Məktəbdə Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir
Bərdə rayon Kətəlparaq kənd tam orta məktəbində aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilmişdir.Məktəbin akt zalında davam edən tədbir Dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Məktəbin direktoru Adib Salmansoy çıxış edərək Aprel şəhidlərinin igidliyini tarixi qəhrəmanlıq adlandırıb. Bildirib ki, Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Bu qələbə igid əsgərlərimizin işğal olunan torpaqlarımızın azad edilməsinə tam hazır olduğunu bir daha sübut edir. Direktor ölkəmizdə, o cümlədən rəhbərlik etdiyi təhsil ocağında şəhidlərin xatirəsinin əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində hər bir şəhidin qəhrəmanlığının nümunə olduğunu diqqətə çatdırıb. Tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalarla çıxış ediblər. Həmçinin Aprel döyüşlərində ordumuzun əks-hücumu zamanı əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs edən videoçarxlar nümayiş olunub.
ARANTV.AZ
Nilufər əliyeva







