Cəmiyyət 

Ölümü ilə tarix yazan Kənan

İndi Lənkəranın Girdəni kəndində hamı Kənan Hamil oğlu Axundzadənin adını böyük hörmət və iftixarla çəkir. Bu da səbəbsiz deyil. Azərbaycan xalqının tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan İkinci Qarabağ müharibəsində o, qəhrəmancasına şəhid olub.

Şərəfli ölümü millətinə başucalığı gətirən Kənan Vətənini yaşatmaqla ürəklərdə özünə əzəmətli abidə ucaldıb. Həm də ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, Füzulinin və Xocavəndin azadlığına görə medallar onun qalxdığı zirvəyə daha bir əzəmət qatıb.

Düşmənə nifrət hissi ilə boy atan Kənan Axundzadə 2012-ci ildə kənd orta məktəbi bitirəndə səhhətində yaranmış problemə görə onu əsgərliyə aparmaq istəmirlər. Qaldı ki, Vətən, torpaq sevdalı gənc bununla barışmır. Axı, canına yağı dadanmış yurdunun taleyi onu çox narahat edirdi. Kənan öz üzəridə çalışmaqla sağlamlığını tam bərpa edib yenidən hərbi komissarlığına gedir. Arzusu yerinə yetirilir. Özü də cəbhə bölgəsində, düşmənlə üz-üzə doğma Azərbaycanın keşiyində durur. Vətən yolunda sinəsini hər an sipər etməyə hazır olan cəsur əsgərin nümunəvi xidməti, mərdliyi, dosta sədaqəti, yurd eşqi  həmişə ona hörmət, ehtiram qazandırır. Olduqca vicdanlı, qeyrətli gəncin ürəyində əsas istəyi nəyin bahasına olursa-olsun əzəli yurd yerimiz, cənnət məkan Qarabağı tezliklə mənfur düşmənin tapdağından azad görmək olur. Dığaları döyüş meydanında məhv etmək üçün komandirlərin bütün tapşırıqlarını vaxtında yerinə yetirir, hərbi təlimlərdə fərqlənir. Belə bir vaxtda atası dünyasını dəyişir.  Buna baxmayaraq Vətənini canından əziz tutan Kənanın daxili mənliyi,  iradəsi əsgəri borcunu üzüağ başa vurmasında ona güc verir.

Kənan Axundzadə əsgərlikdən sonra doğma kəndinə qayıdır. Burada hamı ona əsl övlad məhəbbəti göstərir. Ailənin bütün qayğılarını  öz üzərinə götürür. Düz amalı, təmiz əməli ailəyə xeyir-bərəkət gətirir. Gecə-gündüz çalışır ki, anası atasının yoxluğunu hiss etməsin. Ailə vəziyyətini düzəltməklə bərabər, savab əməllərdən qalmır, el-obası üçün dəyərli işlər görür. Evdəki problemləri yola qoyduqdan sonra düşməndən alacağı öcə görə 2020-ci ilin avqust ayında müddətdən artıq hərbi xidmət keçmək məqsədilə yenidən orduya yazılır və məqamı gələndə dığalardan döyüş meydanında uzun illər arzuladığı qisasını alacağına and içir.

İkinci Qarabağ müharibəsi başlanan kimi andına sadiq qalan Kənan Axundzadə bir-birindən ağır, çətin müharibə meydanlarında mərdliklə döyüşür. Hər dəfə erməni dığalarına vurduğu sarsıdıcı zərbələrlə yadda qalır. Qarabağ torpaqların çox hissəsində qələbə bayrağımızı taxanların həmişə önündə gedir. Oktyabrın ayının 30-u başlanan qeyri-bərabər döyüşün ən qızğın vaxtında igid əsgər Kənan səngərdən çıxıb qartal tək düşmənin üstünə şığıyır. Xeyli sayda dığanı o dünyalıq edir. Elə bu an qarşı tərəfdən açılan atəş nəticəsində sağ çiyin nahiyəsindən və sinəsindən güllə yarası alır. Vətənə can borcunu şərəflə ödəməklə əbədiyyət adlı dünyasına qovuşur.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər