Cəmiyyət 

Tufan gəlir, ağayi mollalar!..

İçinə kül olmuş əmmamənizi qabağınıza qoyub düşünün, sonra gec olar

Molla rejimi artıq siyasi burulğanlarda hara “üzdüyünü” heç özü də dərk edə bilmir. Əmmamələrini qabaqlarına qoyub düz-əməlli düşünməkdənsə ağayi mollalar dost-düşmən tanımadan hamıya kəllə atırlar. Müsəlmanlara qənim kəsilən bu başıboş siyasətçilər öz qövmünün başına əngəl-kələfdirlər. Azərbaycanın yarısını iki yüz ildir işğal altında saxlayan rejimin müstəbidləri Arazın bu tayına da rəml atmaqdan utanıb-çəkinmirlər. Onların hərəkətləri qu quşunun son çırpıntılarına və intiharına oxşayır. Qu quşlarının ölüm vaxtı çatanda son dəfə bərkdən qıyya çəkib öz boyunlarını sındırır və ölürlər. İndi bunlar qıyya çəkməkdədirlər. Üzütüklü, kirli-pasaqlı mollalar və paqonlu cinayətkarlar İslam aləmini murdarlamaqdan yorulmurlar. Ara qarışdırmaqdan usanmırlar. Halbuki İslam dünyada sülhü, barışı və ədaləti təbliğ edən dindir. Fars-molla rejimi İslamın bu xoş məramına nəinki töhfə verir, əksinə, ayağı dəyən yerlərdə qan axıdır, özü də müsəlmanların qanını.

Ermənistan üzərində qələbəmizə, Qarabağımızı azad etdiyimizə görə bizə düşmən kəsilən, İslam adından öz çirkin məqsədi üçün istifadə etməyə çalışan İran mafiyasının başçılarının murdar surəti Azərbaycana qarşı hər alçaq olayların arxasından aşkar görünür.

Bu günlərdə İran guya Fələstinə görə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təcili iclasının keçirilməsi çağırışını edib: istisna deyil ki, bundan istifadə edərək, Azərbaycanın İsraildə səfirlik açması məsələsini də İƏT-in gündəminə gətirmək niyyətindədir. Azərbaycanda qurmaq istədikləri “Kərimə” oyuncaq hökumətinin və onun casus şəbəkəsinin ifşasından sonra özlərinə yer tapa bilməyən iranlı ağbaşlı şeytanlar hücumun istiqamətini başqa səmtə yönəltdilər.

İran parlamentinin aprelin 5-də qəbul etdiyi qərarda Azərbaycanın İsraildə səfirlik açması pislənildi, bizi bunun mənfi siyasi nəticələrinin olacağı ilə hədələdilər. Bundan əlavə, “Ərəb və İslam hökumətlərindən, İslam dünyasından, xüsusilə İƏT, İslam Məclislərarası Katibliyindən bunu qınamalarını” xahiş etmələri, eləcə də “İran Xarici İşlər Nazirliyinin bütün İslam ölkələrinə bəyanat göndərərək lazımi diplomatik tədbirləri görəcəyi” Tehranın islam aləminə şikayət etməyə hazırlaşdığına şübhə yeri qoymur.

Bu qərardan iki gün sonra İranın İƏT-in təcili toplantısını çağırmaq təklifi deyildiyi kimi,  Fələstinlə bağlı olsa da, əsas məqsəd Azərbaycanı  müzakirə masasına çıxarmaqdır. O da istisna deyil ki, Tehranın İƏT çağırışının arxasında məhz Azərbaycanla bağlı məsələ dayanır, Fələstin burada yalnız “istinaq nöqtəsi” və ya bəhanədir.

Coğrafiya taledir deyirlər, Azərbaycanın da taleyinə İran rejimi ilə qonşu olmaq düşüb. Tehran üç il əvvəl – 2020-ci il  sentyabrın 19-da İsraildə səfirlik açan Ermənistanla qardaşlıq edir, 30 il məhz İrana görə bu addımı atmayan Azərbaycanın İsraildə səfirlik açmasını isə “müsəlman düşmənçiliyi” adlandırır.

Mollaların dərdinin “Fələstin məsələsi”, yaxud “müsəlman təəssübkeşliyi” olmadığı bəllidir. Əgər müsəlman təəssübkeşliyi olsaydı, onda ermənilər azərbaycanlıların məscidlərində donuz və mal-qara saxlayanda mollakratiya onlara gözağartması verər, heç olmasa  qınayar və pisləyərdi. Deməli, qərəzkarlıqları onların əsl simasını, daha doğrusu, simasızlıqlarını əks etdirir.

Görəsən axmaq fikirlərə qulluq edən molla rejimi başa düşürmü ki, onun bu cəfəng, gicbəsər tələbini kim bəyənib Azərbaycanı qınayacaq? Türkiyəmi, Pakistanmı, İraqmı, Suriyamı, Əfqanıstanmı, Türkmənistanmı, Özbəkistanmı, Qazaxıstanmı, Səudiyyə Ərəbistanımı, Qətərmi? İran indiyədək hansı müsəlman ölkəsini müdafiə edib? Əksinə, Suriya, İraq və Livanda müsəlmanları qırıb-çatıb, şəhər və kəndlərini xaraba qoyub. Bunlar nə tez yaddan çıxdı? Belə görünür ki, İranın düşmənçiliyi müsəlmanlarladır.

İran və Azərbaycan xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Ceyhun Bayramovun iki gün dalbadal – 7 və 8 aprel tarixlərində telefon danışıqları bir daha məlum həqiqəti təsdiq edir ki, mövcud gərginlik müharibənin astanasında olan nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir. Lakin bu günə kimi Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması barədə Bakıya müfəssəl məlumatların verilməməsi,  deputat Fazil Mustafaya hücum edən terrorçulara əmrin İrandan verildiyi iddialarının durmadan artması, dövlətlər arasında münasibətlərin yaxın zamanlarda düzələcəyini təxmin etməyə əsas vermir. Eyni zamanda onu da qeyd edək ki, İranın sərhəddə ordu hissələri toplamasından və hərbi təlimlərindən tutmuş, internetdə təxribatçı görüntülərin yayılmasına qədər məsələlər danışıqların sonrakı mərhələsinə ciddi zərbədir.

Sözügedən telefon danışığı zamanı Ceyhun Bayramov İsraildə səfirlik açmağımıza qarşı çıxan İrana Azərbaycanın müstəqil xarici siyasətinə hörmətlə yanaşılmasının vacibliyini deyib. Lakin Tehranın regional siyasəti molla rejiminin mövcud siyasətindən əl çəkəcəyi ilə bağlı gözləntini zəiflədir. Çünki bura qədər də tərəflər arasında bir neçə dəfə münasibətlərin normallaşması ilə bağlı razılıq əldə edilsə də, İran öz siyasətini terror mərhələsinə qədər gətirib çıxardı. Nəzərə alsaq ki, İranda Azərbaycanla bağlı qərarları bu ölkənin siyasi rəhbərliyi və Xarici İşlər Nazirliyi yox, Azərbaycanla bağlı güc strukturları – İran İslam Keşikçiləri Korpusu və ona aid strukturlar verirlər. Güman etmək olar ki, Tehranda mövcud rejimin, xüsusilə SEPAH-ın öz təsirini Azərbaycana qarşı davam etdirəcəyi gözləniləndir. Deməli, münasibətlərin normallaşması üçün bu stukturların papaqlarını qarşılarına qoyub yaxşı düşünmələrinə ehtiyac var. Əks təqdirdə, təhlükə hər ötən gün daha da qaçılmaz kimi görünür.

Daha çox xəbərlər