Münasibətlər inkişaf edir.
Azərbaycan və Tacikistan Respublikaları strateji əhəmiyyətə malik bölgələrdə yerləşir. Xəzər dənizi hövzəsi və Cənubi Qafqaz bölgələrinin aparıcı ölkəsi kimi, Azərbaycanla əməkdaşlıq etmək Mərkəzi Asiyanın açar ölkəsi olan Tacikistanın maraqlarına da uyğundur. Digər tərəfdən, BMT və İslam Əməkdaşlıq Təşkilatında Tacikistan və Azərbaycan arasında ciddi əlaqələr var. Tacikistan Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyünə dəstək verən ölkələrdən biri olub. Bu və digər məsələlərdə Tacikistanın Azərbaycana dost mövqeyi hər zaman göz qarşısında olub.
Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, hər iki ölkədə vətəndaş müharibəsi gedirdi. Həm Prezident Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev, öz ölkələrini inkişaf yolunu çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu iki ölkə arasında qardaş münasibətləri var. İndi də bu münasibətlər genişlənir və hər iki ölkə rəhbərliyi buna töhfə verir. Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistana sayca üçüncü səfərinin gerçəkləşməsi onu göstərir ki, Azərbaycan bu ölkə ilə münasibətlərinin daha da yaxşılaşdırılmasında və inkişaf etdirilməsində maraqlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon görüşdən sonra mətbuata bəyanatlarla çıxış edərkən hər iki ölkənin qardaş, dost ölkə olduğunu qeyd ediblər.
Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşün detallarına toxunaraq bu ölkədə sabitliyin mövcud olmasını yüksək qiymətləndirərək qeyd etmişdir ki, logistika, nəqliyyat-kommunikasiya sahəsində, eləcə də investisiya qoyulması yönündə yeni layihələr həyata keçiriləcəkdir.
Mədəni əlaqələrimizin tarixinə gəlincə, cənab Prezident hər iki ölkədə mədəni irsə, tarixi ənənəyə hörmətin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etmişdir. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinin Tacikistanda əziz tutulması hər bir azərbaycanlı üçün sevindirici haldır. Bu, onu göstərir ki, böyük tarixi şəxsiyyət olan Heydər Əliyevin dövlətçilik təcrübəsi, qardaş tacik xalqı ilə münasibətlərin yaradılması heç zaman unudulmur.
Tacikistanda Nizami Gəncəvi irsinə böyük ehtiramın olması hələ qədimdən bəri mədəni əlaqələri möhkəm olan bu iki xalqın bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün ciddi əsası vardır.
Hərbi sahədə əməkdaşlığımız da yüksələn xətlə inkişaf edir. Tacikistandan olan 50 nəfər kursantın Azərbaycanın hərbi məktəblərində təhsil alması da bu qəbildən olan tədbirlərdən biridir. Tacik tələbələrin sayının artırılmasına şərait yaradılmasına dair qərar qəbul olunub. Azərbaycanlı tələbələr də böyük sevinc və istəklə Tacikistanda təhsil ala bilərlər.
Səfər zamanı imzalanan sənədlər göstərir ki, hər iki tərəf tarixən mövcud olan iqtisadi, siyasi və mədəni əlaqələri bundan sonra da davam və inkişaf etdirmək əzmindədir.
Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Günel Cəfərova

