Gündəm 

SOCAR enerji təchizi üçün uzunmüddətli, etibarlı tərəfdaşdır

Xəbər verildiyi kimi, aprelin 25-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.

Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edən bu Sənəd Azərbaycanın daha çox təbii qaz ixracına imkan verəcək. Söhbət ondan gedir ki, Azərbaycandan artıq Cənub Qaz Dəhlizi ilə yanaşı, SOCAR-a məxsus təbii qaz həcmləri də Avropaya ixrac edəcək.

Qeyd edək ki, SOCAR, həmçinin Cənub Qaz Dəhlizinin bütün seqmentlərində paya malikdir. Bu o deməkdir ki, SOCAR buna qədər də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak etməkdədir. Lakin bu dəfə proses Azərbaycandan SOCAR tərəfindən həyata keçiriləcək.

Hazırda SOCAR tərəfindən Gürcüstana təbii qaz ixrac olunmaqdadır. Ötən il Gürcüstana ixrac olunan qaz həcmləri əvvəlki illə müqayisədə 22,2 faiz artaraq 1,4 milyard kubmetr təşkil edib. Şirkət Gürcüstanda 2007-ci ildən başlayaraq qazla bağlı digər fəaliyyətləri həyata keçirməkdədir. Aparılan işlər nəticəsində 2009-cu ildə 71 min olan abonetlərin sayı 01.01.2022-ci il tarixinə 806 minə çatdırılıb. 2007-2022-cu illər ərzində Şirkət tərəfindən 12 min kilometrə qədər qazpaylayıcı xətlər çəkilib.

Bu baxımdan SOCAR-ın Bolqarıstanda ofisinin açılması Şirkətin bu istiqamətdə fəaliyyətinin ixracla yekunlaşmayacağından xəbər verir. Bolqarıstan Prezidenti Rumen Radev sözügedən mərasimdə bildirib ki, ölkəsinin tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyasını təsdiqləyib.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev sözügedən Anlaşma Memorandumunun imzalanması mərasimindəki nitqində bildirib ki, Azərbaycan Avropanın qaz bazarında fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.

Ölkə başçısı vurğulayıb ki, Azərbaycan qaz təchizatının coğrafiyasını ən azı 10 ölkəyə qədər genişləndirəcək: “Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq”.

Öz növbəsində Azərbaycandan SOCAR vasitəsilə qaz tədarükünə dair imzalanan Anlaşma Memorandumu Bolqarıstanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, bütün regionun enerji təhlükəsizliyinə töhfə verəcək. Məlum məsələdir ki, Ukraynadakı müharibə Avropa qitəsində enerji böhranını daha da kəskinləşdirib. Belə bir şəraitdə Azərbaycanın avropalı tərəfdaşlarla həmrəylik nümayiş etdirərək qitənin enerji mənbələrinin şaxələndirilməsindəki rolu ölkəmizin əhəmiyyətini artıran vacib amildir. Elə bundan irəli gələrək Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson imzalanmış Anlaşma Memorandumunun regiona əlavə qaz təchizatı baxımından alternativ marşrutlar üçün çərçivə təmin edəcəyini vurğulayaraq Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdiyini bildirib. O qeyd edib ki, bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən enerji təchizatı həlledici olub.

Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman isə qazötürücü sistem operatorlarının Azərbaycandan Mərkəzi və Şərqi Avropaya yeni dəhlizin yaradılması ilə bağlı təşəbbüsünün reallaşdırılmasına və SOCAR ilə əməkdaşlığa Slovakiya İqtisadiyyat Nazirliyinin tam dəstəyini ifadə edib: “İnanıram ki, biz indi qaz idxalı sahəsində ölkələrimizin Azərbaycanla əməkdaşlığının yeni fəslinə start verəcəyik. Çünki Azərbaycan və SOCAR enerji təchizi üçün uzunmüddətli, etibarlı və dürüst tərəfdaşdır”.

Bu arada, Cənub Qaz Dəhlizinin iki ildən bir qədər çox müddətdə istifadəyə verilməsinə baxmayaraq, artıq Azərbaycandan Avropaya qaz ixracının 2027-ci ilə qədər iki dəfə artırılması planlaşdırılır. Bu məqsədlə TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə, TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi nəzərdən keçirilir. Prezident İlham Əliyev bununla bağlı xatırladıb ki, ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nu imzalayıblar: “2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qazı çatdırdıq, bu il isə 12 milyard kubmetri hədəfləyirik. Beləliklə, həmin həcm bu il üçün planlaşdırdığımız 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək. Təbii ki, qaz hasilatı və ixracımız artacaq. Çünki biz hasilatı mövcud qaz yataqlarında artıracağıq və gələn illərdə isə yeni yataqlarda təbii qazın hasilatını gözləyirik”.

Daha çox xəbərlər