Cəmiyyət 

Riyakar İran…

Molla hakimiyyəti Azərbaycana qarşı düşmən münasibəti ilə əsl simasını göstərir

İranda şovinist fars-molla rejiminin zülmünə qarşı aylardır davam edən xalq etirazları səngimək bilmir. Ölkədə işsizlik, kasıblıq, səbəbsiz təzyiqlər, eyni zamanda, Azərbaycan türklərinə qarşı amansız qəddarlıq dözülməz həddə çatıb. Təkcə bir statistik məlumat ölkədə sosial vəziyyətin nə dərəcədə acınacaqlı olduğu haqqında təssəvür yaradır. Belə ki, İranın “Etemad” qəzetinin 2022-ci ildə fəhlələrin intiharı ilə bağlı dərc olunmuş xəbərlərdən hazırladığı icmalına əsasən, ötən ilin əvvəlindən etibarən 283 gün ərzində 23 fəhlə yoxsulluq, borclar, əməkhaqqı tələbi və işdən çıxarılma səbəbindən intihar edib. Bu, qeyd olunan müddətdə orta hesabla hər 12 gündə bir fəhlənin öz həyatına qəsd etməsi deməkdir. “Azad İran” Tehran Bələdiyyəsinin Rifah, Xidmət və İctimai Təminat İdarəsinin rəisinə istinadən xəbər verir ki, son bir ildə İranın paytaxtı Tehranda işləyən uşaqların sayı 5 dəfə artaraq 10 min nəfəri ötüb. İran təqvimi ilə ötən il ərzində (21 marta qədər) Tehranda narkotik maddə asılılığı olanların sayı isə 10 min nəfər artaraq 23 minə çatıb. Bundan başqa, sayları 1500- 2000 nəfər olan dilənçilərin sayı da qeyd edilən müddət ərzində bir neçə dəfə yüksəlib.

Bütün bu amillər özü öz sonunu yaxınlaşdırmaqda olan molla rejimindən narazılıqların daha da artmasını şərtləndirir.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun yaydığı məlumata görə, aprelin 9-dan başlayaraq İranda xalqın hakimiyyət əleyhinə etirazları yenidən kəskinləşib, ölkənin 12 əyalətinin 16 şəhərində 18 etiraz aksiyası keçirilib. Aksiyaların keçirilməsinin əsas səbəblərindən biri qeyd etdiyimiz kimi, ölkədə iqtisadi vəziyyətin pisləşməsidirsə, digər səbəb son zamanlar tələbələr arasında zəhərlənmə hallarının yenidən artmasıdır – 2023-cü il fevralın 15-dən başlayaraq xüsusilə tələbə qızlar arasında geniş yayılmış, səbəbi məlum olmayan kütləvi zəhərlənmələrin qarşısı fars rejimi tərəfindən hələ də alınmayıb. İran parlamentinin Faktaraşdırıcı Komissiyasının üzvü etiraf edib ki, təhlükəsizlik orqanları bununla bağlı hələlik heç bir iz tapmayıblar. “ArazNews” İranın Qərbi Azərbaycan əyalətinin Saqqız və Sulduz da daxil olmaqla bir sıra şəhərlərində əhalinin kimyəvi hücumlara qarşı etiraza qalxdığı haqqında məlumat yayıb. Maraqlıdır, etirazçıları və ya hicabsız qadınları ən qısa vaxtda müəyyən edərək həbsə atan bir rejim necə olur ki, ölkə boyu belə geniş miqyasda baş verən cinayətin səbəbkarlarını tapa bilmir? Ya bəlkə tapmaq istəmir?..

Bütün baş verənlərin fonunda İranın sağda-solda günahkar axtaran başbilənləri bircə dəfə də olsun əmmamələrini qabaqlarına qoyub düşünüblərmi ki, ölkəni bürüyən inqilab atəşinin fitilini alışdıran da elə özləri, onların ədalətsizliyi və qəddar idarəçilik sistemidir? Axı günlərdir davam edən etiraz aksiyalarında küçələrə axışan, ali dini lider Ayətullah Əli Xameneyinin, Qasim Süleymaninin, Ruhulla Xomeyninin şəkillərini, heykəllərini yandıran zülm və boyunduruq altında yaşamaqdan bezmiş sadə vətəndaşlardır. Reallıq belədir ki, İranda istibdad zəncirləri xalqın boynuna ağırlıq edir. Üsyana qalxanlar isə təkcə Güney Azərbaycan türkləri deyil, həm də farslardır, kürdlərdir, bəlluclardır, digərləridir. Birmənalı olaraq ölkədə baş verənlərin xarici aktorlarla heç bir əlaqəsi yoxdur. Hələ qonşuları ilə dostluq və mehriban qonşuluq siyasətinə daim sadiq olan, əvəzində bəzi üzdəniraq qonşuların fitnə-fəsadlarından əziyyət çəkən müstəqil Azərbaycan Respublikası ilə heç yoxdur.

Bütün bunlara baxmayaraq, öz daxili problemlərini həll edə bilməyən İranın fars-molla rejiminin Azərbaycan əleyhinə təxribatları səngimək bilmir. Şər yuvasına çevrilmiş molla hakimiyyəti xüsusilə son zamanlar ölkəmizə qarşı açıq düşmənçilik mövqeyi nümayiş etdirməkdədir.

Aprelin 7-si və 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında baş tutan telefon danışığından sonra da şovinist fars rejiminin yerli mətbuatda ölkəmizin əleyhinə yalan, qərəz və hədyan dolu yazılara yer verməsi, müxtəlif məmurlarının dili ilə Azərbaycanı hədələməsi İranın riyakarlığından xəbər verir. Baxmayaraq ki, telefon danışığı zamanı tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər, Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub. Bu razılığa şər rejiminin necə əməl etdiyi, daha doğrusu etmədiyi isə cəmi iki günə ortaya çıxdı.

“Azad İran”ın məlumatına görə, guya “Azərbaycanla siyasi gərginliyin aradan qaldırılmasında maraqlı olduğunu deyən” İran hökumətinin rəsmi orqanı olan “İran” qəzeti 9 aprel sayında “Hüseyniyun” terror qruplaşmasının üzvləri ilə müsahibə dərc edib. Qəzetin Azərbaycana qarşı düşmən mövqeyi ilə tanınan baş redaktoru Məhəmməd Mütləqin “hüseynçilər”in qondarma rəhbəri ilə apardığı müsahibədə sözügedən terror qruplaşmasının yaradılmasının yeni məqamları üzə çıxıb. Belə ki, qruplaşmanın təsisçisi Tohid İbrahimbəyli “Hüseiniyun”un yaranmasında SEPAH-ın Qüds qanadının öldürülmüş generalı Qasım Süleymaninin rolunu etiraf edib: “Qasım Süleymani hesab edirdi ki, bir gün Suriyada müharibə bitəcək, lakin İsraillə “müqavimət oxu”nun fəaliyyəti Cənubi Qafqaza keçəcək. Bu səbəbdən o, strukturlardan yan keçərək “Hüseyniyun” qruplaşmasının nizamnaməsini imzaladı. Azərbaycan “müqavimət oxu”na daxil olan ölkələr sırasında deyildi və Hacı Qasımın işi bir növ dekonstruksiya hesab olunurdu.”

Müsahibədə, həmçinin terror qruplaşmasının üzvü olan digər cinayətkarlar – Orxan Məmmədov, Musa Əsədzadə, Əkrəm Hacızadə də iştirak ediblər.

Bütün bu riyakarlıqdan, şərəfsizlikdən sonra hələ şər qonşumuz istəyir ki, Azərbaycan mətbuatında molla rejiminin əməlləri barəsində heç nə yazılmasın. Bu həyasızlığın hansı mərhələsidir görəsən?…

Daha çox xəbərlər