Cəmiyyət 

“Dəmir yumruq” öz yerindədir və …

Görünən odur ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkmək niyyətində deyil

Son günlər  Hayastandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması daha da intensivləşmişdi. Ordumuz tərəfindən  Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimaldan keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni yol tikinti işlərinin aparılması müvafiq müşahidə vasitələri ilə qeydə alınmışdı. Azərbaycanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, erməni tərəfi bu təxribatçı əməllərini dayandırmadılar. Bu səbəbdən də martın 25-də Azərbaycan Ordusunun bölmələri Laçın yolunun şimalındakı torpaq yollardan qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə müvafiq nəzarət tədbirləri həyata keçirməyə məcbur oldu.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın ölkəmizin ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə görülən nəzarət tədbirləri ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib. Ermənistan tərəfinin sözügedən hərbi təxribatları, həmçinin hakimiyyət nümayəndələrinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə Ermənistan prezidenti, baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən bəyanatlar bu ölkənin Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyinin bariz nümunəsidir.

Vurğulanır ki,  işğalçı dövlətin bu addımları son zamanlar sülh sazişi üzrə beynəlxalq səylərin canlanması şəraitində Ermənistanın sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətini, eləcə də bölgədə sülh və sabitliyin təmin edilməsində maraqlı olmadığını göstərib. Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan və bəyanatlardan, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağıran XİN hesab edir ki, qarşı tərəf beynəlxalq ictimaiyyəti çaşdırmamalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. “Ermənistan tərəfinin son təxribatları göstərir ki, Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir”, – deyə XİN bəyan edib.

Beynəlxalq vasitəçilərin səyləri nəticəsində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalı yüksək olduğu bir vaxtda Qarabağda erməni separatçılarının baş qaldırmaq cəhdləri təəssüf doğurur. Həmişə olduğu kimi, bu dəfə də Ermənistan prosesi pozmaq üçün təxribatlara əl atır, özü də Rusiya sülhməramlılarının vasitəsilə.  Son hadisə və faktlar onu göstərir ki, Rusiya hərbi kontingenti özünün sülhməramlı missiyasını unudaraq Qarabağdakı erməni terrorçularının himayədarına çevrilib. Baxmayaraq ki, bununla bağlı Azərbaycan tərəfinin çoxsaylı müraciətləri olub, ancaq indiyədək hər hansı bir tədbir görülməyib. Əsas məsələlərdən biri də budur ki, sülhməramlıların yarıtmaz fəaliyyəti Rusiya ilə qarşılıqlı etimad mühitinə də zərbə vurur. Bu qarşıdurma nə Rusiyanın, nə də Azərbaycanın maraqlarına cavab verir. Amma Rusiya Müdafiə Nazirliyi də bilməlidir ki, Azərbaycan Qarabağa silah-sursat daşınmasının qarşısını bütün vasitələrlə alacaq.

Erməni təxribatlarına verilən cavab isə Azərbaycanın növbəti “dərsidir”. Azərbaycan bununla bir daha sübut edir ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Təbii ki, bu kimi təxribatlar Azərbaycanın maraqlarına uyğun deyil və yenidən bölgədə  antiterror əməliyyatları məsələsini aktuallışdırır. Əgər Azərbaycan ərazisindən cinayətkar rejimə hərbi yardımlar davam edərsə ölkəmiz Qarabağda erməni quldur dəstələrinin mövcudluğunu aradan qaldırmaq məqsədilə antiterror əməliyyatları keçirmək hüququna sahibdir. Bu, həm ölkəmizin, həm də regionun təhlükəsizliyi üçün çox vacibdir və beynəlxalq hüquqla tam şəkildə tənzimlənir. Ermənistan və himayədarları anlamalıdırlar ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun bunun üçün bütün imkanları var. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycanın haqlı mübarizəsində heç bir qüvvə ona mane ola bilməz.

Ermənistanın 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, bununla da sülh müqaviləsindən yayınır. Hadisələrin gedişatı göstərir ki, Qarabağda yerləşən qondarma separatçı rejimin ölkəmizin sülh niyyətindən sui-istifadə etməyə çalışdığı ortadadır – Ermənistandan Xankəndiyə fərqli yollarla daşınmasına cəhd göstərilən silah-sursat bunun sübutudur. Rusiyanın sülhməramlı kontingentinin müvafiq ərazilərə yerləşdirilməsinin ardından erməni silahlı birləşmələrinin qalıqları Azərbaycan torpaqlarını tərk etməyib, tam əksinə, yeni təxribatyönümlü fəaliyyətlərlə məşğul olmaqdadır. Başqa sözlə, 10 noyabr razılaşmasının 4-cü bəndi icra edilməyib. Razılaşmanın müvafiq bəndində göstərilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti  ərazidə erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Amma rusiyalı sülhməramlıların fəaliyyət müddətinin bitməsinə az zaman qalmasına baxmayaraq, hələ də erməni silahlıları Azərbaycan torpaqlarını tərk etməyiblər. Üstəlik, bu silahlı birləşmələr Azərbaycana qarşı təxribatlar törətməkdə də davam edir. Amma onlar unutmamalıdır ki “dəmir yumruq” öz yerindədir və …

Daha çox xəbərlər