Ankara-Düşənbə-Astana: Türk birliyinin, İslam həmrəyliyinin yol xəritəsi
Prezident İlham Əliyevin Türkiyəyə, Tacikistana, Qazaxıstana səfərləri bu həmrəyliyin möhkəmlənməsində böyük xidmətləri olan Azərbaycanın rolunun dəyərləndirilməsidir
Ötən ay Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü dostluq və qardaşlığın tükənməzlik rəmzi kimi yaddaşlarda qaldı. «Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım» mövzusuna həsr edilmiş görüşdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçımıza minnətdarlıq duyğularını ifadə edən «Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm» sözləri türk dünyasının həmrəyliyi üçün böyük xidmətlər göstərən dövlət başçımıza yüksək etimad idi. Ankara Sammitində türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarların qəbulu, təşkilata üzv ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verəcək Türk İnvestisiya Fondunun yaradılması irimiqyaslı layihələrin həyata keçirilməsini də şərtləndirəcək. Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsini anmaq üçün hər il fevralın 6-sının Türk Dövlətləri Təşkilatı çərçivəsində «Həyatını itirənlərin anım və birlik, bərabərlik və həmrəylik günü» elan olunması ilə bağlı təklif təşkilatın humanitar siyasətinin ifadəsi kimi dəstəkləndi. Zirvə görüşündəki çıxışında qardaş ölkədə baş verən, əsrin fəlakəti adlandırılan güclü zəlzələ nəticəsində yaranan vəziyyətdən narahatlığını bildirən Prezident İlham Əliyev dostların yardımı ilə dağıntıların nəticələrinin aradan qaldırılacağını da bildirdi.
«2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir. Əminəm ki, əziz qardaşım bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir» söyləyən dövlət başçımız Ermənistanın işğalından azad edilən Azərbaycan torpaqlarında aparılan yenidənqurma , bərpa- quruculuq işlərində Türkiyə şirkətlərinin iştirakını yüksək dəyərləndirdi. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstanın inşa etdiyi yaradıcılıq mərkəzinə görə həmkarları Şavkat Mirziyoyevə və Kasım-Jomart Tokayevə minnətdarlığını bildirdi.
Müasir dünyamızın üzləşdiyi münaqişələrə aydınlıq gətirilən Ankara görüşündə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bölgədə sülhün təminatına göstərilən səylərini sabitliyə töhfə kimi dəyərləndirən, qlobal iqtisadiyyatda cərəyan edən hadisələr nəticəsində müxtəlif blokların yaranmasını ölkələrin maraqlarına uyğun olmadığını bildirən Macarıstanın Baş naziri Viktor Orbanın «Türk dünyası, Türk dövlətlərinin bu mənada Qafqaz və Mərkəzi Asiyadakı ölkələr olaraq açar rol oynayacaqlarını düşünürəm. Münasibətlərimizi qarşılıqlı hörmət çərçivəsində davam etdirərək bütün dünyaya örnək ola bilərik. Bu məqsədlə Macarıstan olaraq enerji, ticarət, eyni zamanda, daşıma sahələrində birgə səyləri gücləndirməyə töhfə vermək niyyətindəyik”» sözləri İslami dəyərləri terror hadisələri ilə birləşdirən radikal birləşmələrə cavab idi.
Prezident İlham Əliyevin bu günlərdə Tacikistan Respublikasına səfəri də İslam həmrəyliyinin nümunəsi idi. Prezidentlər İlham Əliyevin və Emoməli Rəhmonun mətbuata bəyanatlarında qeyd edildiyi kimi, iki dost ölkə arasındakı 30 illik diplomatik münasibətlər nəticəsində səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri təkmilləşdirilir, hər iki xalqın rifahına xidmət edən sanballı nəticələr əldə olunur. Qarşılıqlı etimada əsaslanan əlaqələrin yaranmasında və davamında Ulu Öndər Heydər Əliyevin xidmətlərini qeyd edən Prezident Emoməli Rəhmonun «Hörmətli İlham Heydər oğlunun səfəri həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır» sözləri eyni zamanda, uğurla davam edən münasibətlərin İslam həmrəyliyinin möhkəmlənməsindəki roluna verilən qiymət idi Tacikistan və Azərbaycan sabit dövlətlər kimi milli maraqlara əsaslanan siyasətlərini xalqların mənafelərinə uyğun təkmilləşdirirlər. «Tacikistan bizə yaxın ölkədir, ikincisi, sabitlik hökm sürən ölkədir. İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur» söyləyən Prezident İlham Əliyev iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrin birgə səylər nəticəsində daha da möhkəmlənməsini məmnunluqla bildirdi. Tacikistandan olan 50-yə yaxın kursantın Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil almaları isə hər iki ölkənin müdafiə qüdrətinə verilən töhfədir.
Bu günlərdə Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri də türk birliyinin nümunəsi idi. Səfər çərçivəsində iki ölkə arasında qarşılıqlı anlaşma şəraitində davam edən münasibətlərin inkişafı barədə mətbuata bəyanatlarla çıxış edən Qazaxıstanın və Azərbaycanın prezidentləri Kasım-Jomart Tokayev və İlham Əliyev ölkələr arasındakı tamformatlı danışıqları yüksək qiymətləndirilib. Bildirilib ki, ortaq səylər və qarşılıqlı anlaşma əsasında möhkəmlənən münasibətlər siyasi, ticari, iqtisadi, mədəni, humanitar sahədə də güclənib.
İki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamənin, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafı ilə bağlı kompleks proqramın qəbulu, digər sənədlərin imzalanması, ikitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsini təmin edən Ali Dövlətlərarası Şuranın təsis olunması TDT çərçivəsindəki əməkdaşlığı intensivləşdirəcək. Hər iki ölkə arasında ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələrin etimada uyğun inkişafı enerji sahəsini də əhatə edir. Xatırladaq ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayırlar”. Bu baxımdan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun, Orta Dəhliz”in potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. Ölkələrarası logistika xidmətlərinin təkmilləşdirilməsi, vahid nəqliyyat operatorlarının yaradılması, texniki və tarif şərtlərinin modernləşdirilməsi, inzibati maneələrin aradan qaldırılması və qapalı logistik dövrənin formalaşması ilə bağlı imkanlar nəzərə alınır.
Prezidentlərin bəyanatlarında qeyd olundğu kimi, 2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin reallaşdırılması ilə bağlı perspektivlər ümidvericidir. Bu marşruta artan maraqdan tam yararlanmaq üçün bu infrastruktura üçüncü ölkələrin cəlbi əməkdaşlığın səmərəsini daha da artıracaq. Beynəlxalq tərəfdaşlarla sıx qarşılıqlı əlaqə Şərq-Qərb istiqamətində yüklərin çatdırılmasının sabitliyini və operativliyini təmin etməyə imkan yaradacaq. «Biz energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirdik. Enerji resurslarının dünya bazarlarına çatdırılmasının daha da şaxələndirilməsi bu gün bizim prioritet vəzifəmizdir. Bildiyiniz kimi, bizim razılaşmalar sayəsində bu il Qazaxıstan neftinin ilk partiyası Azərbaycandan keçməklə göndərilib» söyləyən Kasım-Jomart Tokayev ölkəmizlə müxtəlif, çoxtərəfli strukturlar çərçivəsində səmərəli fəaliyyəti dövlətlərarası münasibətlərin genişlənməsi üçün stimul adlandırıb.
Kasım-Jomart Tokayevin Azərbaycana ötən ilki rəsmi səfərini, qarşılıqlı əlaqələrin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamənin imzalanmasını xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, imzalanan yeni sənədlər müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə əlavə imkanlar yaradır. «Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir» söyləyən Prezident İlham Əliyev iki ölkə arasındakı müttəfiqlik münasibətlərini birgə fəaliyyətin gələcək inkişafın təməli adlandırıb. Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması, sənaye kooperasiyası, ixrac-idxal əməliyyatlarının nomenklaturunun genişləndirilməsi, gələcəkdə ixrac-idxal potensialının reallaşdırılması üçün sifarişlərin yerləşdirilməsi məsələlərinin müzakirəsi ilə bağlı təkliflər nəzərə alınıb. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində mövqeyinə görə qazaxıstanlı həmkarına minnətdarlıq edən Prezident İlham Əliyev regionda sülhün bərqərar olunmasına yönəlmiş əməkdaşlığı yüksək dəyərləndirib.
Göründüyü kimi, qardaşlıq, dostluq münasibətlərini möhkəmləndirən bu səfərlər bir daha sübut edir ki, tolerant ölkə, multikultural dəyərlərə sadiq Azərbaycan İslam həmrəyliyinin, türk birliyinin möhkəmlənməsində aparıcı rolunu uğurla davam etdirir.

