XXI əsrin layihəsi
Yeni Anlaşma Memorandumu Azərbaycan üçün daha çox Avropa ölkəsinə qaz ixrac etmək fürsəti yaratmaqla qitənin enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək
Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması ölkəmizin növbəti tarixi qələbəsidir.
Anlaşma Memorandumu regiona əlavə qaz təchizatı baxımından alternativ marşrutlar üçün çərçivə təmin edəcək. Bu məsələdə Azərbaycanın rolu olduqca böyükdür. Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu növbəti dəfə sübuta yetirdi. Artıq Azərbaycandan Avropa İttifaqına təbii qazın təchiz edilməsinin yeni marşrutu formalaşır. Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya ötürücü sistem operatorları ilə SOCAR arasında Memorandumun imzalanması “Həmrəylik halqası” təşəbbüsünün reallaşması üçün böyük bir addımdır. Bu yeni layihə Cənub Qaz Dəhlizi sayəsində iki ildən də artıq müddət ərzində Avropanın etibarlı və sabit enerji təchizatında strateji rol oynayan ölkədən – Azərbaycandan olan təbii qazın alternativ marşrut vasitəsilə əlavə bazarlara çıxışını təmin edəcək. “Həmrəylik Halqası” təşəbbüsü, həmçinin Cənub Qaz Dəhlizinin genişlənməsi vasitəsilə imkanlar təqdim edir, eyni zamanda, enerji sahəsində Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinə töhfə verir.
Sözügedən Anlaşma Memorandumunun imzalanması mərasimində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycandan Avropaya qazın idxalı məsələsini vurğulayaraq, bu marşrutun Avropa üçün önəmini belə xarakterizə etdi: “Mərkəzi Avropada şaxələnmə məsələsinə gəldikdə ən yaxşı, ən real və ən səmərəli həll yolu qazı Azərbaycandan idxal etməkdir. Buna heç bir şübhəmiz yoxdur. Biz özümüzə, ən azından özümüzə düzünü deməliyik. “Həmrəylik Halqası” olmasa, Avropa maliyyələşməsi olmasa, onda Mərkəzi Avropanın həqiqətən də mərkəzində yerləşən bizlərin Azərbaycandan əhəmiyyətli qaz həcmini almağa heç bir imkanı olmayacaq. Bizə mütləq Türkiyə də lazım olacaq. Mərkəzi Avropanın gələcək enerji təchizatının mühüm bir hissəsini təşkil edəcək Azərbaycandan olan qaz həcminə güvənmək üçün ümid edirik ki, onlar da gələn dəfə təmsil olunaraq razılaşmanın bir hissəsi olacaqlar.”
Anlaşma Memorandumunun icra olunması Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq. Azərbaycan Avropanın nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.
Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. 2021-ci ildə Avropaya 8 milyard kubmetr Azərbaycan qazı çatdırılıb, cari il isə bu rəqəmin 12 milyard kubmetrə çatdırılacağı hədəflənir. Beləliklə, həmin həcm bu il üçün planlaşdırılan 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək. Təbii ki, qaz hasilatı və ixrac artacaq. Çünki ölkəmiz hasilatı mövcud qaz yataqlarında artıracaq və gələn illərdə isə yeni yataqlarda təbii qazın hasilatı gözlənilir. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən Azərbaycan Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırır.
Bu gün təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaş imici qazanıb. Neft-kimya məhsulları və elektrik enerjisi, həmçinin bu ixracın bir hissəsidir. Tam həqiqətdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az müddətdə, 1994-cü ildə müqavilə imzalayıb. Sonradan həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırıldı. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizində nefti hasil və ixrac etmək məqsədilə xarici neft şirkətlərini dəvət etdi. Bir sözlə, bu gün Azərbaycan XXI əsrin layihəsini həyata keçirir və onun miqyası genişlənir.

