Sosial 

Hər işi asanlaşdıran “Asan xidmət”

“ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir”.

Bu fikri Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda “ASAN xidmət” mərkəzinin açılış mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

Yeni “ASAN xidmət” mərkəzinin sayca 25-ci olduğunu vurğulayan dövlət başçısı bildirib: “Dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk. Son illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik”.

Bəli, dövlət başçısının da dediyi kimi, “ASAN xidmət”in xidmətindən razılıq etmə əmsalı 98 faizdir. Qalan iki faiz isə yersiz və ya aidiyyəti olmayan müraciətlərdir. Məmnunluqla bildirməliyik ki, “ASAN xidmət” ölkəmizin ən uğurlu, öz vəzifə borcunu dərin məsuliyyət hissi ilə yerinə yetirən xidmət təşkilatıdır. Saysız-hesabsız vətəndaşımızın bu xidmətin işindən razılıq ifadə edən fikirləri var. Orta və yaşlı yaşlı nəsillər Sovet dövrünün təşkilatlarındakı bürokratik əngəlləri, süründürməçilikləri yaxşı xatırlayırlar. Bir sənəd almaq üçün insanların bəzən bir neçə instansiyaya getmələri, ərizələr yazmalaları, rəislərin, müdirlərin qapılarında günlərlə gözləmələri adi hal almışdı. İnsanlar bəzən növbələrdə də dayanmalı olurdular. Çox vaxt işi tezləşdirmək üçün müraciət edənlər müdirin “bığının altından” keçməli, “şirinlik” adı altında rüşvət verməli olurdular. “Asan xidmət” işə düşənədək yeni cəmiyyətdə də bu kimi neqativ hallar az deyildi. Ancaq bütün bunlar artıq xoş olmayan xatirələrə çevrilib. Nəhayət, ölkəmizdə tətbiq edilən “Asan xidmət” öz nümunəvi xidməti ilə hər işi asanlaşdırdı. Bürokratçılıq, süründürməçilik və rüşvətxorluq aradan qaldırıldı.

Fərəhli haldır ki, dünyanın ən inkişaf etmiş dövlətlərinin rəhbərləri bizim bu təcrübəmizdən yararlanmaq, öz ölkələrində tətbiq etmək istəyirlər. Hazırda bir neçə ölkədə bu xidmət sistemindən istifadə edir. Artıq buna real təşəbbüs edənlərin sayı artmaqdadır. Deməli, Azərbaycan nümunəsi dünyaya geniş yayılacaq, ölkəmizin imicini daha da yüksəldəcəkdir.

Daha çox xəbərlər