Biz birlikdə güclüyük!
Şuşa Bəyannaməsinə uyğun inkişaf edən Türkiyə – Azərbaycan arasındakı hərbi əməkdaşlığı işğalçı Ermənistanın sonunu yaxınlaşdırır
İkinci Qarabağ müharibəsindən sonra paytaxtımızda keçirilən Zəfər paradı Vətən müharibəsindəki Qələbəmizin nümayişi, döyüşlərdə qalib gəlmiş bir xalqın qalibiyyət yürüşü idi. «Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir» sözləri ilə xalqımızın illərdən bəri həsrətində olduğu günlərə qovuşduğunu sərkərdə qüruru ilə bildirən Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin rəşadətini dövlətimizin müdafiə qüdrətinin ifadəsi adlandırdı. Bu paradın mühüm məziyyətlərindən biri də Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşmənin sınıq-salxaq texnikasının nümayişi, paytaxtımızda yaradılan Hərbi Qənimətlər Parkında «məskunlaşması» idi.
Zəfər paradını tribunadan türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə izləyən Prezident İlham Əliyev bu birliyi əbədi qardaşlığın sarsılmazlıq nümunəsi adlandırdı. Bütün dünya ictimaiyyətinə bəyan edildi ki, Azərbaycan və türk əsgərləri hər iki xalqın tarixinə yazılan çətin günlərdə çiyin-çiyinə dayanmış, düşmənlərə qarşı birgə mübarizə aparmışlar.
Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin ilk illərindən ordu quruculuğu ilə bağlı həyata keçirdiyi islahatları daha geniş, bütün istiqamətlər üzrə uğurla davam etdirən dövlət başçımız İlham Əliyev Ali Baş Komandan kimi Silahlı Qüvvələrimizin NATO standartlarına uyğun təkmilləşdirilməsi istiqamətində qətiyyət göstərmiş, müdafiə qüdrətimizin möhkəmlənməsi naminə bütün imkanları səfərbər etmişdir. Ordu quruculuğuna göstərilən diqqətin nəticəsidir ki, ən modern hərbi texnika, avadanlıqlarla təchiz edilən Silahlı Qüvvələrimizin adı dünyanın qüdrətli ölkələrinin orduları ilə eyni sırada çəkilir. Ordu quruculuğu ilə bağlı islahatların eyni qətiyyətlə davam etdirildiyini bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, dəmir yumruğun yaratdığı reallıqlarla hər kəs hesablaşmalıdır: «Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq.»
2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Şuşada imzaladıqları Müttəfiqlik Bəyannaməsı hər iki qardaş ölkənin müdafiə sahəsində birgə fəaliyyəti üçün yeni imkanlar yaratdı. Bəyannamədə qeyd edildiyi kimi, tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Şuşa Bəyannaməsi Cənubi Qafqazda strateji güc balansının və təhlükəsizliyin təminatında Türkiyənin iştirakının önəmini artırmaqla, hərbi müttəfiqliyin, müdafiə sənayesinin yeni prioritetlərini müəyyənləşdirdi. Bu qardaşlıq çərçivəsində NATO ilə əməkdaşlığı güclənən Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına töhfələr verir.
Azərbaycanın hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından olan Pakistan İslam Respublikası və İsraillə davam edən əlaqələri də getdikcə gücləndirilir. Hər iki ölkə ilə hərbi sahədə möhkəmlənən əməkdaşlıq İkinci Qarabağ müharibəsində Qələbəmizdə daha bariz hiss olundu. Azərbaycan İsrailin müdafiə sənayesi şirkətlərindən müasir pilotsuz uçuş aparatları, radarlar, raket sistemləri və sahil mühafizə vasitələri alır. Ölkəmizin mövcud hərbi potensialının daha etibarlı təminatı üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişafı üçün dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli əlaqələrə diqqət artırılır.
Son zamanlarda Ermənistanın törətdiyi təxribatların qarşısını qətiyyətlə almaqla işğalçıya layiq olduğu cavabı verən Azərbaycan Ordusunun əsgər və zabitlərinin yeni ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı xəbərlər düşməni sarsıdır. Xudafərində, Şərqi Zəngəzurda və digər ərazilərdə Azərbaycan bayrağının dalğalandığını etiraf edən ermənilər təlaş, xof içərisindədirlər.
Ölkəmizin müdafiə qüdrətinin etibarlı təminatının nəticəsidir ki, Ermənistanın işğalından azad olunan ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə davam edir. Ən qüdrətli ölkələr belə həmin bölgələrin sosial- iqtisadi inkişafını şərtləndirəcək yenidənqurma tədbirlərində həvəslə iştirak edir, yaşıl enerji bölgələri elan edilən Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün həyata keçirilən layihələrin icrasında azərbaycanlı mütəxəssislərlə birgə çalışırlar. Bütün dünya ictimaiyyəti inanır ki, bölgədə nəqliyyat- kommunikasiya xətlərinin bərpası, iqtisadi əlaqələrin yaradılması Cənubi Qafqazda uzunmüddətli sülh və təhlükəsizliyə də töhfədir. Bu sabitliyin qarantı isə Azərbaycanın qüdrətli , yenilməz Silahlı Qüvvələridir.
Ötən il Bakıda keçirilən «TEKNOFEST Azərbaycan» festivalı azərbaycanlı gənclərin Türkiyənin istehsalı olan hərbi texnika ilə tanışlığı üçün mühüm mərhələ kimi yaddaşlarda qaldı. Türkiyə ilə Azərbaycanın müttəfiqlik zirvəsinə ucalan birliyinin sarsılmazlığını «Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bu gün «TEKNOFEST”» bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. «TEKNOFEST»” elm, inkişaf, bilik, texnologiya bayramıdır. Əminəm ki, «TEKNOFEST»”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar» sözləri ilə ifadə edən Prezident İlham Əliyev festivalın təşəbbüskarı və təşkilatçısı, qardaş ölkənin müdafiə qüdrətini artıran ixtiraların müəllifi Selçuk Bayraktarı səmimiyyətlə salamladı. İkinci Qarabağ savaşında işğalçı Ermənistanın qorxaq əsgərlərinin kabusuna çevrilən «Bayraktar” PUA»-larının Qələbəmizdəki rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanla Türkiyənin ən çətin məqamlarda belə bir olub, çətinlikləri aradan qaldırmaq gücündə olduqlarını bütün dünya etiraf edir.
Aprelin 3-də Türkiyənin «Baykar»” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edən Prezident İlham Əliyev festivalın keçirildiyi günləri bir daha xatırladı. Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etməsində «Baykar»” şirkətinin fəaliyyətinin aparıcı rolunu qiymətləndirən Prezident İlham Əliyev Vətən müharibəsində bu şirkətin istehsal etdiyi məhsulların erməni işğalçılarının hərbi texnikasının məhv edilməsindəki rolunu qardaş dəstəyi adlandırdı.
Bu həmrəyliyi müxtəlif səviyyəli görüşlərdə diqqətə çatdıran, Türkiyənin artan gücünü Azərbaycanın qüdrəti kimi dəyərləndirən Prezident, Ali Baş Komandan İlham Əliyevin qardaş ölkələrimiz arasındakı hərbi əməkdaşlığın daha da möhkəmlənəcəyi ilə bağlı əminliklə söylədiyi sözlər Ermənistanı və havadarlarını daha ciddi düşündürməlidir.

