Dostluq rəmzi
Azərbaycan ilə Qazaxıstan münasibətlərinin tarixi qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir.
Hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub.
Qeyri-rəsmi məlumatlara görə hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrdə çalışırlar. Onlar Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər.
Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
1990-ci illərdən etibarən Qazaxıstanda bir sıra Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Böyük qazax mütəfəkkiri Oljas Süleymanov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında, rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya bəyan edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri, Astanada iki ölkənin liderləri arasında aparılan danışıqlar və Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı perspektivləri bu ölkənin mediasının diqqət mərkəzindədir.
Qazaxıstan kütləvi informasiya vasitələri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan və Qazaxıstan arasında strateji əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə xüsusi diqqət yetirirlər. Yazılarda qeyd olunur ki, ölkəyə mürəkkəb bir şəraitdə başçılıq edən dahi lider haqlı olaraq müasir müstəqil Azərbaycanın memarı hesab olunur. Kasım-Jomart Tokayevin sözlərinə görə, məhz böyük liderin rəhbərliyi altında gənc Azərbaycan dövləti qısa zaman ərzində dünya ictimaiyyətinin tamhüquqlu üzvünə çevrildi, Heydər Əliyevin həyat yolu isə millətə sədaqətlə xidmətin parlaq nümunəsidir.
Qazaxıstan və Azərbaycan prezidentləri Kasımjomart Tokayev və İlham əliyev aprelin 10-da Astananın mərkəzində Heydər Əliyev küçəsini təntənəli şəkildə açıblar.
Qazaxıstan rəhbəri xatırladıb ki, ötən il Bakıya rəsmi səfəri zamanı mədəni-humanitar əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı bir sıra razılaşmalar əldə olunub və bu, iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi işində mühüm addım olub.
“Bizim borcumuz Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və saxlamaqdır. Astanada onun adını daşıyan yeni küçəni açmaqla biz bu nəcib işə mühüm töhfə veririk. Bu, bizim Azərbaycan xalqının böyük oğluna səmimi münasibətimizin və səmimi hörmətimizin əlamətidir”,-deyə Kasım-Jomart Tokayev bildirib.
Şəbnəm Saracova,
Heydər Əliyev adına liseyin informatika müəllimi,
YAP Xətai rayon təşkilatının “NatiqƏliyev 50” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

