Gündəm 

Ulu Öndər Heydər Əliyev ideyaları daim qəlblərdə yaşayacaq

Azərbaycan dili müxtəlif tarixi dövrlərdə rəsmi dövlət dili kimi fəaliyyət göstərsə də, onun bu statusu uzun sürə bilməmişdir. Torpaqlarımıza tez-tez edilən işğalçı yürüşlər, müəyyən tarixi dövrlərdə dövlət müstəqilliyimizin itirilməsi buna imkan verməmişdir. Lakin buna baxmayaraq xalqımız öz milli-mənəvi dəyərlərinə sadiq olduğu qədər, öz milli dilinə də hər zaman yüksək bağlılıq nümayiş etdirmişdir.

Azərbaycan dilinin saflığının qorunub saxlanılmasında və yenidən rəsmi dövlət dili statusu qazanmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri vardır. Ulu Öndər 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin xilaskarı kimi Vətən tariximizə öz silinməz imzasını atdı. Əminliklə deyə bilərik ki, Ümummilli Liderimiz Heydər Əliyevin XX əsrin 70-80-ci illərində yürütdüyü məqsədyönlü dil siyasəti respublikamızda milli özünəqayıdış, milli özünüdərk əzmini kifayət qədər yüksək səviyyəyə qaldırdı.

Sovetlər birliyi dövründə Ulu Öndər Heydər Əliyev bir sıra ziyalıların Azərbaycan dilində çıxış etməyə çəkindiyi bir vaxtda özünün bir çox çıxışlarını doğma dilində etmişdı. Bu Ümummilli Liderimizin öz millətinə və onun dilinə nə qədər bağlı bir rəhbər olmasının göstəricisi idi. Ulu Öndərimizin cəsarəti və qətiyyəti sayəsində 1978-ci ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dövlət dili statusu aldı. Həmin dövr üçün Azərbaycan SSR yerli dilin rəsmi statusa malik olduğu azsaylı respublikalardan biri idi. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə də milli dilimizin inkişafı ilə bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşaraq qeyd edirdi ki, Azərbaycan dili dünyanın ən gözəl dillərindən biridir. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. 30 sentyabr 2002-ci ildə isə Ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olunmuşdu. Bu sənəddə göstərilirdi ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsinin qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Azərbaycan dili yer kürəsində yaşayan təxminən 50 milyon insanın ana dilidir. Bu dilin gözəlliyi və zənginliyi tanınmış dilçi alimlər tərəfindən birmənalı olaraq qəbul edilir. Ulu Öndər Heydər Əliyev dönə-dönə qeyd edirdi ki, hansı xarici ölkədə, dünyanın hər hansı bir yerində yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlı öz ana dilini, öz milli-mənəvi dəyərlərini heç zaman unutmamalıdır.

Əsası Ulu Öndər tərəfindən qoyulmuş milli dil siyasəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham tərəfindən yüksək səviyyədə davam etdirilir. Artıq bu dil qalib bir xalqın nümayəndələrinin ünsiyyət vasitəsidir. Nə qədər ki, Azərbaycan Respublikası var olacaq, Azərbaycan dili yaşayacaq, nə qədər ki, xalqımız var olacaq Heydər Əliyev ideyaları daim qəlblərdə yaşayacaq.

Arifə Abdullayeva,

YAP Sumqayıt şəhər təşkilatında məsləhətçi

Daha çox xəbərlər