“Sellofan torbalar pulla satılandan zənbillərə tələbat artıb” – həsirçi
Həsirçilik sənəti ölkəmizdə hələ ta qədimdən təşəkkül tapmış xalq sənəti növüdür. Erkən orta əsr dövrlərindən yadigar qalan bu sənət hazırda Azərbaycanın cənub bölgəsində davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cənub bölgəsində həsirçiliyin inkişafı buranın iqlim şəraiti ilə bağlıdır. Bölgənin iqlimi rütubətli olduğundan həsir rütubətdən qorunmaq üçün ən yaxşı vasitələrdən biri sayılır. Çünki döşəməyə həsir sərilən evdə rütubət qətiyyən olmur.
Qamışdan təkcə həsir deyil, eyni zamanda, məişətdə istifadə olunan müxtəlif növ ev əşyaları da hazırlanır. Astarada bu qədim sənət növü ilə məşğul olanlardan biri rayonun Kakalos kənd sakini Rüfət Rzayevdir.
Uşaq yaşlarından həsir toxumağı anasından öyrənən R.Rzayev, həsirçiliyin incəliklərini Kakalos Kənd Folklor Evi nəzdində fəaliyyət göstərən “Xalq tətbiqi sənəti klubu”nda gənclərə də öyrədir.
“Həsirə indi tələbat artıb. Əl işlərimi, əsasən, orta təbəqənin adamları alır. Rütubət olan evlərdə sağlamlığı qoruyur. Bundan başqa, zənbil, papaq, tərəzi, qadın çantası toxuyuram. Sifarişlər çoxdur. Sellofan torbalar pulla satıldığı üçün hazırda daha çox zənbil toxumağa üstünlük verirəm. Bu zənbillərin əsas özəlliyi odur ki, onlarda ərzaq məhsullarını xarab olmadan uzun müddət saxlamaq olur. Hətta tələbələrdən də sifariş almışam, onlara kitab yığmaq üçün zənbillər toxuyacağam”, – deyə həsirçi bildirib.
Bu sənətlə məşğul olan insanlarda səbir, dözüm, ən başlıcası isə yaradıcılıq keyfiyyətlərinin əsas amil olduğunu söyləyən Rüfət Rzayev qeyd edib ki, zənbil toxunan zaman həndəsi fiqurlardan daha çox istifadə olunur: “Əvvəllər bu sənəti öyrədənlər də çox idi, öyrənənlər də. İndi isə belələrini ancaq barmaqla saymaq olar. Halbuki bataqlıqda bitən qamışdan ucuz qiymətə müxtəlif məişət əşyaları hazırlamaq olar. Zənbillərin üzərinə vurulan naxışlar səliqəli və gözəl görünməlidir”.
Həsir səbətlərdə saxlanılan meyvənin uzun müddət xarab olmadığını söyləyən usta qeyd edib ki, soyuducu həddən artıq soyuq olduqda meyvəni don vurur. Lakin həsir toxunan qamış-çubuqların içərisi boş olduğundan orada havanın temperaturu sabit qalır, buna görə də ərzaq və meyvə təravətini saxlaya bilir.
Əziyyətlə başa gələn zənbillərin satış qiymətləri də baha deyil. Ölçüsündən asılı olaraq qiyməti 10-20 manat arası dəyişir. Qamışdan hazırlanan tərəzi, çanta, papaq kimi məhsullar isə alıcılara 4-10 manata təklif edilir.
Rüfət Rzayev təkcə həsirçiliklə məşğul olmur. O, həmçinin Kakalos Xalq Teatrında həvəskar aktyor kimi çıxış edir, rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə fəallıq göstərir.

