Gündəm 

Azərbaycan və Türkiyə çox böyük sınaqlardan şərəflə çıxıb

Dövlət başçısı İlham Əliyev böyük qürur hissi ilə qeyd edir ki, İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir

Ötən ilin mayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etmək üçün qardaş ölkədə işgüzar səfərdə olan dövlət başçısı İlham Əliyev çıxışında səsləndirdiyi «Bu hava limanının açılışı Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunun təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır» fikirləri  dost, müttəfiq ölkənin inkişaf yolunda inamla irəlilədiyini, dünyaya nümunə olduğunu təsdiqlədi. Cənab İlham Əliyev hər zaman bu fikri də xüsusi qeyd edir ki, həm xalqımız, həm də bütün dünya birliyimizi   İkinci Qarabağ müharibəsi zamanı gördü. İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir.

Tariximizin ən önəmli anlarında Azərbaycan və Türkiyə  bir yerdə olub.  2018-ci ildə Bakının erməni işğalından azad edilməsinin 100 illiyinə  həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxdılar.  Bunun təkrarı  2020-ci  10 dekabr  tarixində  Zəfər paradında yaşandı. Paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının daha bir əyani nümunəsi oldu. Bütün dünya bir daha gördü ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi, sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. 2021-ci il  15 İyun – Milli Qurtuluş Günündə  Şuşada Azərbaycan-Türkiyə müttəfiqliyini təsdiqləyən sənədin imzalanması mərasimi keçirildi. Dünyaya Şuşa Bəyannaməsi kimi səs salan bu sənəd iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafını özündə ehtiva edir.  Hər zaman Azərbaycanın, Prezident İlham Əliyevin yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ildə  Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının, 2022-ci ildə isə Şərqi Zəngəzurun dünyaya açılan hava qapısı olan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimlərində iştirak etdi. Rəcəb Tayyib Ərdoğan Qarabağımıza ilk səfər edən, həmçinin ilk xarici uçuşu həyata keçirən dövlət başçısıdır. Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra Zəngilana səfər edən iki dost, qardaş ölkə liderləri «Dost Aqropark»ın təməlini qoydular. «Dost Aqropark» Azərbaycan və Türkiyənin birgə həyata keçirəcəyi investisiya layihəsidir. O da məlumdur ki, Füzuli Beynəlxalq Hava Limanı da Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə səyləri nəticəsində tikilib istifadəyə verildi. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri başlanan zaman dost ölkələrin bu işlərə cəlb ediləcəyini bildirmişdi. Qardaş Türkiyə bərpa-quruculuq işlərinin uğurla həyata keçirilməsində ölkəmizə hər bir dəstəyi göstərməyə hazır olduğunu bildirdi. Rəcəb Tayyib Ərdoğanın 10 dekabr 2020-ci ildə Zəfər paradında səsləndirdiyi  «Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!» fikirləri də postmünaqişə dövründə iki müttəfiq, qardaş ölkənin görəcəyi işlərin anonsu kimi dəyərləndirildi.

Əvvəldə də qeyd etdiyimiz kimi,  Türkiyədə dəniz üzərində həyata keçirilən böyük layihə – Rize-Artvin Hava Limanının iki qardaş ölkənin rəhbərləri – Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin iştirakı ilə açılışı Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu bir daha dünya birliyinə nümayiş etdirdi. Həmin gün dünyanın diqqəti qardaş ölkəyə yönəldi. Rize-Artvin Hava Limanının Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci aeroportdur. Bu gün Türkiyədə 58 hava limanı fəaliyyət göstərir. Onlardan 37-də beynəlxalq uçuşlar həyata keçirilir. Rize-Artvin Hava Limanının da bu sıraya daxil olması qardaş ölkənin gücünün və qüdrətinin göstəricisidir. Prezident İlham Əliyevin yeni istifadəyə verilmiş hava limanının açılış mərasiminə dəvət edilməsi təsadüfi deyildi. Bu, iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verməklə yanaşı, həm də Türkiyə-Azərbaycan dostluq və qardaşlığının bir-birinə qırılmaz tellərlə bağlı olmasının təsdiqidir.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında möhkəm dostluq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Ötən ilin mayında, həmçinin “TEKNOFEST Azərbaycan» Aerokosmik və Texnologiya Festivalı keçirildi.  «Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində» söyləyən dövlət başçısı İlham Əliyev Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının növbəti təzahürü olan  “TEKNOFEST Azərbaycan» Aerokosmik və Texnologiya Festivalında bir daha bildirdi ki, bu,  bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. Belə bir əminlik də ifadə edildi ki,  “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar.

Ötən ilin avqustunda dünyanın diqqəti növbəti dəfə qardaş Türkiyəyə yönəldi. Belə ki,  Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə avqustun 8-dən 12-dək davam edən  “2023- Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransı, eyni zamanda, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları, dövlət başçısı İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə işgüzar səfəri nəinki ölkə, dünya mətbuatında dostluğun növbəti nümunəsi kimi dəyərləndirildi.  Azərbaycan və Türkiyənin bir-birlərinə qardaş dəstəyi bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Dövlət o zaman güclü, qüdrətli olur ki, onun  sabahını, gələcəyini düşünən, xalqını daim irəli aparan lideri vardır. «TEXNOFEST Azərbaycan» festivalında dövlət başçısı İlham Əliyevin  «Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var – o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim, Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır» fikirləri də deyilənlərin təsdiqidir.

Son iki ilə yaxın dövrdə hər bir beynəlxalq səviyyəli tədbirdə,  hər bir çıxışında Azərbaycanın tarixi Zəfərindən böyük sevinclə, qürurla bəhs edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransında çıxışında  «Ədalətsizliyə son qoymaq Azərbaycan Silahlı Qüvvələrinə nəsib oldu» söyləyərək onu da əlavə etmişdir ki,  təxminən 30 il sürən işğal, qətliam və soyqırımı siyasəti qarşısında təəssüf ki, beynəlxalq ictimaiyyət qanunlara uyğun heç bir təsirli addım atmadı. Azərbaycanlı qardaşlarımız həm işğalın, həm də itkilərin acısı ilə yaşamaq məcburiyyətində qalmışdı. Bu ədalətsizliyə son qoymaq Türkiyənin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələrinə nəsib oldu. Qırx dörd gündə dastan yaradan mübarizə ilə şükürlər olsun ki, Qarabağ yenidən azadlığına qovuşdu, 30 illik işğal sona çatdı.  Təbii ki, bütün dövrlər üçün aktuallığını qoruyan əsas çağırış budur ki, ermənilərin və erməni diasporunun apardığı qərəzli təbliğatlara qarşı fəal mübarizəmizi davam etdirək, birliyimizi, həmrəyliyimizi atdığımız addımlarla təsdiqləyək. O da məlumdur ki, iki müttəfiq ölkənin mətbuatının birgə fəaliyyətinin təşkili  öz aktuallığını imzalanan Memorandumda, Ortaq Media Platformasının yaradılmasında öz təsdiqini tapdı.

Azərbaycan-Türkiyə birliyi ümumilikdə türk dünyasının birliyinə böyük töhfələr verir. Türk Şurasına sədrliyi dövründə ölkəmizin bu birliyə verdiyi töhfələr təqdirəlayiqdir. Sədrlik qardaş ölkəyə verilərkən bu inam da ifadə edildi ki, Türkiyə öz potensial imkanlarından, mövqeyindən, qüdrətindən bəhrələnərək bu birliyi daha da möhkəmləndirəcək. Bircə faktı qeyd etmək kifayətdir ki, dövlət başçısı İlham Əliyev 2021-ci ildə, Prezident Rəcəb Tayyib Ərdoğan isə ötən il Türk Dünyasının Ali Ordeninə layiq görülmüşlər. Bu, türk dünyasının birliyinə hər iki qardaş ölkənin verdiyi dəstəyin təsdiqidir.  Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın  «TEXNOFEST Azərbaycan» festivalında söylədiyi   «Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq. Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?» dünyaya mesaj oldu. Bu fikirlər Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığının təqdimatıdır.

Bu  il fevralın 6-da  Türkiyədə baş verən dəhşətli zəlzələ bir daha dünyanın diqqətini bu birliyə yönəltdi. Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər oldu. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərildi. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə   martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bu dostluğun növbəti təqdimatı oldu. Belə ki, tədbirin Şuşada keçirilməsi nəzərdə tutulsa da cənab İlham Əliyev   Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar  qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu. Belə bir əminlik ifadə edildi ki,  Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracaq.   Türkiyə son 20 ildə  Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir.

Aprelin 4-də dünya növbəti dəfə Azərbaycan-Türkiyə qardaşlığının nümunəsini gördü. Türkiyənin ilk yerli elektromobili «Togg» dövlət başçısı İlham Əliyevə təqdim edildi.  “Togg”un ilk sahibinin Türkiyə və Azərbaycan prezidentlərinin olması özündə bütün məqamları ehtiva edir. Bu, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin daha bir parlaq nümunəsidir. Prezident İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edərkən Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini deyərək, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğuladı və bu şirkətin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd etdi.

Göründüyü kimi, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olmaqla dünyaya əsl qardaşlığın nümunəsini göstərirlər. Hər iki qardaş ölkə tarixin ən sərt sınaqlarından şərəflə çıxıb.

Daha çox xəbərlər