İnsanlara nur paylayan, yol göstərən ziyalı
Tarix bəşəriyyətə nadir hallarda görkəmli sərkərdələr, müdrik siyasətçilər, görkəmli dövlət xadimləri və dahilər bəxş edir. Ulu Öndər Heydər Əliyev XX əsrdə xalqın yaddaşında müdrik siyasətçi və dövlət xadimi, eyni zamanda qayğıkeş və mehriban ailə başçısı kimi daxil olmuşsa, dahi oftalmoloq, akademik Zərifə xanım Əliyeva özünün xeyirxahlığı və humanistliyi, insanlara nur paylayan, onları işığa çıxaran , yol göstərən ziyalı olmuşdur. Əsil Azərbaycan ziyalısının canlı rəmzi olan Zərifə xanım Əliyevanın işıqlı xatirəsi insanların qəlbində əbədi yaşayır. Onun bütün varlığı ilə cəmiyyətimizin yüksəlişinə daima can atması , bütün insanlara böyük qayğı və diqqətlə yanaşması bir tərəfdən hər bir qadına xas olan analıq yanğısından irəli gəlir, digər tərəfdən isə onun mənəvi ucalığından xəbər verirdi.
Ürəklərdə yaşayan yaxşı əməl sahibi, bütövlükdə insanlıq səhifəsinə imza atmış şəxslərdən biri də 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmiş, insanaların gözünə nur vermişdir. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir.1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. 1960-cı ildə tibb elmləri namizədi, 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini müdafiə edir. Çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.
Akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminə verdiyi töhfə bu gün səhiyyəmizin inkişafının əsas özüllərindən biridir. Onun oftolmologiya sahəsindəki fəaliyyəti və uğurları Azərbaycanın tibb tarixində xüsusi yer tutur. Zərifə Əliyevanın üstün cəhətlərindən biri o idi ki, böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliklərin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. O zamanlar rayonlarda həkim qıtlığı, peşəkar kadr azlığı sakinləri çətin vəziyyətə salırdı. Bu baxımdan qayğıkeş insan Zərifə Əliyevanın rayonlarda çalışması və xəstələrə şəfa olması hər bir həkim üçün nümunədir. Onun tədqiqatlarının nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi.
Zərifə Əliyevanı digərlərindən fərqləndirən cəhətlərindən biri də onun həkimlik peşəsinə yanaşmasında idi. O gənc həkimləri savadlı görməklə yanaşı şəxsiyyət kimi yetişməsində də əlindən gələni edirdi. Alim gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdı. Onun həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdı.
Zərifə xanım həyatı boyu sonsuz bir sədaqətlə bəşəri ideallara xidmət etmişdir. Zərifə xanımın bütün həyatı və fəaliyyəti çoxşaxəliliyi ilə fərqlənmiş, başqaları üçün nümunə olmuşdur. Zərifə xanımın adı həm alim, pedaqoq, həkim, ictimai xadim, həm də bənzərsiz ürək saflığının təcəssümü olan bir insan kimi hər bir adamın qəlbində əbədi yaşacaqdır.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

