fəaliyyət göstərən hər iki qardaş ölkənin siyasi, iqtisadi, mədəni əlaqələri bütünlükdə bölgə və türk dünyası üçün böyük əhəmiyyət daşıyır. Beynəlxalq təşkilatlarda dünya siyasətinin aktual məsələlərinin müzakirəsində eyni mövqedən çıxış edən hər iki dövlətin sarsılmaz birliyi İkinci Qarabağ müharibəsində daha geniş mənada təsdiqləndi. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin ilk günlərdən Azərbaycanın haqq işinə yardım göstərməsi, mənəvi və siyasi dəstəyi ilə Azərbaycanın yanında olması, sülhə, sabitliyə hesablanmış qardaşlıq köməyi idi. Artıq təkzibolunmaz faktdır ki, Türkiyə-Azərbaycan qardaşlığı bütünlükdə türk dünyasının lokomotividir.
İkinci Qarabağ müharibəsinin başlandığı ilk andan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır» sözləri xalqımıza əlavə güc, Qələbə əzmi, mətanət verdi. Dünya tarixində genetik bağlılıqları, ortaq tarixləri oxşar xalqlar, istənilən qədər mövcud olsalar da, Azərbaycanla Türkiyə arasındakı sarsılmaz əlaqələr alternativi olmayan qardaşlıqdır.
İkinci Qarabağ müharibəsində Azərbaycanın işğalçı Ermənistan üzərindəki Qələbəsinə xalqımız qədər sevinən, bu Zəfəri öz uğurları kimi qeyd edən türkiyəli qardaşlarımız bu birliyin sarsılmazlığını eyni coşqu ilə qeyd etdilər. Vətən müharibəsindən sonra işğaldan azad edilmiş Şuşada iki dövlət başçıları arasında imzalanan Müttəfiqlik Bəyannaməsi ilə qardaşlıq əlaqələri strateji münasibətlər səviyyəsinə çatdırıldı. Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar quruldu. İkitərəfli əlaqələrin yenilməzliyi təkcə bölgəyə deyil, bütün dünyaya nümunə oldu.
Bakıda keçirilən «TEXNOFEST Azərbaycan» ” festivalında «Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Xatırlayıram, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2020-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq» söyləyən Prezident İlham Əliyev əminliklə bildirdi ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək.
Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan bərpa- quruculuq işlərində Türkiyə şirkətlərinin çoxluq təşkil etməsi bu qardaşlığın təzahürüdür. Eyni kökdən qaynaqlanan hər iki xalqın hədəfi dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, iqtisadi inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmlənməsinə töhfə verməkdir.
Türk Dövlətləri Təşkilatının Ankarada «Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım”» mövzusunda keçirilən Fövqəladə Zirvə Görüşündə bu qardaşlıq bir daha təsdiqləndi.
Fövqəladə Zirvə görüşünün Türkiyədə keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını «Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm”» sözləri ilə çatdıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, iki qardaş ölkənin birgə səyi ilə inşa olunan layihələr Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır”.
Bütün dünyanı dərindən sarsıdan zəlzələnin dağıdıcı nəticələrinin aradan qaldırılması üçün göstərilən yardımlarda da fərqlənən Azərbaycan ilk anlardan türk xalqının yanında oldu. Fövqəladə görüşdə hər ilin 6 fevral tarixinin «Həyatını itirənlərin anım və birlik, bərabərlik və həmrəylik günü”» elan olunması, Təşkilat çərçivəsində Təbii Fəlakətlərin Monitorinqi və Təhlili Mərkəzinin yaradılması ilə bağlı irəli sürülən təkliflər türk dünyasının birlik və həmrəylik nümunəsi idi.
Görüşdə Prezident Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq son gününə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyini, Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsini xatırladan Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə –Azərbaycan birliyi dünyada güc mərkəzinə çevrilib. Qüdrətli dövlətlərin belə hesablaşdığı Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Artıq Cənubi Qafqazda söz sahibi olan Türkiyə Azərbaycanla çiyin-çiyinə addımlayır. İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında davam etdirilən yenidənqurma prosesində, infrastruktur layihələrinin inşasında Türkiyənin şirkətləri podratçı kimi azərbaycanlı həmkarları ilə birgə çalışır. Rəcəb Tayyib Ərdoğanın Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla səfərləri iki dövlətin birgə iştirakı ilə həyata keçirilən layihələrin inşasını tezləşdirir.
Zəngəzur dəhlizinin bir hissəsi olan avtomobil yolunun təməlini birgə qoyan, Füzulidə, Zəngilanda iki ölkə mütəxəssislərinin birgə səyi ilə inşa olunan Beynəlxalq Hava limanlarının açılış mərasimlərində iştirak edən prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan türk dünyasının birlik və həmrəylik rəmzi olan Zəngəzur dəhlizinin açılışını da birgə qeyd edəcəklər. « Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir» sözləri ilə bu sahədə Zəngəzur dəhlizinin əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyev Qərbi Azərbaycanda Ermənistanın siyasi- hərbi rəhbərliyi tərəfindən etnik təmizləməyə məruz qalan həmvətənlərimizin doğma yurdlarına qayıtması üçün hazırlanan Qayıdış Konsepsiyasının əhəmiyyətini də qeyd etdi. Bu qardaşlığın yeni, sarsılmazlıq ünvanı isə Zəngəzur dəhlizinin bərpasıdır.
Bu reallığı «Bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək» sözləri ilə bəyan edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin bölgə dövlətləri üçün siyasi , iqtisadi əhəmiyyətini də vurğulayır.
Martın 26-da Bakı Olimpiya Stadionunda Türkiyənin «Qalatasaray» və Ağdamın «Qarabağ» futbol komandaları arasında keçirilən dostluq matçı iki qardaş ölkənin diplomatik münasibətlərinə yeni səhifələr yazdı. Ən əsası odur ki, oyundan əldə olunan gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndərildi.

