Cəmiyyət 

Mollakratiya narkobiznesinin qürub çağı

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniya müasir dünyanı ciddi narahat edən problemlərdən biridir. Çünki narkotik vasitələrin qanunsuz dövriyyəsi cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə əsas təhdidlərdən biri hesab olunur. Biz bu təhdidi son günlərdə İranın başabəla fars-molla rejiminin ölkəmizə münasibətində açıq-aydın hiss etməkdəyik.

Belə ki, son zamanlar mollakratiyanın xüsusi xidmət orqanlarının ölkəmizə ixrac etdikləri narkotik vasitələrin həcminin artması müşahidə olunur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işi üzrə müavini, general-leytenant Firuz Şirinzadənin mətbuata  verdiyi məlumata görə, 2021-2022-ci illərdə Azərbaycan-İran dövlət sərhədində tutulmuş qaçaqmalın ümumi kütləsi 2 ton 113,3 kq olub. 2018-2020-ci illərdə isə  dövlət sərhədində 1 ton 222 kq narkotik vasitə müsadirə edilib.

Mollakratiyanın bu istiqamət üzrə sıçrayışının məqsədi isə tam aydındır. Başqa sözlə, görünən odur ki, fars-molla rejimi Azərbaycanda narkotik vasitələrin istifadəsinin genişlənməsinə, daha çox gəncin “ağ ölüm”ə mübtəla olmasına çalışır. Çünki onlar yaxşı dərk edirlər ki, narkomaniya insanın  mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan, onu “canlı ölü”yə çevirən vasitədir. Mollakratiya, həmçinin respublikamızda dövlət çevrilişi həyata keçirmək niyyəti ilə təşkil etdiyi casus səbəkələrini həmin narkotik vasitələrin satışından əldə edilən pul vəsaiti ilə maliyyələşdirir. Bu istiqamətdə aparılan analizlər belə deməyə əsas verir ki, son illər fars-molla rejiminin narkotik vasitələrin terrorunda fəallaşmasının əsasında məhz terrorcu qruplaşmaların təminatı dayanır. Son günlərdə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan casus şəbəkələrinin üzvləri də bu faktı etiraf edirlər. Şübhəsiz, bu kimi faktlar narkomaniyanın fars-molla rejiminin  dövlət siyasətinin əsasını təşkil etməsini göstərir.

Əslində, İranın ölkəmizə qar­şı yönəlmiş bu fəaliyyəti yeni deyil. Belə ki, mollakratiya rejimi vaxtilə Hayastan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazilərində erməni qardaşları ilə birgə narkotik maddələrin əkilib-becərilməsi ilə məşğul olurdu və onun satışından əldə edilən külli miqdarda gəliri terrorçu qrupların yaradılmasına, onların maliyyələşdirilməsinə yönəldirdi. Hətta işğal altında olan torpaqlarımız vasitəsilə Ermənistana, oradan da digər ölkələrə  narkotik maddələr göndərirdi. Bir sözlə, İran Qarabağda “ağ ölüm” şəbəkəsi yaratmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 oktyabr 2021-ci ildə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasındakı çıxışında bildirmişdir: “Mən işğal illərində dəfələrlə bəyan etmişdim ki, işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir”.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistanla sərhədində nəzarəti bərpa etməklə İrandan işğalçı ölkəyə və daha sonra digər ölkələrə gedən narkotrafik marşrutunun qarşısını aldı və onlar da narkobiznes gəlirlərindən məhrum oldular. Ona görə də Azərbaycanın bölgədəki uğurlarını həzm edə bilməyən əmmaməlilər öz çirkin məqsədlərinə nail olmaq üçün ölkəmizə qarşı hər cür aqressivliyə əl atırlar. Əslində son illər mollakratiyanın ölkəmizə qarşı səslənən ittihamlarının kökündə dayanan səbəblərdən biri də fars-molla rejiminin bu   kimi gəlir mənbələrindən məhrum olmasıdır.

Hər zaman Hayastanın yanında yer alan İranın respublikamıza qarşı yönəlmiş məkrli niyyətləri son zamanlar ard-arda ifşa olunur. Ölkəmizin dövlət qurumlarının əməkdaşları  fars-molla rejiminin çirkin əməllərinin, o cümlədən narkotik vasitələrin ixracının qarşısını vaxtında almaqla, onları zərərsizləşdirməklə mollakratiyanın planlarını alt-üst edirlər.

Daha çox xəbərlər