Gündəm 

Azərbaycan demokratik, təhlükəsiz və çiçəklənən ölkə kimi dünyanın diqqətindədir

Prezident Cozef Baydenin Novruz bayramı münasibətilə dövlət başçısı İlham Əliyevə təbrik məktubu, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin telefon zəngləri Azərbaycanın yeni reallıqların fonunda beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinə və roluna işıq salır

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin dövlət başçısı İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubunda əksini tapan “Azərbaycan və Birləşmiş Ştatlar ötən il ərzində enerji təhlükəsizliyini təmin etmək və xalqlarımızın üzləşdiyi transmilli çağırışlara cavab vermək üçün bir araya gəliblər. Baharın gəlişi və yeni başlanğıcları qeyd etdiyimiz bu ildə xalqlarımız arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm. Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir” fikirləri ölkəmizin bütün sahələrdə qazandığı uğurların dünyada diqqətlə izlənildiyini, əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu, ən əsası hazırkı dövrün əsas çağırışı olan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına dünya güclərinin dəstəyini ifadə edir. ABŞ Prezidenti ənənəyə uyğun olaraq hər tarixi gündə, bayramlarda Azərbaycan Prezidentinə təbrik məktubunu ünvanlamaqla bu əlaqələrin yenilənən dünya düzənində əhəmiyyətli rolunu da açıqlayır. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti xarici siyasət uğurlarının davamlılığını təmin edir.

Azərbaycanın diplomatik uğurları xalqın milli mənafelərinə, dövlətçiliyin möhkəmlənməsinə xidmət edir. Sivilizasiyalar arasında körpü olan Azərbaycana artan maraq, dünya ictimaiyyətini narahat edən məsələlərin həlli yollarını əks etdirən hədəflərin ölkəmizdə müəyyənləşdirilməsi, Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan seçilməsi və sair kimi mühüm addımlar dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin uğurlarıdır. Cari ilin ötən qısa dövründə dövlət başçısı İlham Əliyevin xarici ölkələrə səfərləri, həmçinin qatıldığı beynəlxalq əhəmiyyətli tədbirlərin say tərkibi bunu bird aha sübut edir. Həmçinin əksər tədbirlərə Azərbaycan ev sahibliyi ilə müasir dövrün sülh və əməkdaşlıq çağırışlarının ölkəmizdən dünyaya çatdırılmasına nail olur.

Ulu öndər Heydər Əliyevin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin prinsiplərindən bəhs edərkən bu vacib məqamı önə çəkir ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət əsasında əməkdaşlıq əlaqələri qurulur, xarici siyasətimiz çoxşaxəli, açıq və aydındır. Ən əsası beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, bütün məsələlərin məhz bu prinsiplər əsasında çözülməsinə səy göstərən Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Azərbaycan müstəqil siyasət yürüdür. Bu fikir beynəlxalq səviyyədə də xüsusi qeyd edilir ki, müstəqil iqtisadi siyasət yürüdən ölkə müstəqildir. Azərbaycan bu baxımdan da nümunəvi ölkə kimi qeyd edilir. Bunun üçün Azərbaycanın enerji sektorunda qazandığı uğurların miqyasına diqqət yetirmək kifayətdir. ABŞ Prezidentinin təbrik məktubunda da Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri xüsusi qeyd edilir. Təkcə ötən il enerji sektorunda imzalanan iki sənədi qeyd etmək kifayətdir. İyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”, dekabr ayında isə Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının son 20 ilə yaxın dövrdə cənab İlham Əliyevin uğurla davam etdirməsi Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrdə özünün aydın ifadəsini tapır.

O da məlumdur ki, Azərbaycan-ABŞ münasibətləri üç istiqamətdə – demokratiya, energetika və təhlükəsizlik sahəsində uğurla inkişaf edir. Aydın məsələdir ki, bir ölkə iqtisadi əlaqələr qurmaq istədiyi dövlətdə ilk olaraq sabitliyə, demokratiyanın inkişafına diqqət yetirir. Dövlət başçısı daim bu reallığı önə çəkir ki, elə ölkələr var ki, iqtisadi inkişafı yüksək səviyyədədir, amma demokratik inkişaf baxımından zəifdir. Elə ölkələr də var ki, demokratik inkişafı yüksəkdir, iqtisadi cəhətdən zəifdir. Lakin bizim ölkəmizdə vəziyyət tamamilə fərqlidir. İqtisadi və siyasi islahatların paralel şəkildə aparılması ölkəmizin hərtərəfli inkşafında əsas faktordur. Azərbaycanda iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması uğurlu addım kimi beynəlxalq təşkilatların, o cümlədən ABŞ Dövlət Departamentinin hesabatlarında da qeyd olunur. Cənab İlham Əliyev bildirir ki, demokratikləşmə sadəcə bir niyyət, şüar deyil, ölkənin hərtərəfli inkişafının əsasıdır. Bu fikirlər ümummilli lider Heydər Əliyevin “Demokratiya bizim strareji kursumuzun əsasını təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz” tezisinin davamıdır. Demokratikləşmə prosesinin sürətlənməsi ölkəmizin hərtərəfli inkişafına xidmət edən addımdır. Azərbaycan dövləti demokratik prinsiplərə sadiqliyini sözdə deyil, əməldə sübut edib. Bu gün ölkəmizdə söz, mətbuat azadlığının yüksək səviyyədə təmin olunması, insan hüquqlarının lazımi səviyyədə qorunması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokatikliyinin, azad və şəffaflığının təmin edilməsi üçün təkmil seçki qanunvericiliyinin mövcudluğu, vətəndaş cəmiyyəti quruculuğunda qeyri-hökumət təşkilatlarının rolunun artırılmasına xidmət edən tədbirlər və sair kimi addımlar demokratiyanın inkişafına yönəlib. ABŞ Azərbaycanın demokratik inkişafını yüksək dəyərləndirir.

ABŞ regional enerji təhlükəsizliyinin gücləndirilməsi, Azərbaycanın demokratik, təhlükəsiz və çiçəklənən dövlət kimi inkişafının təmin edilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən də artıq tarixə gömülmüş Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması məsələlərində daim Azərbaycan hökuməti və xalqı ilə birgə işləmək istəyini ortaya qoyub və bu istiqamətdə addımlar atır. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsindən sonra yaratdığı yeni reallıqlar bir daha ölkəmizin düşünülmüş və məqsədyönlü siyasətinə işıq saldı. Mövqeyindən bir addım da belə geri çəkilməyən dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, Vətən müharibəsi həqiqət anı oldu. Kimin haqqın-ədalətin, kimin isə şərin yanında olduğu bir daha təsdiqləndi. ABŞ Prezidentinin təbrik məktubunda da postmünaqişə dövrünün reallıqlarının qəbulu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində ölkəmizin atdığı addımlar yüksək dəyərləndirilir. Ölkəmizin sülh təklifi təqdir olunur.

Qarabağ münaqişəsinin tarixə gömülməsindən sonra Azərbaycan dərhal işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verdi. Ölkəmizin həyatında yeni mərhələ başladı. Azərbaaycan dövləti bəyanatlarında bu məqamı daim vurğulayır ki, Ermənistan keçmişlə yaşayır. Gələcəyə baxmaq, yeni səhifə açmaq lazımdır. Bunun üçün sülh müqaviləsinin imzalanması ilə regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunmasına nail ola bilərik. Son iki ildən artıq dövrdə Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər göz önündədir. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan postmünaqişə dövrünün yeni reallıqlarını diqqətə çatdırarkən bu fikri də xüsusi qeyd edir ki, Azərbaycan ədaləti və beynəlxalq hüququ müdafiə edir.

BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən keçmiş ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi ABŞ-ın mövqeyi Azərbaycan üçün maraqlı idi. Nəzərə alsaq ki, ABŞ erməni diasporunun güclü olduğu ölkələrdəndir, bu baxımdan Birləşmiş Ştatların hər hansı bir məsələyə yanaşması diqqətdən kənarda qalmır. Bir faktı da qeyd edək ki, ABŞ Konqresinin 1992-ci ildə Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi tətbiq etməsində, həmçinin demokratiyaya dəstək adı ilə hər il işğalçı Ermənistana və qondarma rejimə yardımların həcmini artırmasında erməni diasporunun rolu böyük olub. Amma artıq erməni yalanlarının ayaq tutub yeridiyi dövr arxada qalıb. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsi ilə işğalçı Ermənistana və ona havadarlıq edənlərə lazım olan mesajlarını çatdırdı, həmçinin bu müharibə ermənilərə elə bir dərs verdi ki, tarix boyu unutmayacaqlar.

Yuxarıda da qeyd etdiyimiz kimi, demokratik inkişaf Azərbaycan dövlətinin siyasətində əsas yer tutur. “Biz demokratik inkişafa sadiqik. Azərbaycanda bütün demokratik institutlar fəaliyyət göstərir. Hüquqi dövlət quruculuğu sahəsində böyük uğurlar vardır. Demokratiyanın inkişafı bizim vəzifəmizdir, borcumuzdur. Bu, ilk növbədə, Azərbaycan xalqına lazımdır. Biz bu sahədəki fəaliyyətimizi kiminsə xoşuna gəlmək üçün yox, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq və bütün azadlıqları təmin etmək üçün edirik. Biz bundan sonra da bu siyasətə sadiq olacağıq” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, üzv olduğumuz beynəlxalq təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtında yerinə yetiririk. O da bildirilir ki, siyasi islahatlar iqtisadi islahatlarla tamamlanmalıdır. Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar paralel şəkildə aparılır və uğurlarımızın əsas səbəbi məhz bundan ibarətdir. Siyasi islahatlar çox güclü iqtisadi təməl üzərində qurulub.

ABŞ Prezidentinin təbrik məktubunda bir daha ABŞ-Azərbaycan münasibətlərinin bu gününə işıq salınır və perspektivlərdən bəhs olunur. ABŞ Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla əməkdaşlığını bundan sonrakı dövrdə də davam etdirməyə sadiqliyini ifadə edir.

Martın 21-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenin, martın 25-də isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dövlət başçısı İlham Əliyevə telefon zənglərində də səsləndirilən fikirlər Azərbaycanın yeni reallıqların fonunda artan rolunun təqdimatı oldu. Azərbaycanın sözünün imzası qədər əhəmiyyətinin artması günümüzün əsas reallığıdır. Hər iki telefon zəngində Ermənistanın hərbi və siyasi təxribatları müzakirə edildi. Prezident İlham Əliyev son həftələr ərzində Ermənistan tərəfinin Avropa İttifaqının bu ölkədəki missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürütdüyünü, Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən atəşkəsin intensiv şəkildə pozulması hallarının müşahidə olunduğunu diqqətə çatdırdı. Azərbaycanın sülh gündəliyinə tam sadiq, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazır olduğunu qeyd edən cənab İlham Əliyev bildirdi ki, ABŞ və şəxsən dövlət katibi Antoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirir. Dövlət katibi Antoni Blinken ABŞ-ın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə də hazırkı dövrün əsas çağışları ətrafında fikir mübadiləsi aparıldı.

Göründüyü kimi, Azərbaycanın sülh, əməkdaşlıq çağırışlarını sözdə deyil, əməldə təsdiqləməsi, ədaləti və beynəlxalq hüquqi müdafiə etməsi əksər dünya gücləri tərəfindən təhlükəsiz gələcəyə yönələn addım kimi dəyərləndirilir və dəstəklənir. Bu, Azərbaycanın müstəqil siyasətinin, dövlət maraqlarının yüksək səviyyədə qorunmasının göstəricisidir.

Daha çox xəbərlər