Cəmiyyət 

Aprel döyüşləri bizi böyük Zəfərə aparan bələdçi oldu – Qarabağ qazisi

Aprel döyüşləri hər şeydən əvvəl dövlətimizin, xalqımızın birliyini, ordumuzun peşəkarlığını göstərdi.  Məhz bu birlik, peşəkarlıq sayəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində üçrəngli, ay-ulduzlu bayrağımız dalğalandı. Aprel döyüşləri həm də 44 gün davam edən İkinci Qarabağ müharibəsində böyük Zəfərə aparan yolda bizim bələdçimiz oldu. Məhz bu bələdcimiz sayəsində Azərbaycan işğal altında olan ərazilərinə yenidən sahib oldu.

Bu sözləri 2016-cı ilin Aprel döyüşləri zamanı işğal altında olan bir neçə yüksəkliyin ələ keçirilməsində iştirak etmiş, elə həmin döyüşlərdə yaralanmış,  II qrup Qarabağ qazisi, ehtiyatda olan baş leytenant Əhliyət Mehdiyev “İki sahil” qəzetinə açıqlamasında deyib.

Ə. Mehdiyev bildirib ki, bu döyüşlər Azərbaycan xalqı və dövlətinin heç vaxt işğalla barışmayacağını, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəyini birmənalı şəkildə göstərdi: “Halbuki Aprel döyüşlərinə qədər bizə işğalla barışan ölkə kimi baxırdılar. Ordumuz Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonu ərazisindəki Lələtəpə yüksəkliyini və bir sıra istiqamətlərdə mövqeləri düşməndən azad etməklə hayların öz orduları haqqında uydurduqları mifləri tamamilə darmadağın etdi. Onu da deyim ki, Aprel döyüşləri 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsdən sonra ilk ən şiddətli döyüş kimi tarixə düşdü.

Döyüş itkisiz olmur deyirlər. Bu döyüşlərdə polkovnik-leytenant Murad Mirzəyev, mayor Samid İmanov, kapitan Mühit Orucov, polkovnik-leytenat Raquf Orucov, polkovnik Vüqar Yusifov kimi igid oğullarımız şəhidlik mərtəbəsinə yüksəldilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz əldə etdiyimiz hər bir uğurumuza görə onlara borcluyuq”.

Həmsöhbətimiz qeyd edib ki, Aprel döyüşləri gedən günlərdə bir yumruq kimi birləşən xalq-iqtidar-ordu birliyi yarandı. O günlərdə könüllülərin sayı-hesabı olmadı. Bu döyüşlər gənclərimiz üçün bir imtahan oldu və onlar bu sınaqdan üzüağ çıxdılar. Şübhəsiz, bu, Azərbaycan gənclərinin Vətənə olan sevgisinin göstəricisi idi.

Ermənistan siyasi, iqtisadi dayaqlarını sarsıdan Aprel döyüşləri bu işğalçı ölkəyə və Qarabağdakı separatçılara tezliklə məğlubiyyətlər böhranında boğulacaqlarının  anonsunu, havadarlarına isə Azərbaycanın öz ərazilərini hərb yolu ilə azad etməyə qadir olduğu mesajını verdi. Amma erməni quldurları və onların havadarları yenə öz çirkin niyyətlərindən əl çəkmədilər. Nəticədə İkinci Qarabağ müharibəsində Prezident İlham Əliyevin dediyi kimi, biz onlara elə toy tutduq ki… Belə ki, müasir silahlarla, o cümlədən pilotsuz uçuş aparatları və ən müasir tank əleyhinə idarəolunan raket kompleksləri ilə təchiz olunmuş ordumuz Ermənistana tarixinin ən böyük fəlakətini yaşatdı. Bir sözlə, Aprel zəfərimiz 2020-ci il noyabrın 8-də əldə olunan möhtəşəm Şuşa Zəfəri ilə zirvəyə yüksəldi. Dövlətimizin başçısı İlham Əliyev Şuşaya qalib komandan kimi ayaq basaraq dünyaya mesaj verdi ki, beynəlxalq təşkilatların çözə  bilmədiklərini Azərbaycan öz gücünə 44 günə həll etdi.

Ə. Mehdiyev, həmçinin bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsindən danışarkən həmişə Aprel döyüşlərindən söz açır. Məsələn, dövlətimizin başçısı 2022-ci ildə hərbi hissələrdən birinin şəxsi heyəti qarşısında çıxışı zamanı demişdir: “Aprel döyüşləri işğalçılar üçün bir mesaj, bir siqnal idi ki, işğala son qoyun, torpaqlarımızdan çıxın, rədd olun… Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər. Bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı. “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir”.

Müsahibimizin fikrincə, istər Aprel döyüşlərində, istərsə də İkinci Qarabağ müharibəsində əldə olunan qələbələr Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunun, eləcə də onun rəhbərliyi ilə Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatların uğurlu məntiqi nəticəsi idi. Dövlət başçımızın reallaşdırdığı hərbi əməliyyatlar, xüsusən Şuşanın haylardan azad edilməsi planı hazırda dünyanın bir çox hərbi mərkəzlərində geniş təhlil edilir. Şuşanın azad edilməsi ilə Hayastan ordusunun onurğası tamamilə qırıldı.

Ehtiyatda olan baş leytenant söhbətinin sonunda vurğulayıb ki, Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Co­cuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə aradan qaldırıldı və məcburi köçkünlər öz ata-baba yurdlarına qayıtmağa başladılar. Bununla da Böyük Qayıdışın təməli qoyuldu.  Bununla da bütün məcburi köçkünlərdə öz ocaqları­na qayıdacaqları barədə möhkəm inam yarandı. Bu inamı da yaradan elə Aprel döyüşləri oldu. İkinci Qarabağ müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəldilməsi ilə yanaşı, keçmiş məcburi köçkünlərin öz yurdlarına qovuşmasına, əhalinin dayanıqlı məskunlaşmasına başlanıldı. Artıq  Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndində, Qarabağ iqtisadi ra­yonuna daxil olan Tərtər rayonunun Talış kəndində keçmiş məcburi köçkünlər məskunlaşıblar. Özü də ölkəmiz işğaldan azad edilən torpaqlarımızda hava limanları, yaşayış məntəqələri, avtomobil və dəmir yolları, körpülər, tunellər, su anbarları, elektrik enerjisi stansiyaları, sosial-iqtisadi infrastrukturlar kimi genişmiqyaslı layihələri daxili imkanları hesabına həyata keçirir. Bu isə o deməkdir ki, Aprel döyüşlərində, İkinci Qarabağ müharibəsində öz hərbi potensialını nümayiş etdirən Azərbaycan indi də Hayastana, həmçinin dünyaya iqtisadi qüdrətini göstərir. Onu da deyim ki, Böyük Qayıdış bizim üçün olduqca müqəddəs ifadədir. Çünki bu yalnız bizim Qarabağa, Şərqi Zəngəzura qayıdışımız deyil, həm də milli kimliyimizə, milli şüurumuza, tariximizə qayıdışımızdır.

Daha çox xəbərlər