Cəmiyyət 

Tütün, spirtli içkilər, qeyri-sağlam qidalanma və fiziki passivlik…

Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü və qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə Azərbaycanda keçirilən maarifləndirici kampaniya ilə bağlı Səhiyyə Nazirliyi İctimai Sahiyyə və İslahatlar Mərkəzində mətbuat konfransı keçirilib.

ARANTV.AZ xəbər verir ki, İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək bildirib ki, qeyri-infeksion xəstəliklərlə mübarizə müasir dövrdə həm dünya miqyasında, həm də ayrı-ayrı ölkələr səviyyəsində səhiyyə sistemlərinin prioritet vəzifələrində əsas yer tutur:

“Qeyri-infeksion xəstəlikləri yaradan əsas səbəblər zərərli vərdişlər – tütün, spirtli içkilər, qeyri-sağlam qidalanma və fiziki passivlikdir. Odur ki, səhiyyə işçiləri, ictimai səhiyyə mütəxəssisləri tərəfindən əhali arasında daim təşviqat aparılır, insanlara zararli vərdişlardan uzaq olmaq, öz sağlamlıqlarına məsuliyyətlə yanaşmaq təbliğ olunur”.

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov vurğulayıb ki, qeyri-infeksion xəstəliklər müasir dövrün, cəmiyyətin problemidir: “Bu xəstəliklərə qarşı mübarizədə səhiyyə sisteminin tədbirləri və tibbi xidmətlərin gücləndirilməsi ilə yanaşı, eyni zamanda əhalinin maarifləndirilməsi həyata keçirilməlidir. Bu kampaniyanın da asas məqsədi insanlara tövsiyə etməkdir ki, hayat tərzlərini dəyişsinlar, qan təzyiqinə, qanda şəkərin səviyyəsinə nəzarət etsinlər”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBIB) Ümumi profilli tibbi yardımın təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva müxtəlif qurumların birgə əməkdaşlığı ilə təşkil olunan bu maarifləndirici kampaniyanın vacib addım olduğunu bildirib: “Burada əsas məqsəd əhalini arterial hipertenziya xəstəliyi və bu xəstəliyin mümkün ağırlaşmaları haqqında maarifləndirmək, qan təzyiqinin ölçülməsinin əhəmiyyətini vurğulamaqdır”.

Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) sədri Üzeyir Rəhimov son illərdə bütün ölkələrdə, o cümlədən Azərbaycanda ən çox xəstələnmə, ölüm və əlilliklə nəticələnən xəstəliklər sırasında məhz qeyri-infeksion xəstəliklərin yer aldığını təəssüflə vurğulayıb: “Amma bu xəstəliklərin qarşısını almaq mümkündür. Qeyri-infeksion xəstəliklərin inkişafına təsir göstərən risk amillərini aradan qaldırmaqla və sağlam davranışı formalaşdırmaqla onların yükünü azaltmaq olar”.

“Servye Azərbaycan” şirkətinin direktoru Rişad Təhməzov arterial hipertenziyanın bütün dünyada olduğu kimi, Azərbaycanda da geniş yayıldığını bildirib:

“Baxmayaraq ki, yüksək qan tazyiqi ölüm riskləri arasında ən birincidir, bu problemə hələ də əhali tərəfindən lazımi diqqət yetirilmir. Məhz bu məqsədlə Beynəlxalq Hipertenziya Cəmiyyəti tərəfindən təşəbbüs irəli sürülüb və “Çünki belə lazımdır” şüarı ilə dünya ölkələrində təbliğat kampaniyasına başlanılıb”.

Sonda kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılıb və iştirakçılara qeyri-infeksion xəstəliklərin profilaktikası istiqamətində İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar paylanılıb.

Daha çox xəbərlər