İran deputatının Azərbaycana qarşı yeni ittihamının arxasında nə durur?
İran parlamentinin Təhsil və Tədqiqat Komissiyalarının üzvü Məhəmmədrza Əhmədi Səngəri özünün Tvitter hesabında Azərbaycanı qərəzli şəkildə “Bakı hökuməti” adlandıraraq, böhtan və təhdid dolu paylaşım edib.
“Bakı hökuməti iranlı diplomatları arzuolunmaz şəxslər kimi ölkədən çıxardığı halda, təkfirçi və sionist ünsürlər bu şiə ölkəsində açıq və geniş şəkildə fəaliyyət göstərirlər. İran Azərbaycanda öz imkanlarını işə salsa, bu ölkənin hökuməti arzuolunmaz şəxsin kim olduğunu biləcək”, – Səngəri Tvitter hesabında yazıb.
Tarixçi Sübhan Talıblının fikrincə, beynəlxalq hüquqda, Vyana konvensiyasında, xarici ölkələrdə İranla imzalanmış sənədlər olsa da, İran İslam Respublikası qurulandan sonra İran ölkəmizə qarşı etibarlı, güvənli olmayıb.
“İranda diplomatik xidmətdə olmaq, dövlət missiyasını yerinə yetirmək həmişə çətin, təhlükəli olmuşdur. Bir çox xarici tədqiqatçılar İranın ziddiyyətli və hədəli addımlarının ən çox Qərb dövlətlərinə, İran rejimi ilə mənafeləri üst-üstə düşməyən, əks mövqedə duran ölkələrə qarşı olduğunu bildirsələr də, cənub qonşumuzun şovinist, ziddiyyətli, riyakar addımları, Azərbaycan və Türkiyə dövlətçiliyinə, Türkiyə və Azərbaycanın daxili və xarici siyasətinə, Türk-İslam aləminшт nüfuzuna, cənubi azərbaycanlıların milli oyanışına, müstəqil dövlətçiliyinə qarşı olub və bu siyasət bu gün də davam edir”, – Talıblı deyib.
Siyasi şərhçi Əziz Əlibəyli isə bildirib ki, İran Azərbaycana qarşı informasiya müharibəsi elan edib. Burada əslində Azərbaycan torpaqlarına qarşı ittiham edildiyi anlama gəlir ki, bu da Azərbaycan torpaqlarına və suverenliyinə ziddir.
“Bu addım Azərbaycan vətəndaşlarının dövlət əleyhinə fəaliyyət göstərməsini təmin edir. Həbs olunanların böyük əksəriyyəti vətənə xəyanət səbəbi ilə ittiham olunanlardır. Son 6 ay ərzində ciddi münaqişələrə rast gələ bilərik”, – Əlibəyli deyib.
Qarabağın Azərbaycan icmasının rəhbəri Tural Gəncəliyevin fikrincə isə, İranı Azərbaycanın 44 -günlük müharibədə əldə etdiyi qələbə və türkdilli dövlətlərlə yaxınlıq qıcıqlandırır.
“Regionumuzda və dünyada mövcud olan çox çətin geosiyasi durumu və Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı yeni geosiyasi reallıqları nəzərə alaraq, bir daha əmin oluruq ki, ölkəmizin əldə etdiyi bu uğuru həzm edə bilməyən qüvvələr onların bağlı olduğu güc mərkəzləri və dairələr ölkəmizə qarşı məkirli planlarını həyata keçirmək üçün dəridən qabıqdan çıxırlar. Son zamanlar türk dövlətləri təşkilatında daha əhatəli əməkdaşlığın əldə edilməsin üçün bütün cəhdlər göstərilib. Təbii ki, ölkəmiz burada çox mühüm rol oynayır. Son zamanlar ölkənin ali rəhbərliyinin türk dövlətləri təşkilatının üzv ölkələrinə səfərləri və bu istiqamətdə aparılan addımlar bir daha əmin edir ki, Azərbaycan dil və din qardaşları ilə daha dərindən inteqrasiya olunmalı və ölkəmizin qarşısında duran təhdidləri önləməkdən ötrü biz türk dövlətləri təşkilatı çərçivəsində təkcə iqtisadi, humanitar, mədəni məsələləri deyil, eyni zamanda müdafiə, təhlükəsizlik, hərbi məsələləri də müzakirə etməliyik”, – millət vəkili deyib.
2023-cü il aprelin 6-da İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı persona non-qrata elan edilib və 48 saat ərzində ölkəni tərk etmələri barədə göstəriş verilib.
İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb, Tehranın Azərbaycana qarşı təxribat xarakterli fəaliyyətindən kəskin narazılıq ifadə edilib.
“Səfirin diqqətinə çatdırılıb ki, İran səfirliyinin 4 əməkdaşı fəaliyyətlərinə görə, diplomatik statusa uyğun gəlməyən və 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına zidd olaraq Azərbaycan hökuməti tərəfindən persona non-qrata elan edilib”, – Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Azərbaycanla İran arasında münasibətlər 2022-ci ildən pisləşir. O cümlədən, Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, İran hakimiyyəti məqsədyönlü şəkildə ikitərəfli münasibətlərdə böhrana səbəb olacaq addımlar və hərəkətlər edir.
2023-cü ilin yanvarında silahlı Azərbaycanın Tehrandakı səfirliyinə hücum edilib və bundan sonra Azərbaycan öz diplomatlarını ölkədən çıxarıb.
Zinyət Mehtiyeva

