İnkişafın Azərbaycan modeli: Yenilik, tərəqqi, müasirlik
Regionlarda aparılan sosial-iqtisadi islahatları, həyata keçirilən layihələri sürətləndirməkdə məqsəd vətəndaş məmnunluğunu artırmaqdır
Birləşmiş Millətlər Təşkilatının «Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf» proqramında qeyd olunan öhdəliklərə uyğun təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də respublikamızın sosial-iqtisadi inkişafının qarşıdakı illər üçün nəzərdə tutulan istiqamətləri müəyyənləşdirilib. Qüdrətli dövlət, yüksək rifahı naminə ən mütərəqqi təcrübələrin tətbiqi üçün potensial, resurslar, maliyyə imkanları, işçi qüvvəsi dəqiqliklə hesablanıb. 2004-cü ildən başlayaraq həyata keçirilən Dövlət proqramlarının icrası ilə yaranan makroiqtisadi inkişaf sahəsində maliyyə imkanları daha da möhkəmlənən ölkəmizin dinamik inkişafına, milli təhükəsizliyə etibarlı təminat yaranıb.
Reallıq budur ki, İkinci Qarabağ müharibəsindən sonra regionlarda sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, xarici investisiyalar ölkə iqtisadiyyatının dinamik inkişafını intensivləşdirib. Şərqlə Qərbin qovşağında yerləşən respublikamızın daha da qüdrətlənməsi üçün yenilənən enerji layihələri, ölkəmiz üçün daha əlverişli olan Orta Dəhliz məkanından istifadə məsələsinin aktuallaşması Azərbaycanın dünya birliyində mövqeyini daha da möhkəmləndirir. Yaranan əlverişli şərait, qazanılan nailiyyətlər, əməkdaşlıq formatının genişlənməsi, ölkəmizə artan maraq Azərbaycanın iqtisadi suverenliyinə etibarlı zəmanətdir. Qarşıda duran vəzifələrin nəzərdə tutulduğu müddətdə yerinə yetirilməsi üçün makroiqtisadi siyasətin istiqamətləri daha da dəqiqləşdirilir. Belə ki, ölkənin sosial-iqtisadi inkişafını əhatə edəcək Milli Prioritetlərin reallaşdırılması üçün hərəkətverici qüvvələr, yerli potensiallardan səmərəli istifadə metodları, yol-nəqliyyat infrastrukturlarını, enerji layihələrini əhatə edən mənbələr artıq bəllidir : Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış, təmiz ətraf mühit və «yaşıl artım» ölkəsi nümunəsini yaratmaq.
Bu günlərdə Neftçala və Salyan rayonlarında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə sosial-iqtisadi obyektlərin istifadəyə verilməsi göstərdi ki, Milli Prioritetlərdən irəli gələn vəzifələr yerinə yetirilir.
Neftçalada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Olimpiya İdman Kompleksinin, Neftçala- Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun, Bankə qəsəbəsində inşa edilən məktəbin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva obyektlərdə yaradılan şəraitlə də tanış olublar. Dövlət başçımıza 115 nəfərin çalışdığı Yenikənd kəndindəki «Azerbaijan Fişh Farm» MMC-nin Nərə Damazlıq Təsərrüfatının istehsal imkanlarının artırılması üçün görülən işlər barədə məlumatlar verilib.
Salyan rayonunda həyata keçirilən, müxtəlif sahələri əhatə edən quruculuq işləri sakinlərin rahat həyat tərzini daha da yaxşılaşdıracaq. «Azərişıq» ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin işə salınması ilə 33 min 331 abonentə xidmət göstəriləcək. Respublika üzrə 25-ci «ASAN xidmət»in bu rayonda açılması ilə sakinlərə 360 növdən artıq xidmət göstəriləcək. Burada 205 əməkdaş, 45 könüllü işlə təmin olunacaq. Hər iki rayonda istifadəyə verilən obyektlər ölkə iqtisadiyyatının dinamik inkişafının, dövlətin sosial islahatlarının uğurlu həllinin göstəriciləridir. Salyan rayonunda olarkən bu uğurları Azərbaycan Televiziyasına müsahibəsində də qeyd edən Prezident İlham Əliyev ölkə miqyasında davam etdirilən quruculuq işlərini vətəndaşlara göstərilən dövlət qayğısı adlandırıb. Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq da xoş təəssürat yaradıb. Hazırda ölkə üzrə dördüncü Dövlət Proqramının icra olunduğunu diqqətə çatdıran dövlət başçımızın vurğuladığı kimi, bölgələrdə genişmiqyaslı quruculuq işləri davam etdirilir. « Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər- ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir» söyləməklə respublikada miqyası genişlənən ölkəmizin brendi və intellektual məhsulun ixracı olan, beynəlxalq səviyyədə maraq doğuran «ASAN xidmət» şəbəkəsinin bölgələri əhatə etməsini regionlarda yaşayan vətəndaşların rahatlığının təminatı kimi dəyərləndirdi: «Mən bilmirəm, ikinci belə xidmət var ki, bu qədər insanlar tərəfindən bəyənilsin və eyni zamanda, dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk.»
Son illərdə ölkə miqyasında gənclərin fiziki tərbiyəsinə , sağlamlığına göstərilən diqqətin nəticəsidir ki, beynəlxalq yarışlarda, olimpiadalarda uğurla çıxış edən idmançılarımızın qazandıqları medalların sayı artmaqdadır. Bölgələrdə də geniş imkanlara malik Olimpiya İdman komplekslərinin yaradılması yeni uğurlara açılan yol kimi dəyərləndirilir. Hər iki rayonda istifadəyə verilən sosial obyektlər yeni iş yerlərinin açılması, eyni zamanda, dövlətin sosial siyasətinin uğurlu davamının göstəricisidir.
«Məsələn, Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, digər tədbirlər, iş yerlərinin yaradılması ilə bağlı olan addımlar, o cümlədən Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı – bütün bunlar onu göstərir ki, ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur. Eyni zamanda, infrastruktur layihələr – bu gün yolun açılışında iştirak etmişəm və iqtisadiyyatın real sektoru, o cümlədən iş yerləri ilə bağlı olan təşəbbüslərimiz, sənayeləşmə ilə bağlı olan təşəbbüslərimiz, ixracyönümlü məhsulların istehsalı ilə bağlı təşəbbüslərimiz, bütün bunlar yerinə yetirilir və bir daha ölkəmizin gücünü göstərir. Yenə də deyirəm, bugünkü səfər bir çox məqamlara aydınlıq gətirir. Yəni, bu gün səfərimdən və səfərin nəticələrindən, gördüyüm mənzərədən çox məmnunam» söyləyən Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işlərinin diqqətdə saxlanıldığını, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələri regional inkişafın, Milli Prioritetlərin tərkib hissəsi adlandırıb.
Əminliklə demək olar ki, həyata keçirilən infrastruktur layihələri nəticəsində Qarabağın və Şərqi Zəngəzurun siması daha gözəl olacaq. Dövlət büdcəsinə əlavələrdə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasına daha çox vəsaitin ayrılması ilə bağlı proqnozlardan da aydın görünür ki, bu inkişaf ölkənin bütün bölgələrini əhatə edir. Rayonlarda infrastruktur layihələrinin icrası, dəmir, avtomobil yollarının inşası sürətləndirilir. Elektrik enerjisi, su ilə təchizata diqqət artırılır. Əkinə yararlı torpaqların suvarılması üçün nəzərdə tutulan meliorativ tədbirlər layihələr üzrə davam etdirilir. Füzulidə, Zəngilanda beynəlxalq hava yollarının istifadəyə verilməsindən sonra Laçında hava limanın tikintisinin davam etdirilməsi regional inkişafın tərkib hissəsidir.
Laçından olan keçmiş köçkünlərin mərhələlər üzrə doğma evlərinə qayıtması üçün tikinti işləri sürətləndirilir. 700-dən çox ailənin yay aylarında doğma evlərinə qayıtması nəzərdə tutulur. Rayonun Zabux və Sus kəndlərində fərdi evlərin tikintisi davam etdirilir. Şuşa, Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası sürətlənir. Kəlbəcər və Cəbrayıl şəhərlərində isə hələ hazırlıq işləri görülür. Məktəblərin, xəstəxanaların, sosial obyektlərin, ermənilər tərəfindən dağıdılan məscidlərin bərpasına diqqət artırılır.
Deyilənlərdən aydın olur ki, Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Göstərilən qətiyyət, yeniliyə ünvanlanan, ölkə vətəndaşları tərəfindən dəstəklənən siyasət nəticəsində ölkəmiz nəhəng enerji-nəqliyyat layihələrinin müəllifi olmaqla dinamik inkişaf sahəsində də dünya birliyində nümunə göstəriləcək uğurlu inkişaf yolunu davam etdirir.

