Əsas səhifə 

Tarixi Zəfərə aparan yol…

11 aprel prezident seçkilərində növbəti dəfə xalqın yüksək etimadını qazanan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük tərəqqinin yeni mərhələsinə qədəm qoydu

Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində Azərbaycanda Ulu Öndər Heydər Əliyevin qanunçuluq, hüquq qaydaları, ədalətlə bağlı kursuna dönmədən əməl olunub, insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatlar davam etdirilib. Ölkə vətəndaşlarının prezident, parlament, bələdiyyə seçkilərində fəallıqları təmin edilib. Eyni zamanda, həmin seçkilərin gerçəkləşdirilməsi ilə demokratik seçki praktikası da tədricən təkmilləşdirilib, seçki təcrübəsi artırılıb. Seçkilərin şəffaflığını təmin etmək üçün, hətta böyük demokratiya tarixi olan ölkələrdə tətbiq olunmayan mexanizmlərdən, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilib.

Bütün bunların nəticəsidir ki, Azərbaycanda olduqca demokratik və əlverişli seçki mühiti mövcuddur. Ölkəmizdə seçkilərin beynəlxalq seçki standartlarına uyğun azad və şəffaf şəkildə keçirilməsi üçün möhkəm siyasi iradə var. Ölkəmizin tarixində ilk dəfə olaraq 2018-ci ildə Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Həmin təşəbbüsə uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən seçkilər 2018-ci il aprelin 11-nə təyin edildi. Həm prezidentliyə namizədlərin qeydiyyatı mərhələsində, həm də təbliğat və təşviqat dövründə bütün namizədlər üçün bərabər şəraitin yaradılması bunu deməyə əsas verir.

Növbədənkənar prezident seçkilərinin keçirilməsini bir sıra amillər şərtləndirmişdi. Hər şeydən əvvəl, Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Digər tərəfdən, yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını tələb edirdi. Regional və qlobal miqyasda proqnozlaşdırılmayan proseslər getdiyindən keçirilən demokratik seçkilər həm də Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirəcəkdi. Prezident seçkiləri Azərbaycanın dövlət müstəqilliyi tarixində əhəmiyyətinə görə ən taleyüklü hadisələrdən biri idi. Ölkənin kifayət qədər güclənməsi, regional proseslərdə həlledici söz sahibinə çevrilməsi və beynəlxalq proseslərə təsir imkanları qazanması seçkilərə beynəlxalq diqqəti artırırdı. Seçicilər məntəqələrə gələrək iradələrini bildirdilər. Seçkidə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq qalib gəldi. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilən rəy sorğuları, seçkilər günü beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilənş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşdü. Seçkilərin nəticələri təkcə Azərbaycan deyil, regionda geosiyasi proseslərin gələcəyi üçün də böyük əhəmiyyət daşıyırdı.

2018-ci ilin 11 aprel prezident seçkilərində növbəti dəfə xalqın yüksək etimadını qazanan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük tərəqqinin yeni mərhələsinə qədəm qoydu. Seçkilərdən sonra çox qısa müddət ərzində Azərbaycan vətəndaşlarının sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində önəmli, inqilabi addımlar atıldı, əməkhaqları, müavinətlər, pensiyalar artırıldı, Birinci Qarabağ savaşında qəhrəmancasına həlak olmuş şəhidlərimizin ailələrinə birdəfəlik ödəmələr verildi.

Ən mühüm addımlardan biri isə problemli kreditlərlə bağlı cəmiyyətin böyük üzüntüsünə son qoyulması oldu. Bu problemin həlli yüz minlərlə insanın sevincinə səbəb oldu. Problemli kreditlərlə bağlı məsələnin birdəfəlik qapadılması üçün 2019-cu ilin fevralında analoqu olmayan Fərman imzalandı. Həmçinin ölkəmizdə kadr və struktur islahatları, korrupsiyaya qarşı mübarizə istiqamətində tədbirlər gücləndirildi.

Heç kimə sirr deyil ki, 2020-ci ilin əvvəllərindən bütün dünyanı cənginə almış koronavirus bəlası özünün dağıdıcı maddi və mənəvi itkiləri ilə hər kəsə böyük ziyan vurdu. Dünyanın nəhəng, super gücləri koronavirus pandemiyası qarşısında aciz durumda qaldı. Amma Prezident İlham Əliyevin rəhbərliyi, müdrik, uzaqgörən, düşünülmüş siyasəti nəticəsində xalqımız bu bəladan minimum itkilərlə qurtulmağı bacardı.

İlk gündən COVID-19 bəlasına ciddi yanaşan və qabaqlayıcı addımlar atan Azərbaycan Prezidenti İlham Əliyev bu məsələdə də dünya üçün nümunə oldu. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla, bir sıra beynəlxalq qurumlara, həmçinin onlarla ölkəyə təmənnasız yardım əlini uzatdı, maliyyə dəstəyi göstərdi. Çox sevindirici haldır ki, ölkəmizdə koronavirus pandemiyasının qarşısının alınması istiqamətində addımlar artıq öz müsbət nəticələrini göstərməklə, bu bəladan demək olar qurtulmaqdayıq. Biz əvvəlcədən demişdik ki, bu bəladan birlikdə xilas olacağıq və artıq məhz həmin mərhələdəyik. Bütün bunlar isə heç şübhəsiz ki, Prezident İlham Əliyevin müdrik siyasətinin bəhrəsidir.

Son 5 ilin ən böyük və tarixi hadisəsi isə 44 günlük Vətən müharibəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistanın hərbi təxribatlarına qarşı bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı. Cəmi 44 gün ərzində rəşadətli Azərbaycan Ordusu 30 illik qanlı Qarabağ probleminə son qoydu. 2020-ci il 10 noyabr tarixli Bəyanatla işğalçı və təcavüzkar Ermənistan öz məğlubiyyətini bütün dünyanın gözləri qarşısında etiraf etməyə məcbur oldu. Həmin tarixdən sonra isə Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə, cənnət məkanına çevrilməsinə, Böyük Qayıdış istiqamətində tarixi addımların atılmasına start verildi. Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yaxın və ən sadiq silahdaşı birinci xanım Mehriban xanım Əliyeva ilə birgə işğaldan azad olunmuş yurd yerlərimizə tarixi səfərləri başlandı. Bu səfərlərin hər birində tarixi açılışların, təməlqoyma mərasimlərinin şahidi olduq və olmaqdayıq.

2021-ci il iyunun 15-də Azərbaycanın göz bəbəyi olan Şuşada qardaş və dost Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanla imzalanan Şuşa Bəyannaməsi bütövlükdə ölkəmizin təhlükəsizliyinin təminatı istiqamətində atılmış ən mühüm tarixi hadisədir. Bu, həm də həmrəyliyin, sarsılmazlığın növbəti dəfə bəyan edilməsidir. Bütün dünya bununla bir daha şahid oldu ki, Azərbaycanla Türkiyə təkcə sözdə deyil, həm də əməldə bir millət, iki dövlətdir.

Son 5 ildə Azərbaycan 31 ildən artıq olan müstəqillik tarixinin ən mühüm, şanlı anlarını və ən böyük inkişaf dövrünü yaşamaqdadır. Bu, bir daha Azərbaycan seçicisinin düzgün və doğru seçiminin təzahürüdür. Bütün bunlar Prezident İlham Əliyevin ilk dəfə 2003-cü ildə dövlət başçısı vəzifəsinin icrasına başlayarkən söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının, hər bir azərbaycanlının Prezidenti olacağam!” sözlərinə sadiqliyinin, sədaqətinin göstəricisidir. Prezident İlham Əliyev daim Azərbaycan vətəndaşlarının yanında olub. Xalqımız da eyni şəkildə daim dövlətin, Prezidentin yanındadır, onun ətrafında müsəlləh əsgər kimi birləşib.

Bu gücü, böyük birliyi və vəhdəti isə heç kim sarsıda bilməyib və bilməyəcək! Əminik ki, Prezident İlham Əliyevin Azərbaycan xalqının yanında olması sayəsində hələ çox Qələbələrə imza atacağıq. Bütün zəfərlər bizimdir, bizimlədir və bizlərlə olacaq!

Daha çox xəbərlər