Medianın inkişafına dövlət qayğısının növbəti təzahürü
Bu islahat KİV-in qarşısında keyfiyyətcə yeni perspektivlər açacaq
Hazırda fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı dövlət siyasətinin prioritetini təşkil edir. Bu baxımdan Azərbaycanda azad medianın inkişafına dövlət səviyyəsində həmişə yüksək diqqət və qayğı göstərilib. Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 1-də “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunu təsdiqləməsi bunun növbəti əyani göstəricisidir. Qanunla audiovizual media istisna olmaqla, digər media subyektləri öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri və müvafiq maddi yardımlardan tutulan gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, eləcə də istehsal etdikləri media məhsullarının əlavə dəyər vergisindən 3 il müddətinə azad olunur.
Prezident İlham Əliyevin qərarı ilə medianın vergilərdən azad edilməsi son illərdəki media islahatlarının məntiqi davamıdır. Ümumiyyətlə, son illər bu sahəyə dəstək göstərmək məqsədilə atılan addımlar, o cümlədən jurnalistlərə güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı müvafiq qaydalara dəyişikliyin olunması, qəzet kağızının idxalı və satışı üzərindən əlavə dəyər vergisinin götürülməsi, həmçinin Vergi Məcəlləsində edilmiş sözügedən dəyişiklik dövlətin mövcud istiqamətdəki siyasətinin davamlılığının növbəti göstəricisidir.
Media subyektlərinə vergi güzəştlərinin tətbiq edilməsi gələcəkdə media subyektlərinin daha çevik və iqtisadi fəallığa uyğun biznes fəaliyyəti həyata keçirməsinə əlavə stimul verəcək. Media sahəsində reklam gəlirlərinin leqallaşdırılması, reklam bazarının həcminin artırılması və canlandırılması ilə media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə imkan yaradacaq. Məhz “Media haqqında” Azərbaycan Respublikası Qanununun dördüncü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Ümumiyyətlə, dövlətin medianın inkişafına dəstək strategiyasında bu sahə ilə bağlı müxtəlif vaxtlarda ƏDV-dən azadetmə təcrübəsi olmuşdur və bu, medianın iqtisadi vəziyyətinin yaxşılaşmasına müsbət təsirini göstərib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid məsələ ilə bağlı açıqlamasında bildirib ki, media cameəsinin gözləntilərini doğruldan və günün tələblərinə adekvat olan dəyişiklik, hesab edirəm ki, bu sektorun sosial-iqtisadi durumuna müsbət təsir göstərəcək. Azərbaycanın reklam bazarında medianın iştirak payının onsuz da aşağı olduğu bir vaxtda dövlət başçısının təsdiqlədiyi Qanun bu sektorun üzləşdiyi maddi çətinlikləri əhəmiyyətli dərəcədə aradan qaldıracaq. Bu dəyişiklik qlobal böhran risklərindən qorunma təminatı olmaqla yanaşı, bir yandan da inkişaf üçün imkanların yaradılmasını, perspektivdə medianın sosial-iqtisadi cəhətdən güclənməsini və müstəqil fəaliyyətini şərtləndirən amildir ki, indiki zamanda media sektoru üçün bundan yüksək dividend ola bilməz. Bu, həm də media subyektlərinin bazar münasibətlərində etibarlı tərəfdaş kimi tanınması baxımından çox önəmlidir.
Mətbuat Şurasının sədri diqqətə çatdırıb ki, indi əsas məsələ qarşıdakı 3 il müddətində bu istiqamətdə əməli fəaliyyət göstərməkdir: “ Çalışmaq lazımdır ki, bu fəaliyyət medianın vahid orqanizm kimi ölkə iqtisadiyyatında yerinin və mövqeyinin qərarlaşmasına imkan versin. Media subyektlərinin iqtisadi sferada sərbəst təmsilçiliyinin formalaşması onların gəlirlərinin artmasını da şərtləndirər, nəticədə redaksiyaların öz əməkdaşlarının həyat şəraitini yüksəltməsi, sosial vəziyyətini yaxşılaşdırması baxımından müsbət dinamikaya nail olunar. Vergi Məcəlləsində edilmiş bu dəyişiklik müəyyən mənada həm də Azərbaycan Prezidentinin hələ ötən il təsdiqlədiyi “Media haqqında” Qanundan qaynaqlanır. Qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətinin stimullaşdırılması müddəası yer alır. Bu, eyni zamanda, jurnalist peşəsinin ictimai həyatımızdakı mənəvi statusunun güclənməsinə dəstəkdir. Güclü medianın informasiyalı cəmiyyətin əsas elementlərindən biri sayıldığını nəzərə alsaq, müasir dövrdə jurnalistikanın dövlət idarəçiliyində, cəmiyyət həyatında nə qədər müstəsna əhəmiyyət daşıdığı aydın olar. Bu mənada Azərbaycan dövlətinin ölkəmizdə medianın inkişafı istiqamətində atdığı bu ardıcıl addımlar birmənalı olaraq alqışlanmalı və təqdir edilməlidir. Neçə illərdən bəri belə sistemli və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə hərtərəfli şərait yaradıldığına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.”

