Regionların gələcək inkişafına möhkəm zəmin
Prezident İlham Əliyevin bölgələrə hər bir səfəri regionların tərəqqisinə, vətəndaşların rifahına, layiqli həyat şəraitinin təmin olunmasına xidmət edən bir siyasətdir
Azərbaycanda regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir. Regionların inkişafı sahəsində uğurla həyata keçirilən Dövlət proqramlarında, habelə bölgələrin sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin uğurlu icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafını təmin edib. Bundan əlavə, həyata keçirilən tədbirlər regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strategiyanın həyata keçirilməsində, o cümlədən bölgələrin sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramları böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişib, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açıb.
Bütün bunlarla yanaşı, iqtisadiyyatın digər sahələrini əhatə edən, müxtəlif istiqamətlərdə kompleks işlərin görülməsini nəzərdə tutan Dövlət proqramları qəbul olunub. Belə ki, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Təbii ki, bu proqramların həyata keçirilməsi regionlarda güclü sosial-iqtisadi inkişafa böyük töhfələr verməkdədir.
Ölkəmizdə sosial-iqtisadi inkişafındavamlılığının təmin olunmasında regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının qəbul olunması və həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır. Bu baxımdan “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı xüsusilə qeyd etmək lazımdır. Dövlət Proqramının icrasının birinci ilinin yekunları çərçivəsində ölkədə regionların inkişafı ilə əlaqədar tənzimlənmə sisteminin, o cümlədən qanunvericilik bazasının, institusional və iqtisadi mexanizmlərin daha da təkmilləşdirilməsi, investisiya və innovasiya fəallığının artırılması, mütərəqqi texniki avadanlıqlar və texnologiyaların tətbiqi əsasında yerli iqtisadi potensialın gücləndirilməsi, təsərrüfat dövriyyəsinə tam cəlb olunması, buna uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsinin genişləndirilməsi, səmərəliliyinin yüksəldilməsi hesabına rəqabətqabiliyyətliliyinin artırılması, sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb.
Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları çərçivəsində görülən işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb.
Prezident İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, bu proqramların uğurlu icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılıb: “Bu işlər davam etdirilir. Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər- ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir”.
Aprelin 18-də ölkə başçısının iştirakı ilə Salyan şəhərində “ASAN xidmət” mərkəzinin açılışı olub. Salyan regional “ASAN xidmət” mərkəzi üçün ayrılan 2 hektar ərazidə inzibati bina, iki yerüstü avtomobil dayanacağı, kafe, konsert səhnəsi, dekorativ fəvvarə, istirahət və uşaq əyləncə meydanı yaradılıb. Mərkəzdə mediafasad quraşdırılıb. Respublika üzrə sayca 25-ci olan Salyan regional “ASAN xidmət” mərkəzində videomüşahidə kameraları, monitorlar, kompüterlər, printerlər, iki lift, iki eskalator, yanğınsöndürmə, mərkəzləşdirilmiş havalandırma və istilik sistemləri, çiller, generator, UPS, 22 ədəd “ASAN ödəniş” terminalı, elektron şikayət köşkü (Skype), iki elektron rəy sorğusu (exit poll) köşkü, Çağrı mərkəzinə zəng köşkü quraşdırılıb.
Əsasən Salyan, Neftçala, Biləsuvar, Şirvan rayonlarında qeydiyyatda olan ümumilikdə 426 min 600 vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək. Burada çalışacaq əməkdaşların ümumi sayı 205, könüllülərin sayı 45 nəfər nəzərdə tutulur.
Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib. QR kodları oxudaraq asan.gov.az saytına keçid etməklə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin, yashat.gov.az portalına keçid etməklə isə “YAŞAT” Fondunun fəaliyyəti barədə asanlıqla məlumat əldə etmək mümkündür.
Dövlət başçısının söylədiyi kimi, Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, digər tədbirlər, iş yerlərinin yaradılması ilə bağlı olan addımlar, o cümlədən Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı- bütün bunlar bir daha təsdiq edir ki, ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur. Bütün bunlar deməyə əsas verir ki, Dövlət proqramları çərçivəsində görülən genişmiqyaslı işlər regionların gələcək inkişafı üçün əsaslı zəmin yaradır.

