Əsl dostluq, qardaşlıq bax, belə olar!..
“Bir millət, iki dövlət” düsturu ilə gələcəyə addımlayan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bütün dünya xalqlarına və dövlətlərinə nümunədir
Türkiyə son 20 il ərzində Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə çox böyük inkişaf yolu keçib. Qardaş ölkə öz iqtisadi gücünə görə “Böyük İyirmilik”də yer alır, iqtisadi potensialı baxımından Avropada ilk onluqdadır. Türkiyə hərbi güc nöqteyi-nəzərindən NATO çərçivəsində ikinci ölkədir. Bu ölkənin hərbi sənaye kompleksi son zamanlar çox yüksək templə inkişaf edib. Bu inkişaf, eyni zamanda, özünü yüksək texnologiyalar sahəsində büruzə verməkdədir.
Azərbaycan ilə Türkiyə arasında 2021-ci ilin iyunun 15-də imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi 2022-ci ilin fevralın 1-də Azərbaycanda, 3-də isə qardaş ölkədə tarixi sənəd kimi rəsmi surətdə ratifikasiya edildi. Şuşa Bəyannaməsinin preambulasına baxdıqda Azərbaycan ilə Türkiyə arasında imzalanan tarixi sənədlər xatırlanır. Belə ki, Şuşa Bəyannaməsi Qars müqaviləsinə, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”yə, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”yə istinad edir. Bundan əlavə, Şuşa Bəyannaməsi ilə böyük öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün iki qardaş ölkə barədə kəlamlarının bir daha real həyatda öz əksini tapması təsdiqləndi. Bu tarixi sənəd Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığı ən yüksək mərhələyə qaldıraraq Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına yardım edəcək.
Bu il fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda və Elbistan rayonunda olan dəhşətli zəlzələlərin ağır fəsadlarının aradan qaldırılmasın üçün Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan dövləti və xalqı qardaş ölkəyə böyük məbləğdə yardım və ianələr edib. “Əsrin fəlakəti”nin coğrafiyasına və Türkiyəyə ixracatımızın strukturuna diqqət yetirsək görərik ki, zəlzələ qardaş ölkələrimiz arasındakı iqtisadi əlaqələrə xüsusi neqativ təsir göstərməyəcək. 2023-cü ildə də enerji əməkdaşlığımızın güclənəcəyi gözlənilir.
2022-ci il oktyabrın 29-da Türkiyənin mobilik sahəsində xidmət göstərən qlobal texnologiyalar markası olan “Togg” istehsal müəssisəsinin işə salınması, sözün həqiqi mənasında, tarixi hadisədir. Bu hadisə bir daha onu göstərir ki, Türkiyə qabaqcıl texnologiyalar sahəsində də inkişaf etmiş dövlətlər sırasında özünəməxsus mövqe əldə etməkdədir. Bu yaxınlarda seriya istehsalına başlanan ilk yerli “Togg” elektromobili, yerli və milli döyüş təyyarələri, gəmiləri, sualtı gəmiləri, helikopterləri, tank, top və sair sursatları ilə Türkiyə iqtisadi və hərbi qüdrətini daha da artırmışdır. Prezident R.T.Ərdoğanın rəhbərliyi ilə qardaş ölkə son illər xarici borclardan xilas olub. Qara dənizdə və Aralıq dənizində enerji mənbələrindəki kəşfiyyat-axtarış işləri müsbət nəticələr verib. Yol-infrastruktur sahəsində iri layihələr reallaşdırılıb, ikiqat yollar salınıb, dəmiryolları ölkə boyu genişləndirilib. Son bir neçə il ərzində Türkiyədə 50-dən çox hava limanı, onlarla müasir xəstəxanalar inşa edilib.
Beləliklə, Türkiyə il ərzində 175 min avtomobilin istehsalını nəzərdə tutur. 2030-cu ilə qədər isə həcmin bir milyona çatdırılması planlaşdırılır. Bu, Türkiyənin iqtisadi inkişafının göstəricisidir. Aprelin 4-də “Togg” elektromobilinin ikinci nümunəsi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. Türkiyənin sənaye və texnologiyalar nazirini qəbul edərkən Prezident İlham Əliyev bu hadisəni çox yüksək qiymətləndirib. Bir daha vurğulayıb ki, bu gün Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük bir inkişaf yolu keçməkdədir. Yüksək texnologiyalar əsasında belə bir müəssisənin işə salınması Türkiyənin gücünün, potensialının ifadəsidir.
Türkiyə Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı, xarici ticarətdə ikinci ən böyük tərəfdaşıdır. 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 6 milyard dollara yaxınlaşıb. 2021-ci ildə isə ölkələrimiz arasındakı ticarət dövriyyəsi 4 milyard 661 milyon dollar olmuşdu. Türkiyə, eyni zamanda, ölkəmizin qeyri-neft ixracatında ikinci əsas tərəfdaşıdır. 3 milyard dollarlıq enerjidən kənar ixracatımızın təxminən 1/3-i Türkiyənin payına düşür. Son illər qardaş ölkəyə ixrac etdiyimiz qeyri-neft məhsullarının dəyərində artım qeydə alınır. Bununla yanaşı, hələ də ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsində enerji məhsulları əsas paya malik olmaqdadır. Xüsusən də qardaş ölkəyə təbii qaz ixracatında artımlar qeydə alınır.
Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına son zamanlar kifayət qədər böyük məbləğdə sərmayə qoyuluşu həyata keçirilib. SOCAR-ın Türkiyənin inkişafında fəal iştirakı nəticəsində Azərbaycan qardaş ölkənin iqtisadiyyatına yönəldilən sərmayələrin həcminə görə ilk beşliyə daxil olub. Azərbaycan və Türkiyənin ikitərəfli iqtisadi əməkdaşlığa və sərmayələrə verdikləri böyük əhəmiyyət də ölkələrimizin inkişafını şərtləndirən amillərdəndir. Son illərdə Azərbaycanın Türkiyəyə yatırdığı sərmayələrin həcminin artması da xüsusi diqqətçəkən məqamlardandır. Bu sərmayə qoyuluşlarının xüsusilə böyük kapital tələb edən sektorlarda (gəmiçilik, neft və s.) həyata keçirilməsi iqtisadi münasibətlərin strateji xarakterini ön plana çıxarır. Türkiyə Azərbaycanın qeyri-neft sektorunda ən böyük yatırımçıdır ki, bu da ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Hazırda ölkəmizdə minlərlə türk şirkəti fəaliyyət göstərir.
Azərbaycanla Türkiyə arasında qlobal əhəmiyyət daşıyan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri çərçivəsində çoxtərəfli əməkdaşlıq uğurla davam edir. İki ölkə qlobal iqtisadi əhəmiyyətə sahib olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı əməkdaşlığı da davam etdirir. Əlbəttə, sərmayə qoyuluşu iqtisadi inkişaf üçün çox vacibdir. İqtisadi inkişafın əsas həlqələrindən biri məhz sərmayə qoyuluşlarının həyata keçirilməsidir. Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına yatırılan sərmayənin artması isə yeni iş yerlərinin yaradılması, sosial təminatın gücləndirilməsi baxımından çox vacibdir. Sərmayə qoyuluşu qarşılıqlı iqtisadi və dayanıqlı inklüziv inkişafa töhfə vermiş olacaq.
İki qardaş ölkənin regionda mühüm əhəmiyyət daşıyan birliyinin gələcəyi və bölgədə baş verən proseslərə təsir imkanları da böyükdür. Azərbaycan-Türkiyə münasibətləri əslində müəyyənləşmiş bir düstur sistemi əsasında inkişaf edir. Biz “Bir millət, iki dövlət” düsturu ilə bu münasibətləri çoxşaxəli əməkdaşlıq, tərəfdaşlıq və qardaşlıq kimi görürük. Hər iki ölkə birgə dünya üçün çox mühüm layihələr həyata keçirir. Söhbət enerji və nəqliyyat layihələrindən gedir.
Azərbaycan və Türkiyə strateji tərəfdaşlığı dünyanın hazırda bütün dünya xalqları və ölkələri üçün nümunə ola biləcək bir inkişaf modelidir. Bu, bir işıqlı yoldur. Biz həmin xalqlara və ölkələrə təklif edirik ki, müasirlik, demokratiya və birliyə əsaslanan dövlətlər kimi inkişaf etsinlər. Bu model bütün dünya üçün çox vacibdir. Bir sözlə, təkcə bizim bölgədə deyil, dünyada sabitliyin və inkişafın təməl sistemini formalaşdıra bilən Azərbaycan – Türkiyə birliyi daha böyük gələcəyə malikdir.

