Xəmiri terrorla yoğrulanların növbəti biabırçı planı
“Nemezis”ə “ucaldılan” abidə hansı məqamlara aydınlıq gətirir?
Ermənistan dünyada yeganə ölkədir ki, faşist müharibə cinayətkarı “general Dro”nu və qatı terrorçu Monte Melkonyanı milli qəhrəman elan edib, onların şərəfinə Yerevanda abidələr qoyulub. Bununla yanaşı, Ermənistanın nasizmi “qəhrəmanlaşdırması”, faşist Qaregin Njdeyə və başqa cinayətkarlara abidə ucaltması faktları hamıya məlumdur. Məsələ ondadır ki, ermənilər çirkin əməllərindən uzaqlaşmaq əvəzinə daha da irəli gedirlər. Aprelin 25-də İrəvan hökuməti paytaxtın mərkəzində terrorçu Daşnaksütyun partiyasının təşəbbüsü ilə Türkiyə və Azərbaycanın siyasilərinə qarşı vəhşi terror əməliyyat sayılan “Nemezis”i təcəssüm etdirən abidə “ucaldıb”. Bu, Ermənistan tərəfindən terrorçuluq siyasətinin təşviq olunması və tarix boyu həyata keçirdiyi terror əməllərinin təbliğatıdır.
“Nemezis” əməliyyatı Daşnaksütyun partiyasının həyata keçirdiyi terror aktıdır. Bu vəhşi terror əməliyyatının elan edilmiş məqsədi qondarma “erməni soyqırımı”nı və guya Bakıda 1918-ci ildə “öldürülən” ermənilərin qisasının alınması sayılırdısa, əsl mahiyyət fərqli idi. Erməni terror təşkilatları bu əməliyyatla Qafqazda yeni tarix səhifəsi açmış insanları, siyasi xadimləri və dövlət xadimlərini qətlə yetirdilər. Qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbərləri var idi. Əməliyyatın adı isə qədim yunan intiqam ilahəsi “Nemezidanın” adından götürülmüşdü…
Ermənistanın növbəti antibəşəri addımını qətiyyətlə pisləyən Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin (XİN) bəyanatında bildirilir ki, ilə Ermənistanda “Nemezis”lə bağlı abidə qoyulmasını pislədi: Azərbaycan Demokratik Respublikası və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatı zamanı Osmanlı dövlətinin rəsmi şəxsləri ilə yanaşı, 1920-1922-ci illərdə Azərbaycanın keçmiş baş naziri Fətəli xan Xoyski, Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev, Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir, Azərbaycanın keçmiş Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetiriliblər.
“Hər kəsə bəllidir ki, Ermənistanda dövlət siyasəti səviyyəsində irəlilədilən terrorçuluq, ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədərək 24 türk diplomatını qətlə yetiriblər. 1980-ci illərin sonundan etibarən Ermənistan Azərbaycana qarşı metro və avtobusların partladılması daxil, 30-a yaxın genişmiqyaslı terrorçuluq aktları törədib, mülki əhali terrorçuların hədəfinə alınıb”, – deyə bəyanatda vurğulanıb.
Azərbaycanlılara qarşı Xocalıda soyqırımının törədilməsində ASALA və onun alt-qolları olan “Arabo” və “Aramo” terrorçu qruplarının yaxından iştirak etdiyinin diqqətə çatdırıldığı bəyanatda o da bildirilir ki, Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyanın Ermənistanda qəhrəmanlaşdırılması, ölkədə nasizmin təbliğinin dövlət siyasətinin tərkib hissəsi olması, SS generalı Njde Qaregin və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın “milli qəhrəman” kimi təbliği, onların adlarının əbədiləşdirilməsi və “Njdeizmin” təbliğatı Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir.
XİN-in bəyanatında Ermənistanın terrorçuluq siyasətinə son qoyulmasının vacibliyi vurğulanmaqla yanaşı, qeyd edilir ki, erməni terrorizmi, ekstremizmi, aqressiv separatizmi və irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinə qarşı birmənalı və ikili standartlardan kənar şəkildə qəti mübarizə aparılmalıdır. “Ermənistanın bu cür addımları, bu ölkənin Azərbaycan və Türkiyə ilə davam edən normallaşma danışıqları ilə bağlı iddia etdiyi “səmimiyyətini” və “xoş iradəsini” ciddi sual altına qoyur. Qeyd edək ki, sülh və barışığa aparan yol сinayət və səhvlərin daha çox tərənnüm edilməsindən deyil, bunların etiraf olunmasından keçir”, – deyə sənəddə bildirilib.
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) də İrəvanda 1920-ci illərin əvvəllərində Osmanlı imperiyasının siyasi və hərbi rəhbərlərinin, eləcə də o dövrün Azərbaycan rəsmilərinin və hətta Osmanlı imperiyasının bəzi erməni əsilli vətəndaşlarının qətlini törədənlərə həsr olunmuş “Nemesis abidəsi”nin açılışını pisləyib: “Bu hadisənin erməni mətbuatında təqdim olunma tərzi də onu göstərir ki, bəzi təfəkkürlərdə hələ də tarixin təhrif olunmuş şərhi var ki, onu qəbul etmək mümkün deyil. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin ruhuna uyğun gəlməyən bu cür təxribatçı addımlar heç bir halda regionda möhkəm və davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə töhfə verməyəcək, əksinə, normallaşma prosesinə mənfi təsir göstərəcək”.
Göründüyü kimi, ermənilər mütəmadi olaraq öz xislətlərinə, xarakterlərinə uyğun terrora əl atırlar. Əlbəttə, düşməndən hər cür dəhşətli cinayəti gözləmək lazımdır. Tarix boyu ermənilərə məxsus təşkilatlar türk diplomatlarına, siyasi-ictimai xadimlərə teraktlar həyata keçiriblər. Həmçinin Dağlıq Qarabağ münaqişəsi boyunca ermənilərin hansı cinayətlərə əl atdıqları, necə vəhşiliklər törətdikləri hamıya məlumdur. 2015-ci ildə Şirak əyalətinin Maralik qəsəbəsində Osmanlı sədrəzəmi Tələt Paşanın qatili Soqomon Teyleryana (Berlində tindən atəş açmaqla öldürülüb, Avropa məhkəməsi isə terrorçu qatilə bəraət verib) belə bir biabırçı, düşük erməni fantaziyasının bəhrəsi olan “abidə” qoyulub. Teyleryanın əlində “böyük erməni yazıçısı və humanisti Avetik İsaakyanın” qisas üçün hədiyyə etdiyi tapança, ayağının altında isə Tələt Paşanın kəsilmiş başı var. İctimaiyyət nümayəndələri Tələt Paşanı xaincəsinə qətlə yetirən terrorçuya heykəl qoyulmasını və nüfuzlu dövlət adamının kəsik başının əks etdirilməsini türk millətinə ən böyük təhqir sayıblar. Onların fikrincə, heykəlin qoyulması türklərə qarşı olan nifrətin daşlaşmış nümunəsi olmaqla yanaşı, eyni zamanda, açıq-aşkar təxribat və terrorizmi təbliğ etməkdir.
2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin birinci turunda qarşılaşan Ermənistan-Türkiyə matçında ermənilər öz çirkin simalarını bir daha nümayiş etdirdilər. Oyuna qədər İrəvan küçələrində Türkiyə və Azərbaycana qarşı təhqirlər səsləndirilməsindən əlavə stadionda erməni “azarkeşlərin” açdıqları nasist pankart diqqəti cəlb edirdi. Azərbaycan və Türkiyə dövlət xadimlərinə qarşı həyata keçirilən terror əməliyyatı – “Nemezis” İrəvan stadionunun əsas “şüar”ına çevrilmişdi. UEFA baş verənləri sadəcə izləməyə üstünlük verdi. Məsələnin əsas məğzi isə açılan pankartın mahiyyəti idi. Azərbaycan və Türkiyə dövlət xadimlərinə qarşı həyata keçirilən terror əməliyyatı – “Nemezis” bu dəfə İrəvan stadionunu “bəzəyirdi”… Bu isə ermənilərin terror zehniyyətindən heç bir zaman əl çəkmədiklərinin bariz göstəricisidir.
Tarix boyu radikal erməni qruplarının istifadə etdiyi terrorçuluğun dövlət səviyyəsində dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalı, bölgədə sülh və əmin-amanlığın təmin edilməsi üçün Ermənistan tərəfindən terrorçuluq siyasətinə son qoyulmalıdır. Erməni terrorizmi, ekstremizmi, aqressiv separatizmi və irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinə qarşı birmənalı və ikili standartlardan kənar şəkildə qəti mübarizə aparılmalıdır. Faktlar əsasında beynəlxalq təşkilatlara müraciət olunmalı, dünya ictimaiyyəti ermənilərin niyyəti ilə bağlı məlumatlandırılmalıdır. Eyni zamanda, ciddi təhlükəsizlik tədbirləri görülməlidir. Ümumiyyətlə, dünya birliyi Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməlidir. Çünki cinayətkar cəzasız qalanda bu addımları davam etdirməsinə imkan yaranır və onu şirnikləndirərək daha böyük cinayətlər törətməsinə rəvac verir. Ona görə də Ermənistan rəhbərliyinin nasizmin qəhrəmanlaşdırılması, hüquqazidd addımları pisləməli, onun qarşısını almalıdır.

