Gündəm 

Xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısı

Bu gün xalqların qarşısında duran ən müqəddəs vəzifə müstəqilliyə nail olmaq və onu qoruyub saxlamaqdır. Xalqımız illərlə azadlığımız, müstəqilliyimiz yolunda mübarizə aparıb və oğullarımız bu yolda canlarından keçməyi bacarıb. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir.Bugünkü nəticə ondan ibarətdir ki, bütün ömrünü xalqa təmənnasız xidmətə həsr edərək, milli maraqları daim hər şeydən üstün tutan ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin dönməzliyini və əbədiliyini təmin etdi. Bununla yanaşı, Azərbaycanın qarşılaşa biləcəyi çətinlikləri əvvəlcədən duyan Ümummilli Lider, zamanı qabaqlayaraq, ölkənin davamlı inkişafı, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi istiqamətində böyük işlər gördü, Azərbaycanın strateji maraqlarının təmin edilməsi üçün zəruri və qəti addımlar atdı.

Tarixdən məlumdur ki, ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Azərbaycan Ordusu bu gün dövlətin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı təsisatdır. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin verdiyi qiymətə görə, regionun ən hazırlıqlı və ən müasir ordusu Azərbaycan Ordusudur. Bütün bunlar Azərbaycan Ordusunun ən müasir tələblərə cavab verdiyini göstərir. Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.

Ulu öndər Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini məmnunluqla qeyd edirdi. “1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır”.

Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi idi.

Əbədiyyətə qovuşan ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin, ümumilikdə xalqımızın qəlbində daima yaşayacaq, heç vaxt yaddaşlardan silinməyəcək. Hər birimiz Azərbaycanın sabahları naminə, Ulu Öndərin irsini həyat yolumuza örnək bilərək həmin zirvənin işığında addımlayırıq…

Mirhaşim Calalov,
YAP Xətai rayon təşkilatının “Yusif Səfərov 21” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

Daha çox xəbərlər