Gündəm 

Ulu Öndər Heydər Əliyev və Azərbaycan dili

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon  təşkilatının sədri

Ötən əsrin 70-ci illərində respublikamızın iqtisadi, ictimai-siyasi və mədəni ideoloji həyatında böyük dönüş yaradan Ulu Öndər Heydər Əliyev dil məsələsinə də böyük önəm verirdi. Ölkə başçısı ana dilinin inkişafı ilə əlaqədar fəaliyyətini bir neçə istiqamətdə qururdu. Bunlardan birincisi, heç şübhəsiz ki, Ulu Öndər bu sahədə həmişə şəxsi nümunə olmuşdur. Ümummilli Lider 1970-ci ildə Bakı Dövlət Universitetinin 50 illiyi münasibətilə keçirilən təntənəli yığıncaqda ana dilində çıxış etdi. Dahi rəhbərin ana dilinə verdiyi qiymət, bu dilin inkişafı, yayılması, böyük ictimai-siyasi mövqeyə malik olması üçün gördüyü işlər cəmiyyətdə, milli şüurda həmişə öz təsir gücünü saxlayırdı.Ulu Öndər Heydər Əliyevin qətiyyətli və prinsipial mövqeyi, ciddi səyi nəticəsində keçmiş SSRİ-nin 1978-ci ildə qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu. O zamankı reallıqla belə bir qərarın qəbulu xalqımız üçün kifayət qədər ciddi bir hadisə idi.

Şübhəsiz ki, müstəqilliyin ən mühüm atributlarından biri dil məsələsidir. Müstəqilliyin ilk illərində dövlət dili ilə bağlı fərqli mövqelər ortaya qoyulurdu. Məsələnin ciddiliyini nəzərə alan Ümummilli Lider Heydər Əliyev bununla bağlı müzakirələr keçirir. Xalq 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi. Ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr referendumu ilə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olundu.

Ümummilli Lider Heydər Əliyev dövlət dili probleminin tarixi-fəlsəfi, hüquqi və milli-mənəvi konsepsiyaya əməl olunmaqla həllini tapmaq işinə böyük önəm verdi. Müstəqilliyimizin 10-cu ildönümünə həsr olunmuş mərasimdə Ümummilli Lider demişdir: “Bu on ildə bizim ən böyük nailiyyətlərimizdən biri Azərbaycan dövlət dilinin, ana dilinin hakim olmasıdır. Biz bütün dünyaya nümayiş etdiririk ki, dünyada Azərbaycan xalqı var, Azərbaycan milləti var, Azərbaycan dili var”.Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən Azərbaycanın iqtisadiyyatının inkişafı ilə yanaşı, mənəvi-mədəni həyatını da diqqətindən kənarda qoymamış, bu sahədə də böyük işlər görmüşdür. Onun zəngin təcrübəsi, fitri təşkilatçılıq qabiliyyəti və istedadı, həm Şərq, həm də Qərb dünyasını yaxşı tanıması, mənsub olduğu xalqın mentalitetinə bələd olması respublikanın mənəvi-mədəni iqlimin inkişaf perspektivlərinin dəqiq müəyyənləşdirilməsini təmin edirdi. Məhz bu amillər dilimizin inkişafına, xalqımızın, millətimizin dünyada tanınmasına gətirib çıxaran mühüm amillərdəndir.

Ölkə rəhbəri cənab  İlham Əliyev dahi rəhbərin dil siyasətini də uğurlu davam etdirir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutmuşdur. Bunu ölkə Prezidentinin Azərbaycan dili ilə bağlı silsilə Sərəncam və Fərmanları, eləcə də müxtəlif tədbirlərdəki çıxışları zamanı səsləndirdiyi qiymətli fikirlər sübut edir.

Daha çox xəbərlər