Cəmiyyət 

Aprelin 25-i Beynəlxalq DNT Günüdür

Hər il Aprelin 25-də dünyanın müxtəlif ölkələrində Beynəlxalq DNT Günü kimi qeyd edilir.

ARANTV.AZ xəbər verir ki, həmin tarixin seçilməsi alimlər Ceyms Uotson və Frensis Krikin, Moris Uilkins və Rozalind Franklinlə birgə dezoksiribonuklein turşusunun (DNT) molekullarının strukturunun öyrənilməsi sahəsində apardıqları tədqiqatların nəticələrinin 1953-cü il aprelin 25-də “Nature” jurnalında dərc olunması ilə əlaqədardır. Məqalənin dərc olunmasından düz 50 il sonra, yəni 2003-cü il aprelin 25-də insan genlərinin deşifrə edilməsi layihəsinin sona yaxınlaşdığı elan edilib. Belə ki, genomun bəzi hissələrinin əlavə analizləri başa çatmasa da, layihə üzərində əsas işin yekunlaşdırılması bildirilib. İnsan genlərinin strukturunun müəyyən edilməsi səhiyyənin inkişafı istiqamətində atılan çox mühüm addımdır.

DNT-nin tərkibində genetik informasiya saxlanılır və məhz onun testi qohumluq əlaqələrinin təyin edilməsi üçün ən geniş yayılmış üsuldur.

DNT – dezoksiribonuklein turşusudur. “X” və “E” şəklində yığcam bükülmüş uzun DNT ipləri xromosom adlanır. Xromosomlar çoxlu genlərdən ibarətdir. DNT bir nərdivana bənzəyir və ikiqat spiral adlanır. Bu nərdivanın pilləkənləri dörd elementdən təşkil olunub: adenin, timin, sitazin və quanin. Həmin maddələrin ardıcıllığı böyük əhəmiyyət kəsb edir. Məhz onların ardıcıllığı canlının bitki, heyvan və ya insan olmasını müəyyənləşdirir. DNT zəncirlərinin uzunluğu Yerdən Aya qədər olan məsafəni 6 min dəfə, Günəşə qədər olan məsafəni isə 600 dəfə əhatə edir.

Həmin turşu canlı orqanizmin formalaşması və həyati prosesləri davam etdirə bilməsi üçün irsi informasiyaların saxlanıldığı və nəsillər arasında ötürülən biopolimerdir. DNT-nin tərkibində genetik informasiya saxlanılır və onun testi qohumluq əlaqələrinin təyin edilməsi üçün ən geniş yayılmış üsuldur. Əbəs yerə deyil ki, DNT-nin açılması tibb elmində inqilab hesab edilir. Onun aşkar edilməsi nəticəsində irsiliyin kodu açılıb, genetik risk müəyyən edilib, orqanizmin proqramlaşdırılmış xüsusiyyətlərinin formalaşması başlanılıb. İrsiliyin yaxşılaşdırılmasının həyata keçirilməsi və genetik mühəndislik texnologiyalarının yaradılması da onunla əlaqədardır.

Daha çox xəbərlər