Gündəm 

Doğma torpaqlara Böyük Qayıdış

2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Qırx dörd gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Bu gün qırx dörd günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan öz gücü ilə əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış” proqramını uğurla icra edir. Ölkəmizin başçısının azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışı, yenilərinin təməlinin qoyulması, Zəfər yolunun və Qarabağın “hava qapısı” Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, eləcə də 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi doğma torpaqlarımızın dirçəldilməsinin təminatı olub.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri gündən-günə sürətlənir, genişmiqyaslı layihələr uğurla icra olunur. İnfrastruktur xarakterli tədbirlər- su, elektrik, istilik və s. təchizat sahələrində ciddi addımlar atılır. Ötən il işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma istiqamətində irimiqyaslı planların həyata keçirilməsi ölkəmizin başçısının rəhbərliyi ilə doğma torpağımıza, tariximizə dərin bağlılığın göstəricisi, əsl vətənpərvərlik nümunəsidir. Belə ki, ərazilərin minalardan təmizləmə işlərinin aparılması istiqamətində mühüm addımlar atılıb. Mürəkkəb relyefli dağlıq ərazilərdə, xüsilə də Laçın və Kəlbəcər rayonlarının Ermənistanla həmsərhəd olan hissələrində hərbçilərimizin normal xidmət aparması üçün elektrik təssərrüfatının, müasir infrastrukturun yaradılması sahəsində mühüm addımlar atılıb. Təkcə Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Ermənistanla həmsərhəd olan yerlərdə yüzlərlə kilometrə yaxın yol çəkilib. Eyni zamanda, bütün azad edilmiş torpaqlarda bir ildə çoxlu yarımstansiya inşa edilib və bütün bu yarımstansiyalar ümumi dairəvi şəbəkəyə qoşulub.

Hazırda işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılması, vaxtilə mövcud olan magistralların yenidən qurulması və yeni yolların çəkilməsi mühüm əhəmiyyət da­şıyır. Çünki bu sahənin inkişafı şəhər və kəndlərin salınmasını, məskunlaşmanın gerçəkləşdirilməsini sürətləndirir. Bu ərazilərdə nəqliyyat infrastrukturunun formalaşdırılması istiqamətində genişmiqyaslı layihələrin icrasının diqqət mərkəzində saxlanılması, Füzuli-Şuşa yolu, Zəfər yolunun inşası, Füzuli-Hadrut, Füzuli-Horadiz-Cəbrayıl-Ağbənd av­tomobil magistralı, eyni zamanda, Horadizlə Zəngilanı birləşdirəcək dəmir yolu xəttinin tikintisi burada bərpa işlərinə xüsusi önəm verilməsinin bariz ifadəsidir.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib:” “Bütövlükdə deməliyəm ki, azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin Baş planları hazırlandı, təsdiqləndi. Bütün işlər Baş planlar əsasında gedəcək. Eyni zamanda, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb və əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq”.

Daha çox xəbərlər