İstanbulda ŞÜŞƏ SARAY: Büllur Muzeyindən möhtəşəm görüntülər – ÖZƏL VİDEO, FOTO
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti, Türkiyənin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı, Türkiyənin Özbəkistandakı Səfirliyinin Mədəniyyət Müşavirliyinin informasiya dəstəyi ilə reallaşan Türk dövlətlərinin bir qrup media mənsubunun Türkiyə səfərinin növbəti ziyarət ünvanı İstanbulun Çamlıca adlanan hissəsindəki möhtəşəm muzey oldu.
İstanbulun Avropa hissəsindən Asiya tərəfinə keçirik. Boğaz körpüsü – 15 Temmuz Şəhidlər körpüsü möhtəşəmdir, dənizi, kəhrəba sularda üzən gəmiləri, ətrafdakı göz oxşayan binalar, mavi səmaya ucalan Türkiyə bayrağı və camilərin minarələri ilə…Gözümüzü və ruhumuzu oxşayan bu mənzərələri seyr edə-edə ötüb Çamlıca təpəsinə qalxırıq.
Beykoz Cam və Büllur Muzeyindən Türk-Osmanlı tarixinin nadir inciləri toplanıb. Buranı ümumi şəkildə şüşə saray da adlandırmaq olar. Səlcuqludan Osmanlı imperiyasının sonunadək müddəti əhatə edən 1200 əsər Cam Evində sərgilənir.
Sanki sehrli şüşələr aləminə düşürsən burada: müxtəlif şüşə qablar, pəncərələr üçün çərçivələr, zərif işləmələr, daha nələr-nələr… “Fil gözü” pəncərə şüşələri eynilə filin gözlərini xatırladır. Amma təkcə bu işləmə? Təbii ki, yox. Burada rəngarəng şüşə fiqurlar, qablar, çeşidli çilçıraqlar, qədəhlər…adamlar danışırmış kimidir…Sultanların sarayının nümunələri adamı ötən əsrlərə qaytarır. Heyrətlənirsən, Türk sultanları həm də təmsil olunduqları millətin sənətinin yaşadılmasına töhfələr veriblər, möhtəşəm sənət əsərlərinə xüsusi diqqət yetiriblər. Muzeyin girişində ziyarətçilərə təqdim olunan xüsusi qurğu ilə hər bir eksponatla yerindəcə tanış olmaq fürsəti yaradılır, hətta bələdçi olmadan. Burada Qurani-Kərimdən seçmələr də xüsusi işmələrlə saxlanılır. 19-cu əsrin nadir incilərindən biri – xəttatlar tərəfindən işlənilmiş Hadisi-Şerif möhtəşəmdir. Şüşə qabın içərisinə yeridilmiş Quran nümunəsinə tamaşa etmək zövq verir. Sultanın önəmli qonaqları üçün hazırlanmış süfrəyə düzülmüş büllur qablar da göz oxşayır. Fransız istehsalı olan pianino, ecazkar görüntülü fayton da sultandan qalıb. Bu nadir eksponatlar da bir-birindən gözəl şüşələrlə çərçivələnib, haşiyələnib.
Ziyarətçilər üçün ideal şərait yaradılıb. Burada alış-veriş ünvanı da var, müxtəlif suvenirləri almaq mümkündür, həmçinin çay, qəhvə içmək, qəlyənaltı etmək üçün rahat şərait var. Həyətdəki çinar ağacları əzəməti ilə səyahət edənləri sevrləndirir, bağçadakı təmiz hava bura gələnləri məftun edir.
Yan tərəfdə daha bir gözəl ünvan var, buradakı sənətkarlar şüşələrdən xarüqələr yaradırlar. Bu barədə növbəti yazımızda…
Elşad Paşasoy,
Musavat.com,
İstanbul



























