Bərdədə pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Bərdə rayonunun Dəymədağıldı kəndində fiziki şəxs İsmayılov Mətləb Əli oğluna məxsus pendir sexində yoxlama aparılıb.
Yoxlama zamanı sexdə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi aşkarlanıb. Müəssisədə mexaniki havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin müvafiq sahə ilə təchiz edilmədiyi, döşəmə və divar səthlərinin asan təmizlənə bilən və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, pəncərələrin toz və həşəratlara qarşı qoruyucu torla təmin olunmadığı və digər nöqsanlar müəyyən olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.


